KONSTİTUSİON DƏYİŞİKLİKLƏR NƏ VƏD EDİR?

  • 14 avq 2016, 11:08

Əli Əliyev: "Dəyişikliklərin əsas fəlsəfəsi hakimiyyəti bir əldə daha çox cəmləmək, söz və ifadə azadlığını məhdudlaşdırmaqdan ibarətdir”

"Belə çıxır ki, müəyyən şəraitdə respublikaya 22-24 yaşında təcrübəsiz və təhsilsiz gənc də rəhbərlik edə bilər

"Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” ölkə başçısının Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalaması son illərin ən ciddi siyasi hadisələrindəndir. Ölkənin siyasi dizaynına təsir göstərən belə aksiyalar 2002 və 2009-cu illərdə də keçirilmişdir. Birinci referendumda məqsəd, Heydər Əliyevdən sonrakı siyasi dönəmin hüquqi təminatını bərqərar etmək idi. Həmin referendum zamanı bir sıra dəyişikliklərin içində sütun məsələ kimi proporsional seçki sisteminin ləğvi və hakimiyyət ierarxiyasında baş nazirin ikinci şəxsə çevrilməsi idi. Beləki, 2003-cü ildə hakimiyyət boşluğu yaranan zaman ikinci şəxsin baş nazirin olması həlledici mahiyyət daşıdı. Faktik olaraq, avqust ayında İlham Əliyevin bu posta gətirilməsi Azərbaycanın bu günkü siyasi reallığını ayarlamış oldu. Digər "sütun” məsələ də işə az yaramadı. Opponent siyasi institutların sıradan çıxarılmasında proporsional seçki sisteminin ləğvi də "mühüm” çəkiyə malik oldu. Digər məhdudlaşdırıcı və dağıdıcı tədbirlərlə yanaşı, YAP hakimiyyəti cəmiyyətə partiyaların siyasi inkişaf üçün platforma olmadığını məhz bu vasitə ilə təlqin edə bildi.

2009-cu il referendumu isə başqa reallıqda təzahür etdi. 2008-ci il prezident seçkilərində müxalifətsiz seçkilərdə Prezident olmuş İlham Əliyev Konstitusiyanın tələblərinə görə daha bu posta namizəd ola bilməzdi. Bu həqiqət təxminən bir ay içində iqtidar sıralarında növbəti namizədin kim olacağı ilə bağlı "xalçaaltı” təlatüm yaratmışdı. Bunu duyan YAP ideoloqları heyratamiz çevikliklə komandanı sabit saxlamaq üçün, 9-cu ilin mart referendumu vasitəsilə məhdudiyyəti aradan qaldırıb, Prezident Əliyevin "sonsuza” qədər bu kürsüyə sahiblənməsinin yolunu açdı. Sivil dünyanın prinsip olaraq qəbul etdiyi senz ləğv edildi və bu yolla Azərbaycan mədəni dünyadan uzaqlaşaraq, siaysi baxımdan Afrika coğrafiyasına daxil oldu. Çünki Avropa siyasi məkanında bir nəfər də olsun müddətsiz prezidentə rast ola bilmərik, lakin Qara qitənin istənilən sayda belə nümunələri mövcuddur. Düzü, ədalət xatirinə demək lazımdır ki, o vaxt YAP başbilənləri özlərini Misirlə eyniləşdirirdilər. Belə paralellər təkcə çıxış və bəyanatlardan duyulmurdu. Yəqin Xırdalan şəhərindəki Mübarək heykəlli Misir parkı da insanlarımızın yadındadır.2009-cu ildə ərəb coğrafiyasında Mübarək qədər uzun ömürlü siyasilər çox idi. İndi onların əksəriyyəti artıq siyasi ömrünü başa vuraraq, tarixin tozlu rəflərinə köçüblər.

Sözsüz ki, bu ilki referendum təşəbbüsü də Azərbaycanda daha bir siyasi mərhələ başlanğıcının əlamətidir. Plebestitə hazırlanan maddələrin tərtibatından görünür ki, YAP rəhbərliyi nəyə hazırlaşır. Mövzu ilə bağlı "Doğru xəbər”in suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırıb.

-          Əli bəy, Azərbaycan Respublikası Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərin edilməsinə zərurət varmı?

-          İlk növbədə referendumun Türkiyə dərbəsi ilə eyni dövrə təsadüf etməsi çaşdırıcı effekt daşıyır. Cəmiyyətin bir qismi bu addımın məcburiyyətdən atıldığı qənaətindədir. Yanlışdır. Ümumxalq səsverməsinə çıxarılan məsələlər məcburiyyət səbəbindən gündəliyə gəlib, lakin bu, heç də Türkiyə çevrilişi ilə bağlı edilmir. Sadəcə olaraq, gəlirlərin azaldığı, beynəlxalq təzyiqin artdığı, sosial gərginliyin yüksələcəyi, bir sözlə "kef çəkməli əyyamın”bitdiyi və komandanın qocalması, dəyişikliklərə zərurətin yaranması səbəbindən hüquqi transformasiyanın lazımlığı ortaya çıxıb. Hakimiyyətin narahatlığının səbəbləri sırasında çevriliş vaxtı Azərbaycan iqtidarının aşırı "ehtiyatlılığı” ən böyük müttəfiqləri - AKP rəhbərliyi ilə aralarında dərin çatın yaranmasına və bu minvalla da ən ciddi dayaqdan məhrum olma ehtimalını da gücləndirir. Düzdür, referendum məsələlərinin çeşidlənməsində Anadolu təcrübəsi və son günlər yaranmış siyasi tablo nəzərə alınmamış deyil.

Maraqlı detallardan biri də ölkənin daxili siyasi mühitidir. Bu detallar keçiriləcək referendumun Türkiyə çevrilişi ilə həlledici dərəcədə bağlantısının olmadığını gücləndirən faktlardır. Cari ildə siyasi kəsimin diqqətini cəlb edən hadisə 4 iyun hadisələrinə xüsusi diqqət ayrılması oldu. Hakimiyyətin əlaltdan idarə etdiyi mətbuat bir araya gələ biləcək müxalifət qüvvələrini daha da qəlpələmək üçün xüsusi canfəşanlıqla məsələni gündəmdə saxladı, aidiyyatı olub-olmamasından asılı olmayaraq demək olar ki, hamının "fikri öyrənildi”, tirajlandı və mövqelər toqquşduruldu. O zaman siyasi ayıq peşəkarlar bu hadisənin hansı məqsədə xidmət etdiyini suallandırırdılar. Bəndəniz də müəyyən məhdud və geniş toplantılarda diqqətçəkən bu məqəma fikir yönəltmişdi. Düzü, Konstitusiya dəyişikliyinin baş verəcəyi fikrimə gəlməmişdi. Lakin indi tam əminliklə deyə bilərəm ki, 1993-cü il hadisələrinin belə çılğın müzakirəsi referenduma maneə ola biləcək potensial qüvvələrin münasibətlərinə daha bir "paz çalmaq” məqsədi güdüb.

Digər maraqlı hadisə siyasi partiyaların ətrafında baş verir. Sistemdənkənar müxalifət partiyalarının "seçilmiş” hissəsinin gizli şəkildə maliyyələşdirlməsi iyun ayının əvvəlindən dayandırılıb. Məndə olan məlumata görə, bünövrə məsələlərə reaksiya verilməməsi müqabilində verilən çirkli maliyyənin dayandırılmasına səbəb, heç də deyilən Formula-1 yarışmasının izafi xərcləri deyil. İndi məlum olur ki, bu pullarla qismən susdurulmuş belə təşkilatlara etibar etmədiklərindən, referendum dövründə sükunəti təmin etmək üçün nəzarətli müxalifəti pulsuz qoymaq bərədə qərar qəbul edilib. Bu yolla iqtidar hətta dinc dövrdə etibar edib bəslədiklərinə inanmadığını və səsvermənin onun üçün mühüm olduğunu nümayiş etdirir.

-          Əli bəy, müzakirəyə çıxarılan Ana Yasa maddələrinin siyasi hədəflərini necə dəyərləndirirsiniz?

-          Dəyişikliklərin fəlsəfəsi hakimiyyəti bir əldə daha çox cəmləmək, söz və ifadə azadlığını məhdudlaşdırmaq, etiraz hərəkatlarını məhdudlaşdırmaq, yeni təyinatlı mümkün silahlı birləşmələr formalaşdırmaq, növbəti nəslin hakimiyyətə gətirilməsinin yolunu açmaq, nəsil dəyişiklikliyini ağrısız və təhlükəsiz ötüşdürməkdir. Qarabağ çözümü zamanı məsuliyyəti başqa birisinə "yükləmək” üçün də əl yeri qoyulduğu qənaətindəyəm. Əvvəldən ilk siyasi məqsədli dəyişiklik 32-ci maddəyə əlavə edilən müddəalardır. Bu yeniliklər korrupsiya və digər bu qəbildən olan qanunpozmalarla bağlı jurnalist araşdırmalarının və ictimai nəzarətin məhdudlaşdırılmasını nəzərdə tutur. Azadlıqların məhdudlaşdırlması sırasında, işçilərin tətiletmə hüququ 36-cı maddəyə edilmiş 4-cü əlavə ilə aradan qaldırılıb. Azərbaycan təcrübəsində sosial gərginliyin yüksək olduğu vaxtlarda tətil hərəkatı xüsusi dinc müqavimət vasitəsi olması yaddaşlardan silinməyib. Görünən odur ki, o vaxt kommunist rejiminində çalışan yeni azərbaycanlılar tətilin siyasi effektini xatırlayırlar.

Siyasi partiyaların taleyinin qeyri-müəyyən hala gətirilməsini müəlliflər unutmayıblar. 60-cı maddənin yeni redaksiyası istənilən fərdin şikayəti əsasında  siyasi qurumun haqqında məhkəmə vasitəsilə qapadılmasını nəzərdə tutur. Respublikamızda Məhkəmə hakimiyyətinin iş praktikasını bildiyimizdən, yaradılan yeni mexanizmin məhdudlaşdırıcı siyasi mahiyyət daşıdığı ortaya çıxır.

Maraqlı dəyişikliklər silsiləsi hakimiyyətin formalaşdırlması ilə bağlı maddələrdə əksini tapıb. İcra hakimiyyətinin birinci şəxsinin fəaliyyət müddəti 101-ci maddəyə təklif edilən düzəlişlə 5 ildən 7 ilə qaldırılması təklif edilir. Bu Rusiya təcrübəsinin tətbiqidir. Çünki eyni vəziyyətdə olan digər dünya dövlətləri 7 ildən 5 ilə endiyi halda, bizim siyasi arealımızda bu müddətin uzadılması məqsədəmüvafiq görülür. Son dövrlərdə Fransa və Türkiyədə müddətin azaldılması təcrübəsi tətbiq edilib. Rusiyada isə əksi baş verib. Putin növbəti hakimiyyətə qayıdışında eynilə bizdə nəzərdə tutulduğu kimi, prezidentlik dönəmini 7 ilə qaldırmışdı. Görünür ki, iqtisadi və maliyyə sıxıntıları şəratində, həm də seçkilər ətrafında siyasi müəyyənlik olduğundan seçkilərə izafi məsrəfləri hakimiyyətimiz qənaət etməyə qərar verib.

-          Yaş məhdudiyyətinin aradan qaldırılması hansı çətinlikləri yarada və yaxud üstünlükləri qazandıra bilər?

 

-          Prezidentliklə bağlı digər məsələ 100-cü maddədə nəzərdə tutulan "35 yaş” məhdudiyyətinin aradan götürülməsidir. Belə çıxır ki, müəyyən şəraitdə respublikaya 22-24 yaşında gənc də rəhbərlik edə bilər. Həmin şəxsin YAP-a aidiyyatlı olması kifayətdir. İcra hakimiyyəti Başçısının hakimiyyət qolları arasında konfliktli vəziyyətlərdə Parlamenti buraxmaq səlahiyyətinin tətbiq təşəbbüsü də hakimiyyətin bir əldə avtoritar şəkildə təmərküzləşməsi nümunəsidir. 98-ci maddəyə təklif edilən əlavələr qəbul edilərsə, bu baş verəcək. Digər diqqətə layiq məsələ millət vəkillərinin gülünc hala salınmasıdır. 89-cu maddəyə təklif edilən əlavələr istənilən seçilmiş, lakin Parlament çoxluğunun bəyənmədiyi şəxsin səlahiyyətlərinə xitam imkanı yaradır. Misal üçün, son günlər Məclisdə spiker Əsədovla Zahid Orucun arasında baş vermiş toqquşma referendumdan sonra təkrarlansa, Ağacan Əbiyev komissiyası ilə birlikdə Orucu siyasi nokauta asanlıqla göndərə bilər. Bu qədər bəsit. YAP anlayışında Parlament mübahisə yeri deyil, razılıq ifadəsi məkanıdır. Axı bizim Məclis Ağ evdən göndərilən sənədlərin notarial təsdiqini həyata keçirir. Yeri gəlmişkən, yapçı yeniyetmələr də unudulmayıb. Deputatlığa namizəd olmaq istəyən istənilən səsvermə hüquqlu vətəndaşımız məsləhət olduğu təqdirdə, parlament üzvü olaraq qanun yaradıcılığında iştirak edə bilər. Əvvəl nəzərdə tutulan 25 yaş məhdudiyyəti yəqin ki, referendumun gedişində aradan qaldırılacaq. Belə çıxır ki, heç bir əmək vərdişi və peşə praktikası olmayan şəxs də Ali qanunverici orqanda fəaliyyət göstərə bilər. Yetər ki, deputat olmağa qərar verən şəxslər bunu istəsinlər.

-          Özünü gərgin dönəmlərdə doğrultmuş Rəsizadə erası bitmək üzrədir. Yəni belə siyasi yükün altında davam gətirmək resursları həm siyasi, həm də fizioloji baxımdan tükənir. Yeni iqtisadi mərhələ də o postda çevik adamın olmasını tələb edir. Lakin hakimiyyətin zirvəsi Artur müəllimə olan etimadını başqa birisinə göstərə bilmir...

-          Son illər ərzində bir neçə nazir açıq və ya gizli şəkildə o yerə iddialı olduğunu nümayiş etdirib. Lakin potensial namizədlərin hər biri siyasi iddialı şəxslər olduğundan, belə təyinat siyasi, hətta fiziki risq tutumlu idi. İndi isə referendum vasitəsilə dünyada analoqu olmayan vitse-prezidentlər institutu yaradılır. Bu yeniliklər 103-cü maddəyə əlavədə nəzərdə tutulur. Təkliflər paketində bu potensial şəxs üçün bütün imtiyazlar nəzərdə tutulmaqla yanaşı, qanunvericilik səviyyəsində maksimum hifz edilib. Bu mühafizənin içində, daha konkret olsam, 106.1 maddəsinin 1-ci bəndində bu zat edə biləcəyi cinayətlərin başında yaxalanmadısa, istədiyi gördüyü iş qanuni hesab edilir. Belə imtiyazla yanaşı maddə bir sıra digər üstünlükləri də ehtiva edir.

Mənə elə gəlir ki, digər vitse-prezidentlər politologiyada yenilik olduğundan, onlar xüsusi bir məsələ üçün nəzərdə tutulur. Belə xüsusi məsələ və ya məsələlər, qarşıda gələn dövrdə geopolitika ilə bağlı ola bilər. Əlbəttə ki, bu mənim intuitiv ehtimalımdır, lakin gerçəklik əmsalını yüksək sayıram. Qarşıdakı siyasi mərhələdə uzun vədəli idarəçiliyə köklənmiş Azərbaycan hakimiyyəti əsasən 2 qlobal problemi çözməlidir:

-Dağlıq Qarabağ problemini;

-Qərblə Avrasiya arasında seçim problemini.

-          Baş verən hadisələr və ola biləcək dəyişikliklər Qarabağ münaqişəsinə nə kimi təsir edə bilər? 

-          Dağlıq Qarabağ münaqişəsinin bu günkü vəziyyəti aşağı, yuxarı xəta ilə ərazilərin ermənilərə verilməsi ilə yekunlaşmalıdır. Danışıqlarda müzakirə olunan bütün variantlar bu nəticəni nəzərdə tutur. İlham Əliyev belə taleyüklü məsələdə öz imzasının olmasına tarixi mühakimə baxımından razı olmayacaq. Həmin imza azərbaycanlıların lənət ünvanı olacaq. O bu acı həqiqəti bilməmiş deyil. Beynəlxalq səviyyədə təzyiqlərdən görünür ki, vaxt daralır. Azərbaycan 25 ildir dövlət müstəqilliyi əldə edib. Geopolitik vəziyyət gərginləşdikcə, Dövlətimizin siyasi vektor seçimi aktuallaşacaq. Əminəm ki, ölkə başçısı Avrasiya İttifaqına girişin müstəqilliyin itirilməsi demək olduğunu fərq edir. Tarixi nöqteyi nəzərdən bu sayaq sənədlərə imza atmaq üçün vitse-prezident postlarının birinə bu tarixi cinayəti üzərinə çəkəcək iradəsiz bir abdal təyin edib, zərurət yaransa onun əli ilə Azərbaycanı təslim edəcəklər. Bu "günah keçisi” hakimiyyətin bu illərdə buraxdığı bütün səhvlərin, bir dolanışığın müqabilində məsuliyyətini götürəcək. Çünki təklif olunan dəyişikliklər sırasında 110.1-ci maddə belə halı nəzərdə tutur. Son dediklərimin ehtimal olduğunu bir daha vurğulamaqla yanaşı, belə olmasını istəmədiyimin altını cızıram.

-          ANS-in azı bir ay qapadılması ilə bağlı verilən qərar birmənalı qarşılanmadı. Sizcə bu hadisələrin bağlılığı varmı?

-          Düşünürəm ki, ANS ətrafındakı qalmaqalın da referendum nədənləri mövcuddur. Çünki zaman-zaman bu media qurumu həlledici məqamda nəzarətdən çıxa bildiyini nümayiş etdirib. Referendum dövründə belə dayanıqsızlıq iqtidarın heç gərəyinə deyil. İstisna etmirəm ki, Gülən müsahibəsi də ANS deyil, kənar qüvvənin istəyi ilə ərsəyə gəlmişdi. Zatən bölgədə fəallıq edən siyasi qütblər Türkiyə gərginliyinin Qafqaza sıçramasında maraqlı ola bilər. İstisna deyil ki, Qafqaz uğrunda mübarizə aparan geopolitik mərkəzlər referendumda da maraqlı olmaya bilərlər. Bu işdə onların potensial müttəfiqi ANS hakimiyyətə problem yaşatmaq imkanına malikdir.

-          Türkiyədə dövlət çevrilişinə edilən cəhddən bir neçə gün sonra Azərbaycanda konistision dəyişikliklərin ortaya çıxması hər hansı bir bağlılığı göstərir?

 -          Əlbəttə ki, Türkiyə hadisələrinin referendum təkliflərinə heç təsir etmədiyini iddia edə bilmərik. Çünki 9-cu maddəyə əlavədə Ordudan başqa digər hərbi birliklərin yaradılması öz əksini tapıb. Bir müddət əvvəl Rusiyada birbaşa prezidentə tabe olan qoşun hissələrinin yaradılması haqda qərar qəbul edilib. YAP rəhbərliyinin Rusiya təcrübəsinə meyl şakərini nəzərə alsaq, belə dəstələrin yaradılmasının səsvermədən sonra şahidi ola bilərik. Paketdə yer almış 57 və 58-ci maddələrə də nəzərdə tutulmuş yeniliklər, hərbçilərin məsuliyyətini artırmaq və təşkilatlanma imkanlarını məhdudlaşdırmaq üçün yazılıb.

Gün kimi aydındır ki, edilməsinə cəhd göstərilən düzəliş və əlavələr sıravi vətəndaşımız üçün deyil. Nəzərdə tutulan yeniliklər yalnız və yalnız bir zümrənin - hakimiyyətdəkilərin imkanlarını artırmaq və siyasi ömürlərini uzatmaq üçün edilir. Bu referendum mövcud ağır və çətinləşməkdə olan siyasi, iqtisadi, maliyyə, psixoloji, məişət güzəranımızı nəzarətdə saxlamaq üçün edilir. Təəssüf ki, Azərbaycanımızı hüquq dövlətinə çevirə bilmirik. Gündən günə qanun dövləti kimi möhkəmlənirik. Müasir dünyada 1-ci kateqoriyadan olanlar demokratik, 2-ci kateqoriyadan olanlar isə ya avtoritar, ya da diktatura rejimləri hesab edilir.

-          Dediklərinizə əlavələriniz varmı?

-          Müsahibə boyu özüm qəsdən referendumu sanki baş tutmuş, dəyişiklikləri qəbul edilmiş kimi təqdim etdim. Çünki bu cəhdin qarşısına çıxacaq siyasi iradəni hələlik görmürəm. Pərakəndə və didişən, təkəbbürlü ya 3-5 nəfərin dolanışığı müqabilində satılmış siyasi qurumlarımız, əsasən iqtidarın nəzarətində olan media, zəiflədilmiş ictimai sektor və ən pisi etinasız toplum şəraitində gələcək faciələrimizin hüquqi bünövrəsinin atılmasının qarşısını ala biləcəyimizə inamım azdır. Amma biz müqaviməti təşkil etməyə təşəbbüs göstərməliyik. Bu bizim vicdan borcumuzdur. Bütün şəxsi iddialar, incikliklər kənara atılmalı, daha uzun müddətli istismarımızı nəzərdə tutan təşəbbüslərə ayaq verməməliyik.

Söhbətləşdi: Cavid Cabbarlı

Oxşar xəbərlər