"HEYDƏR ƏLİYEV HALAL YOLLA SEÇİLMƏMİŞDİ" Deputat ulu öndəri nələrdə ittiham edib?

  • 11 fev 2017, 14:55

"Demokratik.Az" bildirir ki, siyasi elitada oturuşan məşhurların hər sözünə, hər fikrinə cəmiyyətdə maraq var. Bəzən hansısa fikir və mülahizələr zamanın gur axışında da yaddaqalan olur. Suallar doğurur, gələcəkdə isə çox vaxt özünün aktuallığını itirir. Bəzən isə, dünən dediyi fikirlər kimlərinsə öz dilindən səhv kimi xarakterizə olunur. Deputat Fazil Mustafanın 23 dekabr 2003-cü ildə "Yeni Müsavat" qəzetinə müsahibəsindəki fikirləri də cəmiyyətdə haqlı suallara məhkumluq yaşayır. Görəsən, o bu gün də eyniməzmunlu müsahibə ilə çıxış edərdimi? Müsahibəni təqdim edirik:

"Fazil Qəzənfəroğlu: "Heydər Əliyev şəxsiyyətcə natamam insanların fenomenal sistemini yaradıb"

Dekabrın 26-da Böyük Quruluş Partiyasının I (təsis) qurultayı keçiriləcək. Qeyd edək ki, bu, 15 oktyabr seçkilərindən sonra Azərbaycan siyasətində ilk rəsmi siyasi toplantıdır. BQP-nın Təşkilat Komitəsinin sədri Fazil Qəzənfəroğlu cəmiyyətə yeni nəzəriyyəyə söykənən partiya təqdim edəcəklərini deyir...

 - Heydər Əliyevin ölümü Azərbaycanda gedən siyasi proseslərə sizin dediyiniz yeni münasibətlər sisteminin yaranmasına nə dərəcədə təsir edə bilər?

- Hər halda, böyük təsiri olacaq. Çünki Heydər Əliyev son 10 ildə Azərbaycan dövlətinin feodal ənənələrinin formalaşmasında müstəsna rolu olan simalardan biridir. O, şəxsiyyət natamamlığı olan insanların idarə olunmasının fenomenal bir sistemini yaradıb. Amma öz şəxsiyyət bütövlüyünü tanıyan, insan komleksini tam görmək istəyənlər üçün Heydər Əliyev sistemi məhdudlaşdırıcı, boğucu sistem kimi qəbul olunub. Azərbaycanın gələcəyi isə azad düşünən, şəxsiyyətinin bütövlüyünü dərk edə bilən insanların cəmiyyəti olmalıdır. Ona görə də Heydər Əliyevin ölümü ilə bu sistemin ən azı dirijoru ortadan gedib. Orkestrdə bütün çalğılar, çalğıçılar var. Amma simfoniyanı uzun müddət drijorsuz ifa etmək çətin məsələdir. Ona görə də hesab edirəm ki, orkestrin digər üzvləri də müasir dünyann tələblərinə uyğun şəkildə özlərini dəyişməyə məhkumdurlar. Bunu yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar.

- Yeni mərhələyə keçid üçün iqtidar-müxalifət dialoqunun zəruliliyi barədə fikirlər səslənir. Sizin bu fikirlərə münasibtiniz necədir?

-  Bilirsiniz, dialoq anlayışının özünə də baxış fərqlidir. Cəmiyyətdə dialoqdan öncə ictimai münasibətlərin  normal tənzimlənməsi baş verməlidir. Heydər Əliyev bu ölkədə həmin hüququ ortadan qaldırıb. Heç bir insanın, hətta bu gün hakimiyyətdə olan ən imkanlı şəxsin də sabah hər hansı şəkildə mülkiyyətinin dağılmasına qərar verilsə, onu qoruyacaq mexanizm yoxdur. Bunu hansı məhkəmədə qorymaq mümkündür ki? Hüquq olmayan cəmiyyətdə dialoq olmur. Birinci o hüququ bərpa etmək, insan münasibətləri formalaşdırmaq lazımdır. Müxtəlif düşərgələrdə olan insanlar bir-birinin yasına, toyuna gedə bilmirlər. Heydər Əliyev bu münasibətləri zədələyib. Ona görər də yeni mərhələdə insanı münasibətlərinin bərpa olunması öz həllini tapmalı, ondan sonra isə seçki müstəvisində dialoq olmalıdır. Yoxsa mən hakimiyyəti götürmüşəm, gəl mənə sözün de, çıx get, bununla dialoq anlaşma olmur. Növbəti seçki müstəvisində anlaşma olmalıdır. Anlamaq lazımdır ki, bircə demokratik seçkidən dialoq başlanır. Ən azı bilirəm ki, məsələn, parlament müstəvisində dialoq oldu, hakimiyyət demokratik dəyərlərin icrasına məhkum ediləcək. Amma islahatçı kimi özü bunu başlasa, onların daha çox faydasına olacaq. Çünki indiki vəziyyətdə ən çox qazanan onlardı, onların itirəcəyi də bizdən daha çoxdur. Mən o baxımdan seçki müstəvisində dialoqun başlanmasının tərəfdarıyam.

- Müxalifət liderlərinin Heydər Əliyevin dəfn mərasiminə qartılmamasını insani münasibətlərin zədələnməsinin başlıca təzahüründən biri saymaq olarmı?

- Yox, elə hesab eləmirəm. Çünki mən şəxsən elə düşünürəm ki, insan rəhmətə gedibsə, hamı onun ailəsinə baş sağlığı verməyi öz borcu hesab etməlidir. Düşmən kimi qəbul etdiyin adam olarsa belə, ona başsağlığı verməli, hüzrdə iştirak etməlisən. Amma Heydər Əlieyin dəfni bir qədər fərqli məsələdir. O, insanlara, müxalifətə yaxınlıq yarada biləcək mühit yaratmayıb. Bir insan kimi Heydərt Əliyevə münasibətdə çox neqativ məsələlər ortaya çıxıb. Məsələn, Ayaz Mütəllibovun atası rəhmətə gedib, Heydər Əliyev özü xahiş edib onun Bakıya gəlməsinə şərait yaratmalı idi. Amma nəinki bunu etmədi, üstəlik, onun Bakıya gəlməsinə imkan vermədi. Dövlət başçısı kimi yanaşanda isə o, halal yolla seçilməmişdi. Halal yolla seçilən dövlət başçısı olsaydı, hətta onu istəməyənlər də dəfndə iştirak edib, ona xüsusi sayğı göstərərdilər. Heydər Əliyev bir qrupun, tayfanın liderinə çevrilib. Ona görə də məsələ ilə bağlı ziddiyyət burdan yaranır. Müxalifət liderlərinə qarşı olan hörmətsizlik, onların şəxsiyyətinin alçaldılması ənənəsini məhz Heydər Əlieyv qoyub. Amma buna baxmayaraq, müxalifət də kompleksləri aşıb, müəyyən addım atmalıdır, vəfat edən insanla bağlı başsağlığı vermək olar. Onlar bir çadır qursaydılar, hamı ora gəlib başsağlığı versəydi, bu, başqa məsələ olardı. İndi elə bir vəziyyət yaradıblar ki, gəlin, Heydər Əliyevin qəbrinin qarşısında baş əyib keçin. Yaxud kamera qoyublar ki görək kim keçir, kim keçmir. İnsanları bununla qorxu altında saxlayırlar. Seçkilərdə də kameralarını seçki qutusu olan yerə tuşlamışdılar. 15 oktyabrda "seçki karuseli”ndən istifadə edirdilər. İndi "dəfn karuseli” qurublar. Heydər Əliyevin dəfni zamanı da onun Azərbaycan cəmiyyətindən kənarlaşdırmaq yolu ilə getdilər. Bu, olduqca təhlükəlidir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin içində Heydər Əliyevə münasibət dəyişmədi. Siz ona baxmayın ki, insanlar bir dəfə papaqlı, bir dəfə papaqlarını çıxarıb, gah bığlı, gah bığsız Fəxri Xiyabandan keçirlər. Bununla həm də çox insanın gəldiyini sübut etmək istəyirlər. Amma mənə elə gəlir ki, müxalifət bu məqamda kifayət qədər ləyaqətli mövqe nümayiş etdirdi. Əksəriyyət onu sevənlərə ailə üzvlərinə başsağlığı verdi".   

"Yeni Müsavat”,  №340 (2267) 23 dekabr 2003

"Demokratik.Az"

Oxşar xəbərlər