“Avtovağzal Kompleksi köçürülməlidir”

  • 05 noy 2015, 08:39

"Avtovağzal Kompleksinin qarşısındakı yol real təhlükə mənbəyi idi. Avtovağzal Kompleksi əvvəldən orada tikilməməli idi”

Bu barədə AİM.Az-a Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira BUDAQOVA Beynəlxalq Avtovağzal Kompleksindəki çökməni şərh edərkən bildirib. Onun sözlərinə görə, həmin ərazi bataqlıqdır:

"Yerin altı sudur. Amma nə etdilər? Guya ki, bataqlığı qurutdular, tikintiyə başladılar. Əslində isə, bataqlığı qurutmaq mümkün deyil. Orada yalnız bu halda tikinti aparıla bilərdi ki, bataqlığın suyu harasa yönləndirilsin, harasa axıb getməsi üçün kanallar olsun. Amma bunlar neylədi? Suyu boğub saxladılar bir yerdə. Bu su haradansa vurub çıxmalıdır. Su bir yerdə qala bilməz. O su sızıb doldu evlərin, binaların altına. Zirzəmilər su ilə doludur. Bu, kənardan gələn su deyil ki, qarşısını nəyləsə kəsəsən. Bunlar yeraltı sulardır. Yeraltı suların da səviyyəsi ildən-ilə artır. Neçə dəfə bu adamlara demək olar ki, Abşeron gil təbəqəsinin üzərindədir. Gil təbəqəsinin qalınlığı 7 metrdir. Qoy gedib ölçsünlər.”

zemfira budaqova13(02.04.2012)Zemfira Budaqovanın fikrincə, yeraltı suların səviyyəsi qalxdıqca, gil təbəqəsini yuyub aparır, sürüşmə prosesi gedir:

"Ona görə də həmin ərazidə tikinti o halda aparıla bilərdi ki, suyun axarı olsun. Su bir yerdə yığılıb qalmasın. Su mütləq özünə yol tapıb çıxmalıdır və çıxır da. Adi təbiət qanunlarını, fizika, geologiya qanunlarını da bilmirlər. Bəlkə də əhəmiyyət vermirlər. Təki nəsə tikilsin. Öz mənfəətlərini düşünürlər. Amma görürsünüz ki, düzgün aparılmayan işin fəsadları bir gün üzə çıxır. Yadınızdadır, Şirvanşahlar sarayının altında yeraltı tunellər üzə çıxmışdı. Deyirdilər, şah bu yolla saraydan çıxırmış, nə bilim, qaçırmış. Hamısı boş söhbətlərdir. O yollar suyun axarı üçün tikilib. Müəyyən məsafədən bir hündür tağlar var. Bakının köhnə məhəllələrinin hamısında belə idi. Yeraltı kanallar vardı. Suyun səviyyəsi qalxanda o tağlarla istiqamətlənib dənizə axırdı. Amma neylədilər? O yolları, kanalları açıb hərə bir restoran, kafe tikdi. Suyun yolu da bağlandı”.

Xanım memar hesab edir ki, orada real təhlükə var və bunu ört-basdır etmək, gizlətmək də heç kimə xeyir gətirməyəcək:

"Doğru olanı insanlara demək, təhlükəsizliyi təmin etmək lazımdır. Həmin yolla avtomobillərin hərəkəti qadağan edilməlidir, çünki həyat üçün təhlükəlidir. Avtovağzal Kompleksi də oradan köçürülməlidir. Əgər suyu yönləndirə bilmirlərsə, başqa ərazidə avtovağzal tiksinlər”.

Orxan,