Əli Abbasov ayda 300 min manat xərcləməsi barədə məlumatları təkzib elədi

  • 21 noy 2016, 20:50
Sabiq Rabitə və Yüksək Texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirib. 

unikal.org-un məlumatına görə, Əli Abbasov deyib ki, ümumiyyətlə, belə bir ifadə verməyib. Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaq zamanı verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır: "Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəsislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirilib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".

Qeyd edək ki, noyabrın 16-da Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadəsi açıqlanmışdı. APA-nın əldə etdiyi məlumata görə iş üzrə şahid qismində dindirilən Əli Abbasov deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan təşkilatlardan özünün ümumi məlumatı əsasında aylıq olaraq vəsaitlər toplanılıb.
"Həmin vəsaitlər Vidadi Zeynalovun həmin struktur qurumların rəhbərləri ilə öz aralarında müəyyənləşdirdikləri və razılaşdırdıqları qaydada paylanılıb və digər xərclərə yönəldilib.
Bununla bağlı mütəmadi olaraq Vidadi Zeynalovun ümumi hesabatını qəbul edib. Bəzi hallarda həmin struktur qurumların rəhbərləri özləri ona şəxsən məlumat veriblər. Vidadi Zeynalova hansı qurumdan nə qədər vəsait alması barədə göstəriş verməyib, yalnız nazirliyin ümumi xərclərinin tənzimlənməsini tapşırıb.

Sonuncu hesabatlarında toplanmış vəsaitlərin ümumi miqdarı və kimlərə paylandığını bildirsə də, konkret olaraq kimə hansı miqdarda vəsait verilməsini bilməyib. Sabiq nazir özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib. Bundan əlavə nazir müavinlərinə əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat pul verilib. Bundan başqa, nazirliyin digər əməkdaşlarına da maddi ehtiyaclarını ödəmək üçün pullar verilib. Bayram şənliklərinin və digər mədəni-kütləvi tədbirlərin keçirilməsinə də vəsait xərclənib” – deyə məlimatda qeyd edilirdi.
Oxşar xəbərlər