«Azərbaycana qarşı mətbuata çıxmayan bir çox təxribatlar olub»

  • 14 mart 2016, 21:41
Sülhəddin Əkbər: «Qlobal geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub və bu mərhələdə Azərbaycanın strateji taleyi həll olunacaq»
 
Regionda baş verən proseslərlə bağlı politoloq Sülhəddin Əkbərin fikirlərini örynədik. Onun  "Bizim Yol" qəzetinə geniş müsahibəsini oxucularımıza təqdim edirik.

- Sülhəddin bəy, regionda cərəyan edən prosesləri necə qiymətləndirirsiniz? Azərbaycan prezidenti İrana səfər etdi, ikitərəfli sazişlər imzalandı, həmçinin Rusiya prezidenti Vladimir Putin iki dəfə prezident İlham Əliyevlə telefonla danışıb, Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfərə gəlib...

- Qeyd etdiyiniz hadisələr, həm bizim bölgədə, həm də qonşu regionda yaranmış mövcud durum və onun təhlükəli inkişafı, proseslərin intensivləşməsi ilə bağlıdır. Bildiyimiz kimi, Suriyada və ətrafında böhran gərginləşir və bu proses yeni böhranların yaranmasına səbəb olur. Məsələn, Rusiya-Türkiyə böhranı. Bu da bir tərəfdən ABŞ-Qərb, yəni Avropa Birliyi ilə NATO-nun Rusiyaya yönəlik siyasətinin daha da sərtləşməsinə aparıb çıxarır, digər tərəfdən Rusiyanın digər qonşu ölkələrə təzyiqini artırır. Suriya böhranının mürəkkəbləşdiyi bir vaxtda Rusiyadan yan keçən enerji-nəqliyyat yollarının da inkişafı prosesi gedir. Məsələləri bu kontekstdə qiymətləndirmək daha düzgün olardı. İlham Əliyevin İrana səfəri, orada əldə olunan razılaşmalar, xüsusilə də "Şimal-Cənub" dəhlizinin inkişafı, Xəzərdəki mübahisəli yataqların birgə işlədilməsi ilə bağlı ilkin razılaşmanın əldə olunması, bu ay artıq "Dəmir İpək Yolu"nun işə düşməsi, Rusiyadan yan keçən nəqliyyat dəhlizinin, həmçinin Cənub Qaz Dəhlizinin inkişafı, Bakıda bununla bağlı ikinci müşavirənin keçirilməsi və əldə olunan nəticələr, yəni həm TANAP-ın, həm TAP-ın tikintisinin sürətlənməsi məsələsi gündəmdədir. Yəni bir tərəfdən Rusiyanın böhranlara cəlb olunması, o biri tərəfdən Rusiyadan yan keçən enerji-nəqliyyat yollarının - hansı ki, həm Xəzər-Azərbaycan üzərindən keçir - inkişaf etdirilməsi siyasəti təbii ki, Kremli qıcıqlandırır. Ona görə də Rusiya həm regiona diqqətini, həm də Azərbaycana təzyiqlərini artırır. Baş verən bütün bu siyasi-diplomatik gedişləri, Azərbaycana səfərlərin intensivləşməsini bu kontekstdə dəyərləndirmək daha düzgün olar. 

- Bu günlərdə ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn Bakıda olarkən Rusiyanın Qara dənizin dibi ilə Avropaya kəmər çəkməsi ideyasını kəskin tənqid etdi. Bu ərəfədə Bakıda Cənub Qaz Dəhlizinə dair məşvərət şurasının iclası keçirilirdi. Həmin gün Rusiya donanması Xəzərdə təlimlərə başladı. Həmçinin Vladimir Putin "Qazprom" şirkətinin rəhbərini məsləhətləşmək üçün Kremlə çağırdı. Sizcə bu proseslər Rusiyanın Azərbaycanın enerji layihələrinə qarşı təxribatlarına gətirib çıxara bilərmi?

- Mümkündür. Əslində belə təxribatlar zaman-zaman olub. Yaxın keçmişimizin də acı təcrübəsini nəzərə alsaq, bu, gözləniləndir. Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktını, Azərbaycan bərəsinin Xəzərdə batırılmasını, Azərbaycan neft platformasının yanmasını və ya yandırılmasını yada salmaq istəyirəm. Həmçinin bizim bilmədiyimiz, mətbuata çıxmayan bir çox təxribatlar olub. Üstəlik, qapalı diplomatik kanallarla da çoxsaylı təzyiqlər edilib. Xəzərdə sizin dediyiniz son hərbi təlimlərdən öncə də manevrlər olub. Xəzərdən Suriyanın raketlərlə vurulması və s. hamısı güc nümayişidir və bu Azərbaycanı təhdid etməkdir. Əvvəl də qeyd etdiyim kimi, bütün bunların hamısı Azərbaycana qarşı olan təzyiqlərin artması ilə müşahidə olunacaq. Amma burada bir müsbət cəhəti də qeyd etməliyəm ki, bu layihələrə Çin və İranın cəlb edilməsi Rusiyanın destruktiv rolunu bir qədər neytrallaşdırır. Yəni layihələrdə bu ölkələrin iştirakı Rusiyanı bir qədər çəkindirir. Məsələn, Dəmir İpək Yoluna qarşı hər hansı bir addımın atılması artıq Çinə qarşı atılmış bir addım olacaq. Yaxud da Xəzərdə mübahisəli neft yataqlarının Azərbaycanla İranın birgə işlədilməsinə qarşı çıxış etmək həm də İrana qarşı addım olacaq. Həmçinin Rusiya Şimal-Cənub Dəhlizinə qarşı çıxa bilməyəcək, çünki bu, sıxışdırılmış bir vəziyyət özünün maraqlarına da uyğundur. Həm də bilirsiniz ki, Şimal-Cənub Dəhlizi Azərbaycanın Dəmir İpək Yolunun inkişafına da müsbət təsir edəcək. Eyni zamanda, indi İranın gələcəkdə Azərbaycanın neft və qaz kəmərlərinə qoşulması məsələsi müzakirə olunur. Həm Bakı-Ceyhan vasitəsilə dünya bazarlarına neft çıxarması, həm də Cənub Qaz Dəhlizinə qoşulması məsələsi var. Bunlar Rusiyanı qıcıqlandırır. Bu baxımdan Çin və İranın regionun meqa-layihələrinə qoşulmasına müsbət yanaşıram. 

- Qeyd edilənlər Azərbaycanın xarici siyasətdə mürəkkəb bir situasiyada olduğunu göstərir. Belə bir vəziyyətdə Azərbaycan balans siyasətini necə qurmalıdır? Çünki qarşı duran tərəflər arasında ziddiyyətlər getdikcə kəskinləşir, bu nə qədər davam edə bilər?

- Əvvəlki müsahibə və açıqlamalarımızda da zaman-zaman demişdik ki, Azərbaycanın manevr imkanları getdikcə daralır. İndi elə bir zaman gəlib çatıb ki, Azərbaycan seçim qarşısındadır. Məsələn, ötən ilin noyabr ayında Türkiyə sərhədi pozan Rusiya hərbi təyyarəsini vurduqdan sonra yaranmış böhranda Azərbaycan tərəf tutmaq zorunda qaldı. Sizin də qeyd etdiyiniz kimi, hər belə böhranlı vəziyyətdə Azərbaycan seçim etməli olacaq. Təbii ki, Azərbaycan öz strateji taleyinin həll olunduğu bir mərhələyə daxil olub və bundan yayına bilməz. Çünki dünyada, eyni zamanda bizim regionda tərəflər arasındakı qlobal geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub və bu mərhələdə Azərbaycanın da strateji taleyi həll olunacaq. Bütövlükdə regionun taleyinin həlli hansı istiqamətdə olacaqsa, Azərbaycanın taleyi də o istiqamətdə olacaq. Ona görə də Azərbaycan bu həssas məqamda öz müttəfiqlərinin və tərəfdaşlarının sayını artırmalıdır. Burada ölkəmizin ən yaxın və təbii müttəfiqi Türkiyədir. Azərbaycan Türkiyə ilə birgə hərəkət etməlidir. Eyni zamanda bölgədə Rusiyanı balanslaşdıra biləcək qüvvələrlə - NATO, ABŞ və Avropa Birliyi ilə, həmçinin geopolitik konyukturada taktiki baxımdan Rusiya ilə müttəfiq olan Çin və İranla əməkdaşlığa diqqət etməlidir. Ki, bütün bu addımların atıldığı halda, Rusiyanın destruktiv rolu Azərbaycanda azalmış olsun. Yəni Rusiya Azərbaycana qarşı hər hansı bir addım atanda ölkəmizin ətrafında yaranmış münasibətlər sistemini nəzərə almalı olacaq. Azərbaycan bir tərəfdən dostlarının sayını artırmalı, digər tərəfdən Rusiyanın dostları ilə əməkdaşlığı gücləndirməlidir. 

- Gürcüstan Azərbaycanı şantaj etdi və güzəştlər qopardı. Azərbaycan 500 milyon kubmetr əlavə qaz verməli, həmçinin qiyməti ucuzlaşdırmalıdır. Azərbaycanın bu addıma getməsi doğrudurmu? 

- Təəssüf ki, əlimdə nə kəşfiyyat məlumatları, nə də danışıqların detalları yoxdur. Sadəcə mətbuata verilən informasiyalar əsasında dəyərləndirmələr apara bilirik. Məsələyə siyasi-strateji baxımdan baxsaq, təbii ki, bu, düzgün addımdır. Amma iqtisadi-kommersiya baxımından Azərbaycanın ziyanınadır. Sadaladığım məlumatlar əlimizdə olsaydı, müqayisəli təhlil apararaq Azərbaycanın ümumilikdə düzgün və ya yanlış addım atdığını deyə bilərdik. Əgər əlizimdə iqtisadi-kommersiya itkilərini haqlı çıxaracaq səbəblər varsa, siyasi, diplomatik, təhlükəsizlik baxımından kifayət qədər arqument varsa, haqlıdır. Əgər itkilər yüksək, strateji dividendlər aşağı səviyyədədirsə, bu ziyanımızadır.

Rəşad VAQİFOĞLU