Keçmiş maliyyə nazirinin açıqlamasına reaksiya-deməli elə şeylər var ki, demək olmur

  • 24 okt, 10:51
  • baxış sayı: 450
Saytlarda keçmiş maliyyə naziri Əvəz Ələkbərovun "Eldar Mahmudovun kəsdiyi başa sorğu-sual yox idi" yazısını oxuduqda, məmurların vəzifələri sayəsində formalaşan özlərinəməxsus yanaşma halları həyatın nə qədər boz olduğunu göstərib, gələcəyə olan ümidləri heçə endirir. Və çox təəssüf ki, belə yanaşmalar bizi heç vaxt məbədə apara bilməz və buna görə də biz heç məbədə gedib çıxa da bilmirik. Məhz,  belə  hallara son qoyulmasa biz bir cəmiyyət kimi yaddaşlardan silinib gedəcəyik. Axı bu qədər də olmaz?!
Əgər E.Mahmudov vəzifədə olanda, fərqi yoxdur Siz nazir kimi, yaxud eks-nazir kimi münasibət bildirsəydiniz, onda bu günkü gündə dediyiniz sözlərin bir önəmi olardı. Ancaq indi münasibət bildirməyiniz bir az həyatı dərk edən insanlar üçün yersiz görünür.
  
Mən  faktlarla, dəlillərlə nazir işlədiyiniz vaxtda Sizin bizə anlatmaq istədiyiniz durumdan heç də fərqli olmayan  ətrafımda baş verən yalnız bir epizodu Sizə xatırlatmaq istəyirəm ki, ictimaiyyətdə Sizin bu günkü münasibətinizə bir baxış yaransın. Yoxsa biz hər şeyi ya tez yaddan çıxarırıq, ya da  öz əməllərimizə heç nəzər salmırıq. 

Bu gün E.Mahmudova söylənilən fikirləri eynilə sizin nazir işlədiyiniz illərdəki fəaliyyətinizə də aid etmək olar. Bunu mən əlimdə fakt olduğu üçün deyirəm. Bunların sübutu üçün bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Sizin nazir işlədiyiniz müddətdə, yəni  10 mart  2003-cü ildə  heç bir hüquqi əsası olmayan sənədlə direktoru olduğum "Zəngəzur-MZ” k/m-də araşdırma həyata keçirdiniz. Onu da  qeyd etməyi vacib sayıram ki, 10 mart 2003-cü il tarixdə müəssisəmə təşrif buyuran yoxlayıcılar Nazirlər Kabinetinin qaydalarına daban-dabana zidd olan  nazirliyin uçot idarəsi rəisi E.Cəfərov tərəfindən tərtib edilmiş, nazir müavini H.Əsədov tərəfindən təsdiq edilmiş "Nümunəvi proqram”la gəlmişdilər.  Ən təəccübləndirici məqam isə həmin "Nümunəvi proqram”ın Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmədiyi və yoxlama aparılması üçün hüquqi əsasının olmaması idi (lazım olsa o "Nümunəvi Proqramın surətini Sizə göndərə bilərəm, yaxud ictimaiyyətə göstərə bilərəm). Bütün bu qanunsuzluqların yeganə səbəbi mənim vaxtı tamam olan lisenziyamın yenidən verilməsinin  istənilməməsi idi. Buna görə də  lisenziyamı verməmək üçün süni yollarla (yəqin başa düşdünüz) mənə anlatmaq istəyirdilər ki, bizimlə qanunla yox, "o biri yolla” danışmaq lazımdır. Ancaq mən hüquqi müstəvidə lisenziyamı almaq istəyirdim. Bu vaxt Sizlər mənim başıma nə oyunlar gətirdiniz bunu bir Allah bilir, onları da mən sadalamaq istəmirəm, çünki  özünüz deməli elə şeylər var ki, demək olmur. Əgər onları deməli olsaq, bu böyük müzakirələrə səbəb olar. 

Sizin qanunsuz yoxlama aparmağınız haqda məhkəməyə müraciət etdikdən sonra, qanunsuz əməlləriniz müqabilində 1 saylı İqtisad Məhkəməsində iki yüz milyon manat təzminat (40000AZN), bir də lisenziya verməyiniz barədə qətnamə çıxarıldı. Apellyasiya hakiminin üstünə necə getdinizsə, hakim hazırlıq iclasında təzminatı ləğv edib, lisenziya verilməsini qüvvədə saxladı. Hətta Ali Məhkəmənin Plenumu da lisenziya verilməsinə dair qərar qəbul etsə də Siz məhkəmənin qərarlarına tüpürüb, mənə lisenziya vermədiniz. H.Əsədov da 4 dəfə Vergilər nazirinə yazıb, heç bir əsas gətirmədən mənim fəaliyyətimi yoxlamağı onlardan tələb etdi. (yoxlamanın surətini göstərə bilərəm). Mən bir məsələni də qeyd edim ki, icra məmuru qorxusundan əlində lisenziyanın verilməsinə dair icra vərəqəsi ilə Nazirliyə girə bilmədi. Mən Sizə dəfələrlə "cənab maliyyə naziri Ə.Ələkbərov” ilə başlayan məktublar yazsam da, Siz o məktubları oxumadınız, qaldı ki məktuba reaksiya verəsiniz.         
Yalnız Siz və Heydər Əsədov vəzifədən gedəndən sonra tanımadığım, bilmədiyim Samir Şərifov heç bir maneə yaratmadan məhkəmənin qərarını həyata keçirərək, mənim lisenziyamın vaxtını uzatdı. Niyə bunları Sizə xatırladıram?! Çünki Siz və Sizin kimilər kiçik sahibkarlığın yox olmasında  əvəzsiz rol oynamısınız. Buna Sizin haqqınız yox idi. Əgər zamanında Sizə layiqincə münasibət bildirilmiş olsaydı, bu gün belə danışmazdınız.
 Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, Sizinlə eyni nazirlikdə yüksək vəzifədə olan məmurlardan biri düşdüyü çətin vəziyyətdən qurtulmaq üçün məndən 50 milyon manat (10000 AZN) məbləğində məhsulun çap edilməsini istədi, mən onun verdiyi sözə etimad göstərərək məhsulu çap etsəm də, o bu hadisənin üstündən 16 il keçməsinə baxmayaraq, hələ də ödənişi həyata keçirməyib. İndi sizin o həmkarınız  düşünür ki, 10000 AZN verilməyəcək, etdiyi bu ədalətsizlik də cavabsız qalacaqdır. Amma onu da xatırlatmaq istdərdim ki, ədalət elə bir gözlənilməyən zamanda insanın qarşısına çıxır ki, o zaman insan tərədddüd etmədən hesab verməyə məcbur olur. Ona görə ədaləti gözardı etmək olmaz. Buna nə sizin, nə də başqalarının haqqı var. Sonda onu qeyd edim ki, bir insana edilmiş haqsızlıq bütün topluma edilmiş təhditdir.
   
İbrahim İsgəndərli
Oxşar xəbərlər