“Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə...”

  • 22 noy 2015, 20:13

"Hacıbala Abutalıbov yeni salınan parklarda balaları üçün restoran, kafe, bar açıb”Uzun müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla mənzil mübahisəsi yaşayan əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. 

JURNALİST Rumiyyə MİRASLAN onunla söhbətləşib.Demokratik.Az maraqlı müsahibəni sizə təqdim edir.


- Salam Şeyx, eşitdik ki, səhhətinizdə problemlər yaranıb.  Allah şəfa versin. İndi necəsiniz? 

- Bakı Şəhər İcra Hakimiyyəti ilə o qədər problemlər yaşadım ki, sonda sağlamlığımı itirdim. Keçirdiyim əsəb, stress, həyəcan sonunda ayaqlarımda, belimdə çox ciddi problemlərin yaranmasına səbəb oldu. İndi də müalicə alıram, ancaq bilirəm ki, heç bir xeyri olmayacaq. Çünki bütün günüm əsəb içində keçir. Evimdə yeddi yerdə vedrə qoymuşam, yağış yağanda evin içinə tökülür. Yuxarıdan kərpiclər uçub camaatın başına düşür. Evdə yeddi nəfər ailə üzvü, iki körpə nəvəm var. Halal zəhmətlə qazandığım bircə otaq evim var idi, onu da uçurdub başıma tökdülər. Bu vəziyyətə sağlamlıq dözərmi?!

- Mənzilinizlə bağlı vəziyyət indi hansı mərhələdədir? Probleminiz həll olundumu? 

- İndi son çarə olaraq möhtərəm prezidentimizə müraciət hazırlayıram. Prezidentimizdən azdan-çoxdan bu ölkəyə xidməti olan sənət adamı kimi, müstəqilliyimizin qurulmasında əməyi olan bir vətəndaş kimi etdiyim xidmətlərin müqabilində heç nə xahiş etmirəm, heç nə istəmirəm. Bircə onu bilmək istəyirəm ki, uğrunda can qoyduğumuz müstəqil dövlət, ulu öndərimizin birbaşa iştirakı ilə, ümumxalq referendum yolu ilə qəbul etdiyi konstitusiya qanunları ilə idarə olunur, yoxsa ki, ayrı-ayrı "maşşennik” nazirlərin, millətə qənim kəsilən "aferist” məmurların şəxsi maraqları ilə?!  Əgər qanunla işləyirsə Azərbaycanın sadə vətəndaşı olaraq öz qanuni haqqımı, konstitusiya hüququmun bərpa olunmasını istəyirəm. Və Hacıbala Abutalıbov da, digər strukturlar da başa düşsün ki, bu dövlət qanunlarla idarə olunur, şəxsi maraqlarla yox. Bu mənada, cənab prezidentə müraciət edirəm. Cənab prezident, siz bu dövlətin, bu xalqın qarantısınız. Və sizin əlinizdə böyük qanun olan Konstitusiya kitabı var. Ölkədəki məmurların böyük hissəsi  ifşa, rüsvay olunana qədər maskalanmış şəkildə sizin adınızdan çıxış edərək həm sosial gərginlik, narazılıq yaradırlar. Nəticə etibarilə xeyir özlərin, zərər millətə, prezidenti olduğunuz xalqa dəyir. Bu mənada mən birmənalı şəkildə öz haqqımı tələb edirəm. Mənə rəsmi olaraq dövlət strukturlarının, dövlət idarələrinin rəhbərləri səviyyəsində bildirirlər ki, Abutalıbova bizim gücümüz çatmır, çünki o, prezidentin ən yaxın adamı olduğunu və "mənə qarşı kimsə nəsə etsə, mənə mane olurlar deyərək prezidentə şikayət edəcəyəm” deyir. Bu qədər özbaşınalıq, qudurğanlıq olmaz ki, bunu Abutalıbov edir. Ən dəhşətlisi odur ki, o, bütün bunları cənab prezidentin adı ilə edir. Dövlət adamları mənə deyir ki, get, öz başına çarə qıl, biz lazımi qərarları versək də icrasına gücümüz çatmır. Abutalıbov ilk əvvəl mənə camaatın arasında and-aman edib dedi ki, iki balamın ölmüşünə səni on-on beş günə buradan köçürdəcəyəm. Ancaq sonradan məni məhkəmələrə çəkdi.  

- Şeyx, mənzil qalmaqalında məhkəmələr axı sizin xeyrinizə qərar çıxarmışdı... 

- Bəli, evimin dağıdılmasını təkcə mən demirəm, bunu rəsmi dövlət strukturları deyirlər, hər birinin rəsmi sənədləri var. Bütün dövlət strukturları evimin Abutalıbov tərəfindən dağıdılması haqqında mənə akt veriblər. Fövqəlada Hallar Nazirliyinin, Məhkəmə Ekspert Komissiyasının, təhlükəsizlik komissiyasının, iyirmiyə qədər deputatın və Prezident Admnistrasiyasının məktubları var ki, bu ailə təcili sürətdə bu mənzildən köçürülməlidir, dəymiş ziyan ödənilməlidir. Hər dəfə məhkəmələr ayrı-ayrılıqda komissiya təşkil edirdilər, sən demə hamısı ondan qorxurmuş. Nəsimi rayon məhkəməsi rayon icra hakimiyyətinin başçısı başda olmaqla evə baxış kçirtdilər və mənim xeyrimə qərar çıxardılar. Yenidən Abutalıbov işi Apelyasiya məhkəməsinə verdi və bir də yeni komissiya yaratdılar və onların da qərarı mənim xeyrimə oldu. Bundan sonra məni Ali Məhkəməyə çağırdılar və Ali Məhkəmə də qəbul olunmuş qərarları qüvvədə saxladı, qeyd etdilər ki, təcili sürətdə dəymiş ziyan ödənilməlidir. Bilrisiniz ki, məhkəmənin qərarı qırx gün müddətində icra olunmalıdır. Məhkəmə qərarının icrasının başında general oturub, onun da rəhbəri birbaşa Fikrət Məmmədovdur. Ancaq bunlar beş aydır ki, mənə eyni sözü deyirlər. Abutalıbov heç kimi saymır, onun üçün qanun yoxdur, o, peşəkar avantüristdir, o, şəxsi məsələləri ilə məşğuldur. Hər dəfə Abutalıbov mənə and-aman edir ki, hər şey yaxşı olacaq, gözləyirəm ki, mənə yuxarıdan göstəriş versinlər. Mən ona başa sala bilmirdim ki, yuxarıdan nə göstəriş olacaq axı, bu evi sən dağıtmısan. Bakının şefisən, çıxdığın bütün hoqqaları yaxşı görürük. Evləri sökdürüb yerində park elədin, içində də balaların üçün restoran, kafe, bar açdın. Yeraltı dayanacağa sənin övladların rəhbərlik edir, haram xoşun olsun. 
Bir şeyi bilmək istəyirəm ki, inanıb etimad göstərdiyimiz prezident vətəndaşları, dövlət qanunlarını müdafiə edir, yoxsa ki, Hacıbala və onun kimi cinayətkar məmurların maraqlarını? İkincisi də, onu demək istəyirəm ki, mənim bu dövlət, prezident, digər strukturlar qarşısında nə günahım var, hansı cinayəti törətmişəm ki, mənə ölkəyə xidmətlərimin müqabilində bu qədər hörmətsizlik, bu qədər özbaşınalıq edilir. Mənim yan-yörəmdə yaşayan hər kəsi köçürdüblər, ancaq hələ də Abutalıbov mənimlə oyun oynayır. Bilmirəm ki, Hacıbalanın atasın öldürmüşəm, anasın ödürmüşəm, uşaqlarına güllə atmışam, Azərbaycan dövlətinə xəyanət etmişəm və ya bəzi generallar kimi Azərbaycanı yeyib talamışam? Möhtərəm prezident, mənim günahım nədir, mən neyləməliyəm axı? Bəlkə Bakı boyda meqapolisi, nəhəng məbədgahı Hacıbala kimi adama hədiyyə ediblər, xəbərsizəm? Prezident qərarları, məhkəmə qanunları müzakirəyə çıxarılmır axı, birbaşa icra olunur. 

- Bundan sonra nə etmək fikrindəsiniz? 

- Mən əlli ildir Azərbaycan milli ideologiyasına, kino-televizya mədəniyyətinə xidmət edirəm. Küçəyə, adam içinə çıxa bilmirəm utandığımdan. Hara gedirəmsə soruşurlar ki, ay Şeyx, bu nə məsələdir belə. İndiyə qədər də utandığmdan prezidentə müraciət edə bilmirdim. Əvvəl düşündüm ki, parlament seçkiləridir deyə istifadə edir deyərlər, ona görə səbr elədim. Daha sonra, ölkədəki generalların məsələsi ortalığa çıxdı, ona görə dayandım. Zatən, onların hansı işlərlə məşğul olduğunu yaxşı bilirdik. Akif Çovdarov o vaxt mənə zəng vurub hədələyəndə hələ mən demişdim, müxbiri müdafiə etmişdim. Mən də oturub gözləyirəm ki, ortalıq durulsun, bəlkə insafa gəldilər. Mən indiyə qədər hüquqi qaydalara əsəsən hərəkət etmişəm ki, bunların cığallıq etməyə əsasları olmasın. İqtisad komissiyası var, başında Museyib adlı şəxs dayanır. Ağsaqqal yaşımda dəfələrlə gedib-gəlmişəm ora, amma onun çağırışına heç kim məhəl qoymur, utanmırlar oturduqları kreslodan. Mənə zəng edib qərar çıxardıqlarını bildirdilər, güya icra strukturları söz veriblər ki, proses gedir. İcra strukturları qırx gündə məhkəməninin qərarın icra etməlidir. Beş ay keçib üstündən, axı hansı proses gedir? Heç olmasa, öz verdikləri qərara hörmət etsinlər... 

Rumiyyə MİRASLAN
Oxşar xəbərlər