"Polis etiraz etsə də, sürücü onu videoya çəkə bilər."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun "Qafqazinfo”ya müsahibə verib.
Müsahibəni sizə təqdim edirik.
- Sizin verdiyiniz son açıqlama ciddi müzakirələrə səbəb oldu. Maşınlarda arxa
oturacaqlarda da "avto kreslo”lardan istifadə etməyənlər cərimələnəcəkmi?
- Xeyr. Bunun üçün inzibati qaydada cərimələnmə olmayacaq. Biz Azərbaycanın
Avropaya inteqrasiya etməsindən danışırıq və beynəlxalq hüquqi aktlarda belə
bir tələb var. Mən də xalqını sevən bir insan kimi hesab edirəm ki, bizdə də
belə olmalıdır. Bizim "Yol hərəkəti haqqında” qanunda konkret olaraq
"ön oturacaq” sözü yazıldığından haqlı olaraq sual çıxır ki, bəs arxa
oturacaqlar, bəs uşaq qucaqdadırsa? Bütün bunlara ekspert Ərşad Hüseynov sizin
sayt vasitəsilə cavab verib. Ancaq yenə də qanunda nəzərdə tutulan tənbeh tədbirlərinin
tətbiq olunub-olunmamasından asılı olmayaraq, yol qəza hadisələrində xəsarət dərəcələrinin
azaldılması naminə tövsiyə edirik ki, uşaqlar üçün xüsusi oturacaqlar
olmalıdır. Maşınlarda daşınan uşaqlar sizin övladlarınızdır. Qanunla tənzimlənib-tənzimlənməməsinə
də, təhlükəsizlik baxımından bu tədbirlər görülməlidir.
- Bunun üçün DYP rəhbərliyi qanunda dəyişiklik edilməsi barədə parlamentə təklif
göndərəcək?
- Əgər gələcəkdə zərurət yaranarsa, qanuna dəyişiklik təklif edilə bilər.
- Qarlı havadan sonra avtomobillərin rahat hərəkəti baxımından yolların təmizlənməsi
yol polisini qane edirmi?
- Heç bir problem yoxdur. Səhər saat 4-dən (Müsahibə dünən götürülüb) qış
qarajının bütün işçiləri səfərbər olunub. Bizimlə birlikdə bütün texniki vasitələr
yolları təmizlədi. Bunun nəticəsi olaraq səhər saat 10-a qədər olan məlumata
görə, ağır xəsarətlə nəticələnən qəza olmadı. Sadəcə maddi zərərlə nəticələnən
7 yol qəzası baş verib.
- Son vaxtlar marşrut avtobuslarının qəzalarının sayının azalması nə ilə
bağlıdır?
- Təkcə, ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar deyil,
respublika üzrə ölümlə nəticələnən qəzalar ötən illərə nisbətən xeyli azalıb.
Bu, dövlət yol polisinin məqsədli şəkildə keçirdiyi işlərin və aparılan təbliğatın
nəticəsidir. Artıq ölkəmizdə sürücü piyada münasibətində sürücülər intizamlı
davransalar da, piyadalar indi intizamsız hərəkət edir. Kəmər taxan, sükan
arxasında telefonla danışan sürücülər xeyli azalıb. Sürət həddinin aşılması ilə
bağlı cəzalar 37 faizə qədər azalıb, əvvəlki illərdə bu göstərici daha yüksək
idi.
- YPX əməkdaşlarının sürücünü təhqir etməsi, qanunsuz davranması haqda videolar
yayılan zaman bu məsələnin həlli üçün hansı prosedurlar keçirilir?
- Rəhbərliyimizin hər bir polis əməkdaşına olan gündəlik nəzarəti nəticəsində
belə videolar yayılmasa da, bütün nöqsanlar aşkar olunub müvafiq tədbir
görülür. Təəssüf ki, bəzi nöqsanlar var, bunun aradan qaldırılması üçün də
araşdırma aparılır. Biz hərbçiyik, verilən göstərişlər müzakirə olunmadan icra
olunur, təbii ki, qanunvericiliyin tələbləri çərçibəsində. Yol polisinin atdığı
hər bir addım nəzarət altındadır. Hansısa nöqsan dediyiniz və ya başqa formada
aşkarlanarsa, xidməti yoxlama aparılır və lazımı tədbir görülür. Araşdırmalar
texniki vasitələrin köməyi ilə aparılır, bu zaman sahələr üzrə yerlərləki
aidiyyatı əməkdaşlarımız da buna cəlb olunur. Araşdırmanın nəticəsi rəhbərliyə
məruzə olunur, rəhbərlik də bu nəticə əsasında qərar veri.
- Çox vaxt yol polisi əməkdaşı onu videoya çəkən sürücüyə etiraz edir və çəkilişi
dayandırmasını tələb edir. Biz qanuna uyğun olaraq cavabı bilirik, amma sizin səsləndirməyinizi
istəyirik. Xidmətdə olan YPX əməkdaşını çəkmək olarmı?
- Bütün hərəkətlər qanunverciliklə tənzimlənir. Birmənalı olaraq vətəndaşların
arzusu ilə bu yerinə yetirilir. Polis etiraz etsə də, sürücü onu videoya çəkə
bilər. Bizim əməkdaşlarımızın üzərində daim səsyazan qurğu olur. Bu hansı ölkədə
var? Yalnız bizdə belədi. Çünki şəffaflıq olsun, sabah hər hansı narahatlıq
yarananda sübut kimi də istifadə edilsin. Həmçinin də YPX avtomobilində kamera
var və daim çəkiliş aparılır. Gün ərzində 25-30 ərizə şikayət daxil olur,
onların 20-də səsyazmanı təqdim edən kimi şikayətçi geri çəkilir.
- Dediyiniz kimi yol polisində müsbət dəyişikliklər baş verməsinə baxmayaraq,
YPX əməkdaşlarının daima tənqid hədəfi olmasının səbəbi nədir?
- Cinayətkar polisi sevmədiyi kimi, intizamsız sürücülər də yol polisini
sevmirlər. Bundan başqa bizim mental xüsusiyyətimiz var. Bəzilərimiz məsuliyyətə
cəlb edilməni qəbul etmirik, inzibati qaydada cərimə ödəmək istəməməyimiz bizi
polisə qarşı qoyur. "Mənim polisim məni qoruyur” devizinə inananlar cəmiyyətin
əksəriyyətini təşkil edir. Polisə qarşı aqressiv münasibət bəsləyənlər polis tərəfindən
inzibati məsuliyyətə cəlb edilənlərdən biridir, yaxud da polisin mövqeyinə xələl
gətirmək istəyən şəxslərdir. Mən də çalışıram ki, polisi sevməyən o adamlar
sevsinlər.
- Bir dəfə sizin xidməti maşınla piyada xəttinin üzərində "parkovka” etməyinizin
fotosu yayılmışdı. Xidməti maşınla cərimələnmisiz?
- Xeyr, olmayıb. Mən üzdə olduğumdan hər kəs səhv tapıb məni da qara siyahıya
salmaq istəyirlər. Qanuna görə hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinə
zərurət yarandıqda qanunu pozmağa icazə verilir.
- Bəs şəxsi maşınınızla qaydanı pozub cərimələnmisiz?
- Olub. İki il əvvəl şəxsi maşınımla sürət həddini aşdığım üçün "radar”a
düşdüm. Dərhal cəriməni ödəyib bu halı ictimailəşdirdim, vətəndaşlarımız da
görsün ki, polis də qayda pozanda cərimələnir. Amma onu da deyim ki, biz yol
polisləri başqa vətəndaşlardan fərqli olaraq şəhərin hansı nöqtəsində yerləşdiyini
bilirik və çalışırıq elə hərəkət edək ki, kameraya düşməyək.
- Kameralar texniki avadanlıqdı, onlar Vaqif Əsədovu tanımır. Məhz hansısa
polis əməkdaşı sizi saxlayıb protokol yazıbmı?
- Bu da olub. 2015-ci ildə mülki geyimdə şəxsi maşınımla Kürdəmir istiqamətində
gedirdim. Qaradağ postunda saxlanıldım. Təhlükəsizlik kəmərini bağlamamışdım və
maşının sığortasının vaxtı bitmişdi. Polis əməkdaşı sənədlərimi alıb protokol tərtib
edib məni cərimələdi. Bu, doğrudan da mənim xoşuma gəldi. Bu cür cəzalanmağıma
görə çalışıram ki, özümə arxayın olub belə xətalar törətməməklə ailə büdcəmə
kömək olum. Mənim tələbə qızım da cərimələnib, onu da məcbur etmişəm ki, öz
"stipendiya”sından cəriməni ödəyib. Ondan sonra qayda pozmayıb.
- Bəs yol polislərinə "generalın bacısı oğluyam” deyənlərə güzəşt
edilirmi?
- Etiraf edirəm ki, belə hallar əvvəl olub. Bu gün isə dosta zənglər, bu cür
ifadələrə vətəndaşı məsuliyyətdan azad etmir.
- Bəs jurnalistlərin bu tip xahişləri necə nəticələnir?
- Təbii ki, jurnalistlərin də belə xahişləri olur. Mən də çalışıram kömək edim.
Mənim də onlara bəzi sahələrdə işim düşür. Məsələn, "Qafqazinfo”da bir
yazı yayımlanır, onun sərlövhəsi yaxşı reaksiya verməyəndə onun redaktə edilməsini
xahiş edirəm. Amma son vaxtlar jurnalistlərdən gələn zənglər azalıb.
- Piyadaların vurulması və cərimələnməsi də azalıb?
- Təcili olaraq həyəcan siqnalı verilməli olan məsələlərdən biri də piyadalarla
bağlıdır. 2015-ci ildə piyada vurulması ümumi qəzaların 51 faizini təşkil
edirdi, 2016-da bu rəqəm 60 oldu. Eyni zamanda, 2016-cı ildə 138 min piyada cərimələnib
ki, bu da ötən ilkindən xeyli çoxdur. Piyadalar keçidlərdən istifadə etmirlər,
qəzaların bir neçəsi elə keçidin yaxınlığında baş verir. Bir çox piyadalar var
ki, yol hərəkəti qaydasını pozduğu üçün cərimələnsə də, ödəniş etmir. Biz artıq
2017-ci ildən qanuna uyğun olaraq icra olunması üçün işi məhkəmələrə göndərəcəyik.
İcra məmurlarının hansı qərar verməsi onların səlahiyyətində olacaq. İş yerlərinə,
təhsil aldıqları müəssisələrə yazmaqla, sərhəddən çıxarkən cərimənin ödətdirilməsinin
təmin edilməsi ilə bu məsələni həll etməyə çalışacağıq. Hesab edirəm ki, bu
yolla 2017-ci ilin sonunda cərimə ödəməyən piyada qalmayacaq.
- Bir neçə dəfə radarlarda səhv tutan məlumatlar yayılıb. Həqiqətən səhvlər
olurmu?
- Bu texniki avadanlıqların 0,1 faiz səhv etmə ehtimalı var və əvvəlcədən qəbul
edilmiş göstəricidir. Bunu faciə kimi yol polisinin ayağına yazmaq, ictimailəşdirmək
lazım deyil. Sürücü müraciət etsin, araşdırılıb müəyyən olunsun. Bəzən hava
qaranlıq olur və ya nömrə çirkli olur, kamera 3-ü 8 kimi görür. Bunlar mexaniki
səhvlərdir.
- Sürücülərin elektron kabineti yaradıldıqdan sonra yeni bir problem ortaya
çıxdı. Əvvəlki illərdə yazılan protokollar hansısa səbəbdən ünvanına çatmayıb.
Həmin cəzalar bu gün hamısı bir yerdə sürücünün elektron kabinetinə yerləşdirilib
və ödənilməsi tələb olunur. Sürücülər bu cərimələri ödəməlidirlər yoxsa müəyyən
bir müddət sonra ödənilməyən cərimələrə xitam verilmə hal var?
- Bəzən poçtalyonlara görə yaxud kiminsə qeydiyyat yerini dəyişməsinə görə cərimə
məktubları ünvana çatdırılmır. Bu cərimələr daim adına tərtib olundğu şəxsin üzərindədir
və ödənilməlidir.
- Xidməti maşınınızın nömrəsi "333”lə bitir. Bunu özünüz seçmisiz yoxsa təsadüfdür?
- Əslində ratsiyam da, şəhər telefonum da, mobil telefonumda "33-33”dür. Nədənsə,
bu rəqəm məndən əl çəkmir. Bundan əvvəl mənim xidməti maşınımın nömrəsi
"313” idi. Sonra həmin maşın yolda xidmətə verildi. Mən də şəhər polisinə
verilən nömrələrin içindən "333”-ü seçdim. 2007-ci ildən bu "3”lər mənə
düşür deyə belə davam edirəm. Şəxsi maşınım olan "Çeşka”nın da nömrəsi
"013”dür.