“İqbal Ağazadəyə dedim ki, pulum yoxdu” - MÜSAHİBƏ

  • 14 okt, 10:48
  • baxış sayı: 636
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkədəki siyasi vəziyyətlə bağlı Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Ayaz müəllim, hazırda ölkədə parlament seçkiləri ilə əlaqədar hazırlıqlar gedir. Təbliğat-təşviqat kampaniyalarına start verilib. Seçkiöncəsi aktivliyi müşahidə edə bilirsinizmi?

- Bu işlərdən uzaq olduğum üçün seçkilərlə bağlı dəqiq nəsə deyə bilməyəcəm. Çalışacam ki, 1-2 günə qəzet səhifələrində, saytlarda seçkilərlə bağlı yazılan informasiyalarla daha geniş şəkildə tanış olum.

- Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sizin yaxın dostunuz olan Araz Əlizadə də deputatlığa namizədliyini irəli sürüb. Bu barədə nə deyə bilərsiniz?

- Lap yaxşı. Məsuliyyətli işdə Araz Əlizadəyə uğurlar arzulayıram.

- Amma Araz Əlizadə Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə eyni dairədən namizəddir. Bu isə onlar arasındakı mübarizəni gərginləşdirir. Hər ikisi mətbuat səhifələrində qarşılıqlı ittihamlar səsləndirirlər.





- Hər kəs özünə görə cəmiyyət tərəfindən hörmətə layiqdir. Parlamentin gələcək işlərində Araz Əlizadə də öz payını verə bilər. Çünki o natiqdır, məlumatlı adamdır. Həqiqəti deməyi sevəndir.

-Bəs İqbal Ağazadənin siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Həmçinin, İqbal Ağazadə də söz sahibidir. O da həmişə məntiqli sözlər danışıb, təkliflər irəli sürür. İqbal Ağazadənin haqqında məlumatsız deyiləm. Mənə elə gəlir ki, İqbal Ağazadə ilə Araz Əlizadə müxtəlif dairədən deputatlığa namizəd olsa idilər, parlament udardı. Çünki ortada keyfiyyət, təcrübə, natiqlik, o cümlədən, insanlara öz fikrini çatdırmaq məsələsi var. İstedad sözünü siyasi xadimlərə də vermək olar. Bunlar da istedadlı siyasi xadimlərdir. Onlar böyük müəllimlik edir.

- İqbal Ağazadə vaxtilə sizinlə Vətəndaş Birliyi Partiyasında təmsil olunub. İstərdik o illərə bir də nəzər salasınız.

- İqbal Ağazadə ilə bir dəfə Vətəndaş Birliyi Partiyası ilə bağlı görüşümüz olub. Səhv etmirəmsə, 1999-2000-ci illər olardı. Sabir Hacıyevlə bir yerdə İqbal Ağazadə də Moskvaya gəlmişdi. Həmin vaxt biz Azərbaycan məscidində görüşdük. İqbal Ağazadə partiyanın təşkilatı məsələrinə toxunaraq çox maraqla danışırdı. Həmin vaxt İqbal Ağazadə bir məsələyə toxundu. O məsələ heç yadımdan çıxmır. Söhbət zamanı dedi ki, işgüzar partiya yaratmaq istəyiriksə, bu təşkilatın maddi qaynaqları olmalıdır. Gülə-gülə dedim: "Bu sahədə təcrübəsizəm, çünki pulum yoxdu. Amma, başqa nə kömək lazımdırsa, edərəm”.
Ümumiyyətlə, partiyanın özünü doğrulda bilməsi üçün maddiyyatın olması çox önəmlidir. İqbal Ağazadəni dilli-dilavər şəxs kimi xatırlayıram. Bir dəfə görüşsək də, müsbət insan kimi yadımda qalıb.

Düzdür, İqbal Ağazadə ilə bir dəfə görüşsək də, Araz Əlizadə ilə aramızda uzun illərdir ki, dostluq əlaqələri var. 1989-cu ildən bəri dostuq. O zamanlar ilk dəfə olaraq Azərbaycan Sosial-Demokrat Partiyasını öncə qrup şəklində, sonra isə partiya olaraq qeydiyyatdan keçirtdik. Birpartiyalı sistemdə ikinci bir partiyanın qeydiyyata alınması Sovet dövründə yeganə hal idi. O da Azərbaycanda həyata keçirilib.

- Son vaxtlar cəmiyyətdə bir çox insanların deputat olmaq istəyi diqqət çəkir. Hətta, namizədlər arasında meşəbəyi, mebel ustası da var. Hamının deputat olmaq istəməsi doğrudurmu?

- Düşünürəm ki, hər kəs öz işilə məşğul olmalıdır. Deputatlığa meyl edən insanların sayı çox olsa, o zaman yerlərdə, başqa sahələrdə kim fəallıq göstərəcək?! Axı, deputatlıq məsul vəzifədir. Deputat xalqın sözünü, xalqın iradəsini cəmiyyətə çatdırır. Təəssüf ki, bəzi adamlar deputat kimi illər boyu bir kəlmə belə, kəsmirlər. Heç nə danışmırlar. Ad çəkmək istəmirəm. Amma, elə adamlar var. Çünki deputat olan şəxs üzərinə məsuliyyət götürür. Təbii ki, deputat olmaq istəyi Konstitusiya ilə hamının hüququqdur. Əks hal demokratiyaya ziddir. Ona görə də dövlətin geniş səlahiyyətlərindən səmərəli faydalanmaq lazımdır.

Namidə BİNGÖL
Oxşar xəbərlər