“Ziya Məmmədov çoxdan getməli idi”
- 13 fev 2017, 19:58
"Zaman-zaman bu nazirlikdə
müəyyən qüsurların olmasını dilə gətirirdik. Özbaşınalıqlar və
çatışmazlıqlardan danışırdıq”
Bunu açıqlamasında millət vəkili Çingiz Qənizadə Nəqliyyat Nazirliyinin Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə münasibət bildirərkən
deyib. Onun sözlərinə görə, bu təcrübə dünyada da var: "Ona görə də sərəncamı
müsbət dəyərləndirirəm. Eyni zamanda yeni gənc kadrların işə cəlb edilməsi müsbət
haldır. Əvvəlki təcrübələrdə insanların narazılığına, tənqidinə səbəb olan
neqativ halların çoxluğu ilə müşayiət olunan məsələlər indi yoxdur. Gənc
kadrlar daha islahatçı və yenilikçi olur. Ramin Quluzadənin iki quruma rəhbər təyin
olunması bu sahədə olan nöqsanların aradan qaldırılması ilə yanaşı ölkənin büdcəsinə
də dividend gətirəcək”.
Millət vəkili deyib ki, birləşdirilmiş nazirliyin müəyyən strukturları işləyəcək:
"Çünki yaranmış yeni nazirliyin adında da nəqliyyat sözü var. Ola bilsin ki, bəzi
şöbələr ləğv edilsin. Struktur dəyişikliyi zamanı hardasa 50-100 nəfərin
işsizliyinə görə islahatları dəstəkləməsək bu da başa düşülən olmaz. Vaxtilə bu
nazirlikdə paralel, lazımsız şöbələr fəaliyyət göstərirdi. Burada işləyənlərin
çoxu da qohum-əqrəbadan formalaşırdı. Ona görə də neqativ məqamlara cəmiyyətdə
etiraz var idi. Hesab edirəm ki, Ziya Məmmədov çoxdan getməli idi. Bu qəbildən
olan başqa qurumların da rəhbərləri var. Amma bu məsələ cənab prezidentin səlahiyyətinə
aid olduğuna görə biz onu sərəncamını gözləyirdik”. (Qafqazinfo)
