Sərdar Cəlaloğlu həmkarlarına hiddətləndi: “Bədbəxtlər, gedin kitab oxuyun”

  • 12 avq 2016, 18:58

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir:

 

-    Sərdar bəy, son müsahibənizdə demisiniz ki, Azərbaycan siyasətçilərinin çoxu şizofrenikdir. Bu fikirləri əsaslandıra bilərsiniz?

-    Mən elə söz deməmişəm.


-    Bəs nə demisiniz?

-    Son müsahibəm elmi olub. Orada şizofrenik tiplər haqqında elmi məlumat vermişəm. Psixologiyada şizofrenik tip deyilən anlayış var. Müsahibədə elmi-məntiqi diaqnostikanı izah etmişəm. Sonra da demişəm ki, insanların elə xarici görünüşü var ki, bu, psixologiyada ayrı-ayrı ruhi xəstələrin klassifikasiya olunmasında istifadə edilir. Məsələn, qabarıq almacıqların olması, qulaqların iri olması, başın iri olması, gözlərin həddən artıq çuxura düşməsi, ağzın dairəvi formada olması və s. psixologiyada ayrı-ayrı şizofrenik tiplər kimi izah olunur.

 

Bu zaman mənə müxalifətdəki siyasətçilərin şizofrenik tipə aid olub-olmadığı haqda sual verilib. Nəzərə alın ki, şizofrenik tipə aid olmaq o mənanı vermir ki, həmin şəxs şizofrenik xəstədir. Söhbət ondan gedir ki, adətən, şizofreniya bu cür adamların sırasından daha çox meydana gəlir. Məsələn, bizdə genetik meyillilik deyimi var. Amma genetik meyillilik o anlamı vermir ki, bu gendən olan bütün insanlar o xəstəliyə tutulmalıdır. Genetik meyillilik odur ki, bu genə aid olan insanlar içərisində bu cür xəstəliklərin meydana çıxma intensivliyi daha çox olur. Başqa sözlə, şizofrenik tip o deməkdir ki, şizofrenik xəstələri bu tip arasında daha çox çıxır. Demişəm ki, Azərbaycan siyasətində olan bəzi liderlər şizofrenik tipə aiddir. Ancaq bu o demək deyil ki, həmin siyasətçilər şizofrenikdir. Məndən elmi müsahibə almaq istəyiblər, mən də bunu elmi şəkildə çatdırmaq istəmişəm. Məni xüsusi bir şey kəşf etməmişəm. Bu fikirlər və məntiq mənim şəxsimdən deyil, psixologiya elmindən irəli gəlir.


-    Davam edin...

-    Məsələn, Lambrozo cinayətlərin insan antropologiyası ilə əlaqələrini öyrənən alim idi. Sübut etmişdi ki, kəllə qapağının qalınlığı çox olan insanlar daha çox cinayətə meyil edir. Hətta qeyd etmişəm ki, bizdə qanmaz adama qabırğası qalın deyirlər. Lakin Lambrozo sübut etmişdi ki, cinayətə meyillilik qabırğanın qalınlığı ilə deyil, kəllə qapağının qalınlığı ilə bağlıdır. Mən antropologiya elminin bəzi nüanslarını açıqlamışam. Çünki suallar mənim ixtisasımla bağlı idi. Lambrozo özü də məhkəmə-tibb eksperti olub. Ciddi elmi-təhqiqatları olub. Onun antropoloji nəzəriyyəsi o qədər  qəbul edilməsə də, irəli sürdüyü fikirlərdə inandırıcı faktlar var. Mən də onun nəzəriyyəsindən bəzi misallar və nümunələr gətirmişəm. Hesab edirəm ki, müsahibəmi siyasiləşdirmək doğru deyil.


-    Siz siyasətçilərə şizofrenikdir deyirsiniz və hesab edirsiniz ki, bunu siyasiləşdirmək qüsurludur?

-    Mən demişəm ki, psixologiyada psixoloji tiplər var və bu tiplərə də uyğun insanlar var. Eləcə də, siyasətçilər. Biz hamımız psixoloji tiplərə aidik. Odur ki, müxalifətdə şizofrenik tiplər var demək, o anlamı vermir ki, müxalif siyasətçilər arasında şizofrenik xəstələr var. 


-    Azərbaycan siyasətində ən səbirli, sakit və hazırcavab şəxslərdən biri İsa Qəmbərdir. Sizcə, İsa bəy hansı tipə aiddir?

-    Mən burada elmi məlumat verirəm, siyasətçiləri fərdi qiymətləndirmirəm. Məsələn, mən sizə birləşmə reaksiyası haqqında məlumat verirəm. Dünyada  1 milyarddan çox birləşmə reaksiyası var. Hər birini sizə demirəm ki. Əksinə, birləşmə reaksiyasının özünün mahiyyətini izah etməyə çalışıram. Elmdə əsas mahiyyətdir. Əgər sən bu mahiyyəti mənimsəyə bilirsənsə, bu zaman özün müstəqil şəkildə kimin hansı tipə aid olduğunu müəyyən edə bilərsən. Elə mənim tipimi də. Hippokrat həkim haqqında obraz yaradıb. Həkimin yerişi, duruşu, boyu, baxışı və s. barədə. Götürüb onun həkim obrazını qələmlə çəksəniz, İbn Sinanın əllərdə olan mövcud portreti alınar. Hippokrata görə, həkim qartal kimi çatma qaş, iti gözlü, ilan kimi düz bədənli, yerişi iti qadın kimi incə və s. Bu peşənin xüsusiyyətinə uyğun olaraq antropoloji təsəvvürünü ortaya qoyur. Hər adam həkim olmaz. Siz heç 200 kiloqram ağırlığında müəllim görmüsünüz? Kobud bədənə, iri əllərə, iri qulaqlara malik həkim görmüsünüz? Həkimlik və müəllimlik peşəsini seçən insanların ümumi xarakterinə baxanda görərsiniz ki, onlar antropoloji tip olaraq incə tiplərdir. İqtisadi və hərbi peşəni seçən şəxslərdə isə kobud antropoloji elementlər qabarıq özünü göstərir.


-    Bəs siyasi...

-    Baxır siyasətçi kimdir. Stalin və Hitlerin psixoloji tipinə dair böyük psixoloq alimlər tərəfindən elmi kitablar yazılıb. Sübut edilib ki, Hitler və Stalində ağır şizofrenik xəstəliklər olub. Məşhur nevropatoloq Bexterin müəmmalı öldürülməsinin səbəbi kimi onun Stalində şizofrenik xəstəliyinin olması haqda diaqnoz qoyması göstərilir. Eləcə də, Hitlerin davranışlarını tədqiq edən alimlər sübut ediblər ki, Adolfda üzə təzahür etməyən şizofrenik əlamətlər olub. Bəli, siyasətə gizlin ruhi xəstələr gələ, bəşəriyyətə ziyan vura bilərlər. Kaliqula və Neronun vaxtındakı dövrü təhlil edəndə insan ağlına sığmır ki, belə şeylər ola bilərdimi? Ancaq tarixdə bunlar olub.  


-    Siz hamıdan danışdınız, ancaq Azərbaycan siyasətçilərinin tipini demədiniz...

-    Mən heç kəsin tipini demirəm. Stalin və Hitlerin də Azərbaycana aidiyyəti yoxdur. Çəkdiyim misallar da ölkəmizdən kənarla bağlıdır. Ümumiyyətlə demək istəyirəm ki, insanların psixoloji tipi ilə onların davranışları və xarakteri arasında ciddi əlaqələr var. Mənim dediyim siyasi psixologiya ilə bağlıdır. Azərbaycan cəmiyyətində siyasi maariflənmə olsaydı, fikirlərim normal qarşılana və qəbul olunardı. Camaat bilərdi ki, dediyim sözlər ayrı-ayrı xalqlar tərəfindən inkişaf etdirilən yüksək elmi bilgilərdən ibarətdir. Azərbaycanda politologiyanı, siyasi fəlsəfəni bilmirlər, siyasi psixologiyanı haradan biləcəklər? Mən məhdud biliklər haqqında danışanda hamıya qəribə gəlir. Halbuki, siyasi psixologiya haqqında yüzlərlə kitab var.  


-    Dünən sizin şizofreniya və ya şizofrenik tiplərlə bağlı fikirlərinizə siyasətçilər cavab verib. Məsələn, Müsavatın Məclis sədri deyir ki, belə fikirləri anormal adam işlədə bilər...

-    Əgər mən demişəmsə ki, siyasətçilərin çoxu şizofrenikdir, bu zaman, deməli, mən anormal adamam. Çünki mən də müxalifətdəyəm və mən də şizofrenikəm və şizofrenikin fikri normal ola bilməz. Axı mən belə fikir deməmişəm. Şizofrenik tip şizofreniya xəstəsi demək deyil. Psixologiya insanları psixoloji tiplərə bölür və bu tiplərin də adı var. Məsələn, dünyada 8 milyard adam var, onun 2 milyardı şizofrenik tipdir. Ancaq bu o demək deyil ki, dünyada 2 milyarda şizofreniya xəstə var... 


-    Rafiq Manaflı hesab edir ki, siz belə fikirlər işlədərkən Milli Şuranı da bu təsnifata salırsınız...

-    Niyə?


-    Yəqin münasibətlərin kəskinliyindən...

-    Bəyəm, mən Milli Şuranın adını çəkmişəm? Çox qəribədir. Biliksizlik və savadsızlıq o həddə gətirir ki, hətta oxuduğun informasiyanı düzgün mənimsəmirsən. Psixoloji tip anlayışı psixoloji xəstəlik demək deyil. İkincisi, psixologiya psixiatriya elmi deyil. Dəlilik və şizofreniya haqqında öyrənən elm psixiatriya elmidir. Mən isə psixologiyadan, yəni davranışdan danışıram. Mən əgər orada şizofreniya xəstəliyindən və psixiatriya elmindən danışmışamsa, onda bu başqa məsələ. Mən psixologiya haqqında elmi fakt demişəmsə, niyə məni ittiham edib üzərimə düşürsünüz? Elmi məlumat vermişəm. Bədbəxtlər, gedin kitab oxuyun, görün, mən nə demişəm. İkincisi, əgər jurnalist şizofreniya tipini şizofreniya xəstəsi kimi təqdim edibsə, bəyəm, bu, mənim günahımdır? 


-    ASDP sədri Araz Əlizadə isə sizə cavab olaraq deyib ki, psixiatriyada belə məqam var ki, dəli hesab edir ağıllıdır və ondan başqaları dəlidir...

-    Araz Əlizadə özünü ağıllı hesab edir, məni dəli sayır? Bu, nə məntiqsiz söhbətdir? Psixiatriya ilə psixologiyanın fərqini bilməyən insanların mənə cavab verməsi lətifədir. Hər kəs bildiyi sahə haqda danışmalıdır. Mən elmdən danışmayım gərək. Danışanda hər kəs özünə götürür. Bəyəm, mən Milli Şuranın adını çəkmişəm? Çəksəydim, deyərdi ki, hə bu fikirləri bizə aid edir. Mən də prezidentliyə namizəd idim, Araz Əlizadə də namizəd idi. İkimiz də namizəd kimi çıxış etmişik. Götürüb çıxışlarımıza baxsanız, görərsiniz ki, psixoloji tip olaraq biz bir-birimizdən fərqli tipik. Əgər Araz Əlizadənin prezidentliyə namizəd kimi çıxışı ağıllılıq əlamətidirsə, onda mən doğrudan da, dəliyəm. Mənim heç kəsin mənliyinə, şəxsiyyətinə, mənəviyyatına toxunmaq fikrim yoxdur. Özüm də psixiatriyadan deyil, psixologiyadan danışmışam. Şizo tip psixologiyada elmi anlayışdır. İnsanları 4 tipə bölürlər, onunda biri şizofreniya tipidir. Şizofreniya tiplərdən məşhur siyasi-ictimai xadimlər çıxıb. Van Qoq özü məşhur rəssamdır, amma psix idi. Nitşe özü dünyanın ən böyük filosofudur, lakin ağır şizofreniya xəstəsi olub. Dünyada 10 dahi var ki, ömrünün sonunu dəlixanada keçiriblər. 


-    Fikirlərinizə belə reaksiyaların verilməsinə əsaslanıb hansısa psixoloji əlamətlərin olmasını deyə bilərsiniz?

-    Burada fikrə deyil, mənə münasibət bildirirlər. Əgər durub desəydilər ki, Sərdar düz demir, şizo tipin belə antropoloji əlamətləri yoxdur. Bax, bu olardı elmi müzakirə. Bunlar durub deyirlər ki, Sərdar Cəlaloğlu dəlidir, mən ağıllıyam. Şizofrenik tip olmaq dəli olmaq demək deyil ki. Məsələn, mən deyirəm ki, filan siyasətçi melanxolik tipdir. İndi həmin adam durub üsyan etməlidir ki, mən niyə melanxolikəm? Allah səni belə yaradıb, mən neyləyim? Araz Əlizadə, get, psixologiya kitabına bax, ensiklopediyanı qoy qarşına və gör hansı psixoloji tipə aidsən. Sənin hansısa psixoloji tipə aid olman eybin deyil ki, bu, sənin təbii vəziyyətindir. İnsan öz təbii vəziyyətini necə dəyişdirə bilər? Və ya Sərdar Cəlaloğlu şizo tipə aiddirsə, bundan niyə narahat olmalıyam? Allah məni belə yaradıb da. Bu adamlar psixologiya ilə psixiatriyanı, ruhi xəstəliklə anormallığı, meyillə xəstəliyi aid edə bilmirlər. 


-    Bunu aid edə bilməyənlər necə siyasətçidir?

-    Siz onlara siyasətçi deyirsinizsə, daha mən sizə nə deyim... Durub mənə elmi cavab versinlər. Mən 30 ildir ki, tibb sahəsindən ayrılmışam. Mümkündür ki, yeni nəzəriyyələr meydana çıxıb, yeni elmi fikirlər var. Ola bilsin ki, mənim bəzi fikirlərim köhnəlib, bəzi fikirləri təhrif olunmuş şəkildə vermişəm. Durub elmi şəkildə mənə cavab verə, deyə bilərlər ki, filan fikirdə mən səhv etmişəm və s. Amma elmi müzakirəni siyasi müzakirəyə çevirmək allahsızlıqdır. Psixologiya ilə psixiatriyanı ayıra bilmirlərsə, mənəvi haqları yoxdur ki, fikirlərimə şərh versinlər.            

 

Nemət

Oxşar xəbərlər