“Mənə bəraət verilsə belə, bu tam ədalətin zəfəri olmayacaq”

  • 27 dek 2015, 12:10

Rauf Mirqədirov məhkəmədə son sözünü dedi; hökm gələn həftəyə qaldı

"Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror çıxış edərək, jurnalistin 7 il azadlıqdan məhrum edilməsini təklif edib.

Ötən məhkəmə iclasında Rauf Mirqədirovun vəkili Fuad Ağayev müdafiə nitqilə çıxış edərək, müvəkkilinin günahsız olduğunu bildirmiş və ona bəraət verilməsi üçün hüquqi əsasları sadalamışdı. Dekabrın 25-də isə Rauf Mirqədirov özü məhkəmədə son sözünü deyib.

Qapalı məhkəmə iclası başa çatandan sonra jurnalistlərə açıqlama verən vəkil Fuad Ağayev bildirdi ki, dünən prosesdə yalnız Rauf Mirqədirov son sözünü dedi. Əlisultan Osmanovun sədrlik etdiyi hakimlər kollegiyası hökmün vaxtı barədə gələn həftə məlumat veriləcəyini bildirib.

Fuad Ağayevin sözlərinə görə, jurnalist son sözündə bir daha günahsız olduğunu bəyan edib. Ittihamın qondarma olduğunu vurğulayan Rauf Mirqədirov bəraət hökmünün çıxarılmasını istəyib.

"Hətta bəraət hökmü çıxarılsa belə, bu, qisməədalət olacaq, tam ədalətin zəfəri sayıla bilməz. Həbsdə olduğum iyirmi ayı, bu müddətdə yaza bilmədiyim məqalələri kimsə qaytara, ödəyəbilməz. Bunları nəzərə alanda, heç olmasa, bəraət hökmü çıxarılsın”, – deyə Rauf Mirqədirov son sözündə bildirib.

Xatırladaq ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Rauf Mirqədirov ona qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamını rədd edir və həbsinin jurnalist fəaliyyəti, konkret olaraq, Rusiya əleyhinə yazıları ilə bağlı olduğunu deyir.

Aytən

Oxşar xəbərlər