Xəbər lenti
Bütün xəbərlər

Siyavuş Novruzov Rövnəq Abdullayevi niyə təkzib elədi?

  • 09 noy 2016, 13:45
Ötən ilin ən yaddaqalan hadisələrindən biri , ilahiyyatçı Hacı Taleh Bağırzadənin həbsi oldu. Ardınca "Nardaran hadisələri" özünün pik həddinə çatdı, dini "alov" söndürüldü. Lakin ilahiyyatçının son çıxışlarında Azərbaycanın Gürcüstana pulsuz qaz verməsi, qonşu ölkədə olan 440-a yaxın kilsə, məbəd və məscidlərin pulsuz qazla təminatı diqqətçəkən məqam oldu. Taleh Bağırzadənin dedikləri isə ARDNŞ prezidenti cənab Rövnəq Abdullayevin ötən ilin noyabrında ANS -in "Hesabat" verilişinə müsahibəsinə əsaslanırdı. Dünən düşündürücü olay baş verdi. Millət vəkili ,YAP funksioneri Siyavuş Novruzov Sokar şefinin dediklərini təkzib elədi:"Güzəşt yoxdur. Azərbaycan Gürcüstana qaz satır, Gürcüstan da onu hara satır, ya pay verirsə, bu, artıq həmin ölkənin öz işidir".

Demokratik.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Musavat.com saytına müsahibəsində deyib.

"Qəti şəkildə! Azərbaycan qarşılıqlı müqaviləyə uyğun olaraq, Gürcüstana qaz satır və bunun qarşılığında da Gürcüstan ölkəmizin büdcəsinə vəsait ödəyir. Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq”, - deyən Siyavuş Novruzov sanki bu açıqlaması ilə Rövnəq Abdullayevin cavabdeh və səlahiyyətli şəxs olaraq hansı ölkəyə hansı şərtlərlə qazın verilməsindən xəbərsiz olduğunu dilə gətirib. Əgər belədirsə, bu bixəbər Socar prezidenti təcili olaraq vəzifəsindən uzaqlaşdırılmalıdır. Yoxsa, əgər YAP icra katibinin müavini bu açıqlama ilə cənab Rövnəq Abdullayevin "mühüm" işlərinə qarışaraq siyasi manipulyasiyaya cəhd edirsə, bu artıq qorxuludur. Ən azından ilk ona görə ki, bu durumda ölkə əhalisi "SOCAR"-a olan ümidlərini itirəcək, Rövnəq Abdullayevin bəyanatlarına bir daha inanmayacaq.

Xatırladaq ki, deputatın "təkzib" jesti özlüyündə düz bir il gecikib. Buna səbəb, Taleh Bağırzadənin və bir çox siyasilərin dilində qınağa çevrilən "ermənilərə pulsuz qaz..." müzakirələrinin qarşısını almaq, narazı kütləni deyilənlərin yalan olduğuna inandırmaqdır. Görünür bir il keçsə də, gec olsa da Rövnəq Abdullayevin məlum müsahibəsinə "təkzib" verilməsi zərurəti yaranıb.

SİTAT: - "Cənab Prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Cənab Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olsa, bizim soydaşlarımıza orada yaşamaq daha rahat olacaq. Ona görə də biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd, məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrini də qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökumətində olan bəzi insanlarladır. İndi baxırsız ki, orada nə gədər narazılıqlar var. Xalqın günahı yoxdur ki! Azərbaycanın tolerant xalq olduğunu cənab Prezident bir daha sübut etdi”.

İndi özünüz düşünün. Əgər Gürcüstana "axan" qaz pulludursa, SOKAR şefinin bundan niyə xəbəri olmayıb ???

Osman Nərimanoğlu

 

Demokratik.Az

Oxşar xəbərlər