Yəhudi deputat sərt danışdı “Büdcədən haram əllərinizi çəkin!”

  • 07 dek 2016, 19:14

Deputat Yevda Abramov Milli Məclisin bu gün keçirilən iclasında sərt çıxış edib.

 

Demokratik.Az-ın məlumatına görə, millət vəkili çıxışında müzakirəsi abarılan büdcə zərfindən narazılığını ifadə edib, məmurlatı tənqid atəşinə tutub: "Mən həmişə Milli Məclisin tribunasından xalqın dərdini dilə gətirmişəm. Kimisə tənqid etmişəmsə, bu şəxsi qərəzlə bağlı olmayıb. Birinci Tarif Şurası ilə bağlı demək istəyirəm. Bu şura hansı arqumentləri əsas götürüb işığın, qazın qiymətini qaldırır? Heç olmasa, onu qaldıranlar bunun səbəbini izah etsin. Mən bu artımla heç razı deyiləm. Mən iqtisadçı deputat deyiləm, amma 12 il sərasər büdcə haqqında fikirlərimi deyirəm. Orada heç olmasa, bir millət vəkili təmsil olunmalı deyilmi? Bəlkə orda bizim bir deputat olmalıdır ki, qərar veriləndən sonra onu əsaslandıran arqumentləri bizə çatdırsın. Mən bu artımla razı deyiləm. Orda faizlər gösrtərilib ki, qiymət artımı 62 və 72 faiz əhaliyə təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm yoxsulluq faizidir, bu da prezidentin siyasi kursuna ziddir. Çünki cənab prezident hər dəfə çıxışında deyir ki, yoxsulluq rəqəmləri aşağı düşüb. Bu rəqəmlərsə göstərir ki, əhalinin yoxsulluq faizi çoxdur. Bu rəqəm cənab prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir.

 

İndi "300 milyon əlavə olunacaq” deyirlər. Düzdür o pulu tapmaq olar, böyük rəqəm deyil. Bu pulu komitə və nazirliklərdən dotasiya şəklində də götürmək olar. Kvotanı ikiqat artırmaq olar. Yığım faizini çoxaltmaqla bu bəladan qurtulmaq olar. Qaz və işıqla bağlı qərar elə bir zamanda qəbul olunub ki, bu gün Qubaya 20 sm qar yağıb. Şaxta 10-12 dərəcədir.

 

Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı çətinliyə salmaq düzgün deyil. Xalq referendumun təsiri altında yaşayır.

 

Xalq referenduma deyil, prezidentə səs verdi. Qubada və digər regionlarda cənab prezidentə necə bir sevginin olduğunun mən şahidi oldum. Oqtay müəllim, bu sadəcə referendum deyildi, prezidentin yenidən seçilməsi idi. Amma məmurlarımız belə ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünürlər? Mən buna tam şübhə ilə baxıram”.

 

Deputat məmurlara üzünü tutaraq deyib ki, büdcədən haram əllərini çəkmələrinin vaxtıdır: "Deyirəm, büdcəmizdən haram əllər kəsilsin, haram gözlər kor olsun. Amma nə xeyri? Danışmamaq olmur, danışanda da bəzi insanlar incik düşür. Amma burda susub oturmaq da olmur axı! Mən bu gün büdcədən rayonum üçün nə pul istəyirəm, nə də heç nə. Amma elə şey var ki, məmurdan çox şey asılıdır. Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev... Qonaqkənddə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobandan soruşursan ki, bunlar kimindir. Nazirlərin adına kimi deyir. Mən indi burada ad çəkmək istəmirəm”.





Oxşar xəbərlər