Arif Rəhimzadənin “azərbaycanlılar türk sayılmır” sözləri aranı qatdı
Fazil Mustafa: "Arif Rəhimzadə sanki türk olmaqdan utanır”; Nizami Cəfərov: "Onun fikirləri Rusiyanın zamanında olan mövqeyini əks etdirir”; Dilavər Əzimli: "Bu cür insanların düşüncə tərzləri köhnədir”
"Azərbaycanlılara ”türk" deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır, türklər tamam ayrı millətdir". Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalına müsahibə verərkən dediyi bu ifadələr ölkə ictimaiyyətində böyük qalmaqala, etirazlara səbəb olub. Virtualaz.org xəbər verir ki, deputat müsahibəsində deyib:
"Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini ”müsəlman" adlandırırdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı". Deputat həmçinin bizim türk kimi qələmə verilməyimizi bədbəxtçilik adlandırıb: "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı”.
Deputatın öz milləti haqqında səsləndirdiyi ifadələr öz həmkarları tərəfindən də sərt qarşılanıb. Belə ki, deputat Fazil Mustafa virtualaz.org-a açıqlamasında deyib ki, Arif Rəhimzadənin fikirləri yanlışdır. O qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti türklərdir: "Azərbaycanlı” sadəcə siyasi terminologiyadır, etnik terminologiya deyil:
"Bu yanlış yanaşmadır. Görünür, Arif müəllimin etnologiya ilə bağlı bilgiləri fərqli istiqamətdə formalaşıb. Biz özümüzü türk hesab edirik. Bu ifadə Azərbaycanda yaşayan türklərin milli kimlik haqlarının doğru ifadə olunmamasıdır. Hesab edirəm ki, belə bir ifadəni işlətməklə sanki türk olmaqdan çəkinir, utanır. Biz türkük, əhalimizin çoxu türkdür, Azərbaycanda türklərlə yanaşı başqa azsaylı xalqlar yaşayır. Onların da hüquqularını qorumağa çoxluğu təşkil edın xalq kimi borcluyuq. Buna görə də qətiyyən Arif Rəhimzadənin fikirləri ilə razı deyiləm”.
Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov isə qeyd edib ki, həmkarının fikirləri Rusiyanın zamanında olan mövqeyini əks etdirir:
"İfadə düzgün qoyulmayıb. Biz etnik olaraq türkük. Əslində ermənilər də yaxşı bilirlər ki, biz türkük. Məhz özlərinin qondarma soyqırımının ”intiqamı"nı bizdən türk olduğumuza görə almaq istəyirlər. Onların bizə qarşı yönələn torpaq iddiaları da buna dayanır".
Qeyd edək ki, deputatın mövqeyi ilə bağlı ölkə ziyalıları, tanınmış ictimaiyyət nümayəndələri də öz etirazlarını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli məsələ ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bunları deyib: "Bu cür insanların düşüncə tərzləri köhnədir. Bizim adamların əksəriyyəti ya fars, ya da rus təfəkkürü ilə düşünür. Azərbaycan bir ərazidir, bu adda millət yoxdur, mənsubiyyət var. Biz türkük. Ümumiyyətlə, bizim bədbəxtçiliyimiz ondadır ki, tarixdən başı çıxan da, çıxmayan da belə bir fikirlər irəli sürürlər. Heç olmasa AMEA-nın Tarix İnstitutuna gedib tariximizi oxusunlar".
Qeyd edək ki, mövzu ictimaiyyətdə geniş müzakirələrə, qalmaqala səbəb olduğundan deputat Arif Rəhimzadə sonradan məsələ aydınlıq gətirmək məcburiyyətində qalıb. Deputat ölkə.az saytına açıqlamasında bildirib ki, fikirləri təhrif olunub: "Mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq”.
Xalidə GƏRAY