Pərviz Həşimli: “Azərbaycan dövlətinin cəza icra siyasəti çox ağırdır”

  • 18 dek 2016, 12:29

"Ölkənin cəzaçəkmə müəssisələrində məhkumların sayı durmadan artır.  Hətta müəssisələrin anbarları belə ləğv olunaraq "barak”lara çevrilir. Bu gün ölkəmizdə heç bir cinayət törətməyib həbs həyatı yaşayanlarla bərabər törətdiyi əmələ görə qeyri-adekvat cəza alanların da sayı çoxdur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu Pərviz Həşimli Penitensiar Xİdmətin rəis müavini Hüseyn Əlixanovun cəzaçəkmə müəssisələrinin sayının artırılması, hebabelə, dövlətin cəza icra siyasəti ilə bağlı söylədiklərinə münasibətində ifadə edib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin inşası barədə deyilənlər real deyil: "Cənub bölgəsində 2 ildir ki, yeni müəssisələr inşa olunub. Neftin qiymətinin enməsi, ölkə iqtisadiyyatında yaranan böhran səbəbindən həmin müəssisələrə yeni əməkdaşlar götürmək mümkün olmadığından açılışı da baş tutmayıb. Bu gün təkcə 13 saylı cəzaçəkmə müəssisəsində Cənub bölgəsindən 500-yə yaxın məhkum cəza çəkir. Bu müəssisə 600 nəfər üçün nəzərdə tutulsa da orada saxlanılanların sayı 1300-ə  çatıb”.

 

Pərviz Həşimlinin sözlərinə görə, qanunvericilikdə cəzadan vaxtından əvvəl azad edilmənin mümkünlüyü göstərilsə də ancaq praktikada buna əməl edilmir. "Özəlliklə prokurorluq məhkəmələrlə bu məsələdə razılaşmır. Cəzasının üçdə ikisini, yaxud da dörddə üçünü çəkən şəxslər bəzən son günlərinə qədər həbsdə saxlayırlar.

Həmçinin, qanunvericilikdə məhkumların ailə üzvlərinin toy və yas məclislərində iştirakı üçün 3 gündən 7 günə qədər məzuniyyət hüququ nəzərdə tutulur.  Buna istisna hallarda imkan verilib ki, o da siyasi məhbuslarla bağlı olub. Halbuki, ağır cinayət törətməyən məhkumların bu hüququ tanınmalıdır. Bu gün molla rejimi adlandırdığımız İranda məhkumlar hər ay evlərinə gedə bilir. Azərbaycan həbsxanalarında bu, məhkum üçün xəyal kimi görünür. Azərbaycan dövlətinin cəza icra siyasəti çox ağırdır”.

Pərviz Həşimli həmçinin, "ömürlüklərin” məsələsində dövlətin humanistlik göstərməsinin vacibliyini qeyd edib: "Həbsxana həyatı yaşadığımdan bu barədə müəyyən bilgilərim oldu. Ölkə başçısı humanistlik göstərib, Surət Hüseynovu kimi ağır cinayət törədən bir şəxsi azadlığa buraxdı. Ancaq bu gün Surət Hüseynova görə, həbsxanada ömürlük cəza çəkən insanlar var. Onlar az qala 20 ildir ki, bu həyatı yaşayırlar. Onların əksəriyyəti Qarabağ müharibəsində döyüşüblər.  Aralarında eləsi var ki, Rusiyadan könüllü olaraq, döyüşmək üçün Azərbaycana gəlib. Bu insanları bağışlamaq lazımdır. Artıq o insanlar gənc deyil, valideynləri yaşlanıb, dünyadan köçüblər. Ziyarətlərinə gələcək kimsələri belə yoxdur. Müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Avropa Penitensiar Qaydalarını tətbiq edə bilmirik. Azərbaycana gələn xaricilərə Kürdəxanıdakı təcridxananı göstərmək uğur deyil”.

Məhkumların qida təminatında ciddi problemlər olduğunu vurğulayan Pərviz Həşimli hesab edir ki, dövlətin yükünü azaltmaq üçün ən azı 10 min məhkum həbsxanalardan azad edilməlidir: "Həbsxanalarda aclıqdır. Nazirlər Kabinetinin qərarıyla nəzərdə tutulan ərzaqların 20 faizi belə məhkumlara çatmır. Bəzən kartof, soğanı rəislərin boynuna qoyurlar.    Kimin arxasında doğması gəlmirsə, həmin şəxs bir neçə aya ağır xəstəliklərə yoluxur.

Məhkumların həmçinin, tibbi xidməti acınacaqlıdır. Rüşvət və korrupsiya tibbi xidmətii elə duruma salıb ki, bunun nəticəsində həbsxanalarda hepatit, QİÇS xəstələrinin sayı durmadan artır. İşgəncələr də hər kəsə bəllidir”.

Anar Cəfərli

Oxşar xəbərlər