Mikayıl Cabbarovdan müəllimlərə təbrik - “Müəllim o şəxsdir ki…”

  • 03 okt 2014, 19:59

Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, nazir təbrikini facebook səhifəsində yazıb.



"Əziz müəllimlər, sizi bayram münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.

Müəllim, ulu öndərimizin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Biz hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik. Bu bir missiyadır.

Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllimlər. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.

Azərbaycanın yeni təhsil fəlsəfəsinin də əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.

Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.

Bu günlərdə, həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına qəbul imtahanlarında 500 və daha artıq bal toplayan 300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb. Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik.