“Ələ baxan” jurnalistikanı qanun xilas edə bilməz - Elçin Şıxlı

  • 11 dek 2021, 19:47
MƏNİM ÜÇÜN ƏSAS QANUN JURNALISTIKANIN PRİNSİPLƏRIDOR
"Yeni qanunu tam şəkildə incələyə bilməmişəm. Amma bilirəm ki, jurnalistika ilə bağlı bir sıra anlayışların tərifi verilib. Qeydiyyat, lisenziya, vahid vəsiqələrin verilməsi və s. Barədə qaydalar müəyyənləşib. Bunlar hamısı lazımlı məsələlərdi. Amma bilməliyik ki, jurnalistikanın inkişafı qanunla həll olunmur".

Bu sözləri Bakupost.az -a Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "Media haqqında" yeni qanun layihəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi cəhətdən asılı vəziyyətdə olan bir sahəni hansısa qanun qəbul etməklə dirçəltmək çətin məsələdir:

“Milli Məclisdə müzakirə zamanı "Media haqqında" yeni qanun layihəsini bəyənənlər də oldu, bəyənməyənlər də. Ümumiyyətlə, Azərbaycanda qanunda yazıldığı kimi media subyektləri maddi cəhətdən öz-özünü təmin edə bilmir. Bütün strukturlar “ələ baxır”. Ya Medianın İnkişafı Agentliyi tərəfindən yardım olunur, ya hansısa təşkilat, yaxud kimdənsə, necəsə pul alırlar. Bu belə olmamalıdır. Düşünməliyik, necə edək ki, biznes strukturu kimi fəaliyyət göstərək, özümüzü maddi cəhətdən təmin edək və nə büdcədən asılı olaq, nə də onun-bunun əlinə baxaq... Əsas məsələ mənim üçün budur.

Qanun başqa, peşəkar jurnalistika isə tamam başqadır. Bu qanunda müsabiqə necə olmalıdır, jurnalist vəsiqəsini almaq üçün hansı şərtlər var, jurnalistin, media subyektinin tərifi qeyd olunur. Yəni bunların hamısı hüquqi terminlər, tənzimləmələrdir. Amma jurnalistikanın inkişafı qanunla həll olunmur".

Elçin Şıxlı vurğulayıb ki, jurnalistikanın inkişafı, ənənəvi medianın sosial şəbəkələrə uduzmasının qarşısını almaq üçün tamam başqa işlər görülməlidir:


"Media haqqında yeni qanunun qəbul edilməsi günün tələbidir. Çünki yeni texnologiyalar, media platformaları yaranıb, informasiyanın ötürülməsi üçün yeni yollar, imkanlar var. Burada yeni platformaların da müəyyən dərəcədə tərifi verilib və onların fəaliyyətinin qanuni şəklə salınması yolları göstərilib. Bunlar hamısı yaxşıdır. Amma şəxsən mən tamam başqa məsələlər düşündürür. Əsas problem odur ki, ənənəvi media ictimai rəyin formalaşdırılmasına bizim istədiyimiz qədər təsir imkanına malik deyil. Çünki “Youtube”, yaxud “Facebook”da və digər sosial şəbəkələrdə olan hansısa bir kadr paylaşır, altından da bir ifadə ilə öz münasibətini bildirirlər. Hamı da ona inanır.

Mənim peşəkar jurnalistika qaydalarına uyğun olaraq yazdığım informasiyanın isə heç bir təsiri olmur. Biz bu problemlər barədə düşünməliyik. Mənim üçün əsas qanun peşəkar jurnalistikanın prinsipləridir”.
Oxşar xəbərlər