Mehriban Əliyeva iqtisadi inqilabi dəyişikliklər edə bilər

  • 28 fev 2017, 08:35

Fikrət Yusifov: "Bu, tək sosial sahədə deyil, bütün səviyyədə islahatların daha sürətlə aparılacağına xəbərdarlıqdır”

Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibə verib. Müsahibə hər bazar günü efirə çıxan ”Vesti nedeli" proqramında göstərilib.

Proqramın aparıcısı jurnalist Dmitri Kiselyov qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın 1-ci vitse-prezidenti təyin edilməsi haqqında qərarı məntiqi qəbul ediblər. D.Kiselyov deyib: "Mehriban Əliyeva onsuz da praktiki olaraq ölkənin bütün ictimai və siyasi həyatında iştirak edir, idarəetmə fəaliyyətində zəngin təcrübəyə malikdir. Cəmiyyətdə onun nüfuzu şəksizdir. Mehriban Əliyeva son üç çağırış Azərbaycan parlamentinin deputatıdır, Heydər Əliyev Fonduna müvəffəqiyyətlə başçılıq edir, onun rəhbərliyi ilə 2012-ci ildə Bakıda ”Eurovision" müsabiqəsi parlaq surətdə keçirilib, inişil isə tarixdə ilk dəfə Avropa Oyunları təşkil edilib. Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir".

1-ci vitse-prezident Mehriban Əliyeva proqrama müsahibəsində bildirib ki, yeni vəzifədə prezidentin, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğruldacaq. Mehriban Əliyeva deyib: "Məni Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb”.

Azərbaycanın 1-ci vitse-prezidenti müxbirin "Siz dərhal razılaşdınızmı” sualına cavabında deyib: "Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var”.

Ölkənin 1-ci vitse-prezidenti qeyd edib ki, bu vəzifədə ölkədə sosial problemlərin həlli ilə məşğul olacaq.

Mehriban xanım Əliyevanın bu açıqlaması onu deməyə əsas verirmi ki, ölkədə sosial-iqtisadi islahatlara rəhbərliyi məhz birinci vitse-prezident həyata keçirəcək?

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov "Yeni Müsavat”a bildirdi ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq illərlədir ki, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır, bir sözlə, ölkənin sosial həyatına aid mühüm məsələlərin həllində öz sözünü deyir. Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub. Odur ki, Mehriban xanım Əliyevanın ölkənin 1-ci vitse-prezidenti kimi yüksək vəzifəyə təyinatı və müsahibəsində dediyi həmin fikirlər bundan sonra ölkədə sosial islahatların daha da genişlənəcəyindən xəbər verir: "Hesab edirəm ki, bu, tək sosial sahədə deyil, bütün səviyyədən olan islahatların daha sürətlə aparılacağına bir xəbərdarlıqdır. Kimin bu məsələyə necə münasibət sərgiləməsindən asılı olmayaraq, bu təyinat ən doğru seçimdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə onun sərgilədiyi təşkilatçılıq nümunəsi ən yüksək qiymətə layiqdir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınması istiqamətində Mehriban xanımın gördüyü işlər əvəzsizdir. Onun təşkilatçılıq bacarığı və talantı hər kəsin gözü qarşısındadır. Bu talant sonradan yaranmır, o kiməsə verilir. Elə bu səbəbdən də inanırıq ki, ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar Mehriban xanımın yaxından köməyi ilə daha dinamik bir müstəviyə transformasiya olunacaqdır.

Fikirlərimi Rusiya Federasiyası Federal Məclisinin rəsmi mətbu orqanı olan "Parlamentskaya qazeta”nın 2015-ci il 22 sentyabr tarixli nömrəsində və nüfuzlu "Rossiyskaya Federatsiya seqodnya” jurnalının 18-ci nömrəsində tanınmış jurnalist, rəhbərlik etdiyim "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin Rusiya nümayəndəliyinin rəhbəri tanınmış jurnalist-politoloq Aleksandr Karavayevin "Mehriban Əliyeva qəlbinin siyasəti” başlıqlı məqaləsində əks olunmuş bu sözlərlə tamamlayıram ki, Azərbaycanın sistemli sosial-iqtisadi inkişafında Mehriban Əliyevanın rolunu danmaq və ya diqqətdən kənarda qoymaq olmaz".

Bəzi ekspertlər hesab edir ki, 1-ci vitse-prezident vəzifəsinin siyasi yükü də kifayət qədər böyükdür. Mehriban Əliyevanın müsahibədə sosial problemlərin həlli ilə məşğul olacağını deməklə yanaşı "siyasət-bu yalnız kişi işi deyil” söyləməsi də bundan irəli gəlir.

Bir sıra ekspertlər isə 1-ci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsinin iqtisadi sferada inqilabı dəyişikliklərlə müşayiət olunacağını proqnozlaşdırırlar.

Yayılan xəbərlərə görə, M.Əliyevanın bu posta təyin olunması iqtisadi blokda olan bəzi nazirləri və brokerləri, inhisarçıları həyəcanlandırıb. Hakimiyyətin yeni idarəçilik strategiyasında monopoliyaya yer yoxdur və prezident qəti şəkildə inhisarçılıq siyasətinə nifrət edir. Dövlət başçısının iqtisadi böhrana qarşı imzaladığı fərmanlar və sonuncu gömrüklə bağlı sərəncam da məhz inhisarın qarşısını almağa hesablanıb. Bu situasiyada M.Əliyevanın yeni vəzifəsi məhz monopoliyaya qarşı daha güclü şəkildə səfərbər olmağa imkan yaradır. M.Əliyeva gömrükdə olan monopoliya halları, idxal məhsulları ilə bağlı yaranan problemləri aradan qaldırmaq iqtidarındadır. Bu baxımdan, 1-ci vitse-prezidentlik institutu prezidentin bu və ya digər göstərişlərinin həyata keçirilməsinə nəzarəti gücləndirə, bürokratik əngəlləri aradan qaldıra və proseslərin qat-qat sürətlənməsinə səbəb ola bilər.


Etibar SEYİDAĞA

Oxşar xəbərlər