Jurnalistin anası: "Raufun oxucularına mәn hesabat verirәm"

  • 09 dek 2015, 08:28
Həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva musavat.com-a məktub ünvanlayıb. Oğlunun oxucularına müraciət edən Rəfiqə xanım bildirib ki, ömrü boyu vətəni üçün çalışan Rauf Mirqədirov ağlasığmaz ittihamla üz-üzədir. 


Rəfiqə İsayeva yazır:

   

                    

                            Raufun oxucularına hesabat


Mənim oğlum 20 ay həbsdə qalıb. Tək otaqlı kamerada. Ömrü boyu vətəni üçün çalışan ziyalı ağlasığmaz ittihamla ləkələnib. Bu 20 ay onun həyatından, bizim ömrümüzdən oğurlanıb. Oğlu ilə həmişə qürur duyan atası bu dərdə dözməyib dünyasını dəyişib. Dünyada tanınmış Azərbaycan ziyalısını ləkələməklə dövlətimizin nüfuzuna xələl gətirilib. Belə əldəqayırma işlərə görə dövlətimiz beynəlxalq qurumlarda xoşagəlməz suallarla, qətnamələrlə qarşılaşıb. Halbuki, ziyalıların ləkələnməsi vətəndaş cəmiyyətinin zəiflədilməsi, bizim müstəqil Azərbaycan dövlətçiliyimizin zəiflədilməsinə xidmət edir. 

Mən dəfələrlə dövlətimizə, ictimaiyyətimizə müraciət etmişəm. Rica etmişəm ki, bu haqsızlığa son qoyulsun. Hazırda Raufun məhkəməsi gedir. Həftədə 1 dəfə, 2 saat. 

Raufa verilən bu ağır ittihama tamamilə aid olmayan şahidlər dindirilir. Nə bilim, köhnə qonşumuz, Raufla nə vaxtsa səfərdə olmuş insanlar, keçmiş həyat yoldaşı və s. Onlar da bildiyimə görə Rauf haqqında heç bir mənfi ifadə vermirlər. Əksinə bu ittihamın nə dərəcədə absurd olduğunu hətta Raufu sevməyənlər belə anlayır. Bildiyimə görə indiyədək ifadə verən şahidlərin hamısı Rauf haqqında müsbət danışıblar. Bütün bunları ona görə deyirəm ki, məhkəmə qapalı keçirilir. Mən isə anayam, hər dəfə məhkəmə binasının qarşısında dayanıb şahidlərlə söhbət edirəm. Rauf haqda bir jurnalist kimi, bir vətənpərvər ziyalı kimi hamısı yüksək fikirlədirlər. Bunun üçün mətbuat vasitəsiylə Raufun oxucularına hesabat verməyi özümə borc bilirəm. 

Mənim oğlum günahsızdır. Bunun əksini sübut edəcək heç bir dəlil, sübut, şahid yoxdur. Ola da  bilməz. Bu halda, bu işi belə uzatmağın nə mənası var? Bu ağır günlər mənim oğlumun həyatından gedir. Onun təkotaqlı kamerada yaşadığı hər gün yüz ilə bərabərdir, belə ağır ittihamın altında əzilmək üzərində bir dağ daşımaq deməkdir. 

Raufun şahidləri onun məqalələridir. 30 il ərzində günbəgün yazdığı məqalələri, ölkəsinin inkişafı naminə apardığı təhlilləri, verdiyi prognozları... Əsl şahidlər onlardır. Bu məqalələr Raufun düşüncələri, iç dünyası, əqidəsi, amalıdır. Rica edirəm Raufun ittihamına qətiyyən aidiyyatı olmayan insanları narahat etməyin, onu tanımaq istəyirsinizsə sadəcə məqalələrini oxuyun.

Oxşar xəbərlər