Əfsanəvi Hollivud aktyoru: “Nağara çalıram” - MÜSAHİBƏ/FOTO
Demokratik.Az Trend-ə istinadən Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqalın müsahibəsini təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz! Sizi burada görməyimizə şadıq. Keçiriləcək konsert və "Natiq" ritm qrupu ilə birgə iş barədə məlumat verməyinizi xahiş edirik.
- Mən çox xoşbəxtəm ki, buradayam. Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə, əsasən də nağara ifaçısı ilə bir layihə həyata keçirim. Və mən çox şanslıyam ki, Azərbaycanın ən yaxşı və tanınmış nağara ustası ilə bir səhnədə konsert vermək imkanı əldə etdim. Digər tərəfdən, blüz elə bir sənət növüdür ki, dünyada çox az sayda adamın bu musiqi haqqında məlumatı var. Blüz musiqisi Robert Conson kimi insanlardan sonra tanındı. Bu musiqinin ən məşhur əfsanələri, məsələn, Hyubert Samlin, Adam Kollins, Haulin Vulf - onlar hamısı bu yaxınlarda dünyalarını dəyişiblər. Mənim bəxtim gətirib ki, onlarla bir mühitdə böyümüşəm və onlarra eyni dövrdə blüz ifa etmişəm. Bu konsertdə blüz musiqisinin ontologiyası və hekayəsi öz əksini tapacaq. Mən bu musiqi ilə yaşamağı və onu gələcəkdə də yaşatmağı istəyən biriyəm.
- Siz ikinci dəfədir ki, Azərbaycana gəlirsiniz və möhtəşəm Heydər Əliyev Mərkəzində çıxış edəcəksiniz. Heydər Əliyev Mərkəzi və Bakı haqqındakı təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Əlbəttə, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl incilərindən biridir. Həqiqətən də çox möhtəşəm bir yerdir. Mərkəzin Auditoriumunun akustikası isə həyatımda gördüyüm ən gözəl akustikadır və bu da burada çıxış etməyimin ən əsas səbəblərindən biridir. Azərbaycan, Bakı mənim çox sevdiyim ölkə və şəhərlərdən biridir. Burada çox yaxın dostlarım var, onları öz ailəm hesab edirəm. Və bura hələ çox gəlməyi planlaşdırıram. Azərbaycanda musiqi ilə məşğul olmağı və "marshal arts" və aykidoya öz töhfələrimi vermək istəyirəm.
- Bakıdan gedərkən buradan hansı suvenirləri aparacaqsınız? Və digər sual: siz simli alətlərdə ifa edirsiniz, bəs nə vaxtsa Azərbaycanın milli simli alətlərində ifa etməyi düşünürsünüzmü?
- Azərbaycan musiqi alətlərində ifa etməyi çox istərdim və hazırda az da olsa nağarada ifa edə bilirəm. Öncə Azərbaycan simli çalğı alətlərini əldə etməli, daha sonra onlarda ifa etməyi öyrənməliyəm. Suvenirlərlə bağlı isə heç bir fikrim yoxdur, bu mənə hədiyyə olunan suvenirlərdən asılı olacaq.
- Bakıda sizi əsas heyran edən...
- Prezident... O məni heyran etdi, çünki onun mənəviyyata baxışı tam fərqlidir. Azərbaycan Prezidenti ilə tanış olduğum üçün çox xoşbəxtəm. Sünni və şiə müsəlmanlarının eyni məsciddə ibadət etmələri, bir-birindən çox da uzaq olmayan xristian kilsələri və yəhudi sinaqoqları, hamının bir-biri ilə dil tapması çox xoşuma gəldi. Məncə, Bakı dünyada ən yaxşı şəhərlərdən birdir.
- Sizin iştirakınızla hər hansı bir filmin Bakıda çəkilişi gözlənilirmi?
- Bəli, bu barədə fikirləşmişəm və qısametrajlı da olsa, bir film çəkməyi planlaşdırıram.
- Keçən səfər zamanı qeyd etmişdiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevdən idmanın inkişafı ilə bağlı təklif almısınız. Sizi bununla bağlı təbrik edə bilərikmi?
- Bəli, Prezident İlham Əliyev mənə "marshal arts” və aykidonun Azərbaycanda inkişafı ilə bağlı yeni iş təklif edib və mən buna razılıq vermişəm.