Şəmkirdən VİDEOşikayət: "Həkim dizimi səhv müalicə edib deyə əməliyyat olunmalıyam"

  • 11 yan 2022, 14:28
Şəmkir rayonu Zəyəm kənd sakini Verdiyeva Məlahət Qədir qızı hazırda sağlamlığında yaranmış ciddi problemlərin günahının bir qismini Şəmkir Tibb Mərkəzinin həkimi Ədalət Allahverdiyevdə görür.
Vətəndaşın Demokratik.Az-a bildirdiyinə görə, ötən ilin avqustunda diz ağrılarından şikayətlənərək müalicə məqsədilə Şəmkirdə yerləşən Tibb Mərkəzinə müraciət edib. Onu orada travmatoloq-ortoped kimi çalışan Ə.Allahverdiyev qarşılayıb. Həkim müvafiq müayinələrdən sonra pasientə müalicələr yazıb, xanımın diz oynağının şəfa tapacağına bol ümidlər verib. Lakin, bir müddət sonra xəstə özünü daha da ağırlaşmış hiss edib, aparılan müalicənin onda əks nəticələr yaratdığını bilib. Məlahət Verdiyeva son müayinələrlə endoprotezləşmə üçün təcili əməliyyat olunmalı olduğunu öyrənib.

Şikayətçinin iddiasına görə, onun dizinin əməliyyat mərhələsinə çatdırılmasında Ədalət Allahverdiyevin səhv müalicələləri rol oynayıb. Xanım hesab edir ki, həkim savadsızlığı və səhlənkarlığı onun sağlamlıq durumunu daha da pozub və gənc həkim bu əməlinə görə cavab verməlidir. Şikayətçi özəl klinikaya xeyli pul ödədiyini, həkimlə son dialoq zamanı təhqir edildiyini, ona etinasız yanaşıldığını da deyir.

Vətəndaşın şikayətilə əlaqədar Ədalət həkimlə əlaqə saxladıq. Həkim isə iddiaları tamamilə rədd edir.
"Adıçəkilən Şəmkir sakini mənim yanıma 6 ay əvvəl gəlib. Müraciəti zamanı diz oynağının rentgen müayinəsi aparılıb, hər hansı qırıq və çıxıq aşkar edilməyib. Sadəcə şişkinliyi olub və ona görə zəruri resept yazmışam. Daha sonra pasient nə yanıma gəlməyib, nə də telefon əlaqəsi yaratmayıb deyə düşünmüşəm ki, sağlamlığında artıq problem olmayıb. İndi isə gələrək deyir ki, müalicəsini guya mən səhv aparmışam. Dediklərinin heç bir əsası yoxdur, hazırki sağlamlıq durumu barədə isə indi konkret nəsə deyə bilmərəm..." - deyə Ədalət Allahverdiyev bildirib.

Demokratik.Az 
Oxşar xəbərlər