Xəbər lenti
Bütün xəbərlər

“Biz bilməliyik ki, Kərbəla, Məşhəd ziyarətini hansı niyyətlə təşkil edirlər”

  • 25 noy 2016, 13:21
"Biz bilməliyik ki, Kərbəlaya, Məşhədə ziyarətləri hansı təşkilatlar, kimlər, hansı məqsəd və niyyətlə təşkil edir. Azərbaycanda Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil. Ancaq bu səfərlərin təşkili tənzimlənməlidir”.
 
Modern.az-ın xəbərinə görə, bu sözləri Kərbəlaya ziyarətə gedən 500-ə qədər azərbaycanlının İraq-İran sərhədində problemlə üzləşməsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
Komitə sədri bildirib ki, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var:
 
"Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər”.
 
Mübariz Qurbanlı söyləyib ki, İrana, İraqa getmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində problemlə üzləşmirlər:
 
"Viza məsələsində hər hansı problemlə qarşılaşmırlar. Səudiyyə Ərəbistanında konkret viza sistemi var. Amma İrana viza sistemi olmadan bu cür ziyarətlər təşkil edirlər. Biz bu məsələləri araşdırırıq. Bəzi qurumlara bununla bağlı təkliflərimizi də vermişik. Hesab edirik ki, kollektiv şəkildə hansısa qrupları dini ziyarətə aparan şirkətlərə sərhəd-keçid məntəqələrində diqqət yetirilməlidir. Bu şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalıdır. Bu ziyarətləri kimlərin təşkil etməsi, kimlərin ziyarətə getməsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir”.
 
Hökumət rəsmisi vurğulayıb ki, dövlət Kərbəlaya ziyarətə hər hansı qadağa qoymaq niyyətində deyil:
 
"Ziyarətlər üçün tam azad, sərbəst şərait yaradılıb. Ancaq ziyarətlərin təşkilində bir nizam-intizam olmalıdır”
 
Demokratik.Az
Oxşar xəbərlər