Zahid Oruc: ”Vətən müharibəsində qələbəni “yeni media” ilə qorumalıyıq”

  • 11 dek 2021, 13:31
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc ötən gün Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin keçirdiyi birgə iclasda “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı çıxış edib.
Demokratik.Az həmin çıxışı oxucuların diqqətinə çatdırır: 
"İlk növbədə, icazə verin 10 dekabr Beynəlxalq insan hüquqları günündə hər birinizi ürəkdən salamlayaq, Vətən müharibəsində parlaq qələbəmizin birinci ilini milyonlarla vətəndaşımızın və bütövlükdə xalqımızın Hüquq bayramı kimi qəbul edək. Ötən il 10 dekabr günündə Azadlıq meydanında Qələbə paradını təntənə ilə qeyd edən Azərbaycan xalqı indi Hərbi Zəfərini bütün sahələrə, o cümlədən, milli mətbuatımızın gələcəyinə daşıyır.
Müzakirəsinə toplaşdığımız Yeni Media qanunvericiliyinin belə geniş formatda ictimai dinləmələrə çıxarılması 2-ci Qarabağ müharibəsindəki qalibiyyətdən sonra söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəf və məqsədlərini müəyyən etməyə, onun iqtisadi bazisini, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, kütləvi informasiya meydanında suverenliyimizi qorumağa xidmət edir. Biz dəqiq bilirik ki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir.
Gəlin, birlikdə xatırlayaq: 2019-cu ildə Prezident  İlham Əliyevin Yeni Hakimiyyət quruculuğu ölkə rəhbərinin sərt tənqid etdiyi media siyasətində də bir çox dəyişikliklərə səbəb oldu.Söhbət əlbəttə, təkcə mətbuat və kütləvi kommunikasiya quruculuğuna məsul şəxslərin əvəzlənməsindən, Administrasiya tərkibində yeni şöbənin və Media Agentliyinin yaradılmasından, bu sahədə hüquqi, kadr və struktur dəyişikliklərindən getmir, eləcə də 146 yaşlı mediamızın klassik ənənələrini qoruyub saxlamaqla onu hazırki “rəqəmsal inqilab və azad məlumat mədəniyyəti” dövrünün tələblərinə uyğunlaşdırmaqdan, ölkədaxili kommunikasiyanın bütün istiqamətlərində-şaquli və üfiqi səviyyələrdə  təzədən qurulmasından gedir.
Dövlətin media siyasətində dönüşə səbəb olan yeni yanaşmalar və görüşlər, onu idarəçiliyin təməl dayaqlardan biri kimi qəbul etməyə və bu məqsədlə həm hüquqi bazanı yeniləməyə, həm də media strategiyasının qəbulu üçün hazırlıqları davam etdirməyə, bütün hakimiyyət qolları, eləcə də bu sahəyə məsul şəxslərin qarşısında konkret hədəfləri və  aydın təsəvvürləri  formalaşdımağa xidmət edir.
Bəli, ölkə başçısı azad mətbuat istəyir.Lakin bu tezis həm də bütün kənar və çirkli informasiya axınlarından azadlığı tələb edir. Prezident deyir-sitat: ”Administrasiyada işləyənlə bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez alıram və dərhal reaksiya verirəm”. Göründüyü kimi, operativ, obyektiv və peşəkar mətbuat təkcə millətiimiz üçün deyil, Birinci şəxsdən ötrü də həyati əhəmiyyət daşıyır. Lakin dövlət başçısı 2019-cu ildə çıxışlarının birində kütləvi informasiya siyasətində hökm sürən mənfi prosesləre belə qiymətdirmişdi: “islahatlara meyilli kadrları qaralayırlar, o cümlədən mətbuatda”. Aydın məsələdir ki, bu vahid komanda prinsiplərinə zidd idi və belə şəraitdə dəyişikliklər qaçılmaz oldu.
İndi rəqəmsal media əsrində heç kəs şübhə etmir ki, zəif mətbuat dövlət və millət üçün təhlükəlidir.Gəlin tarixdən xatılayaq: bir vaxtlar avropalı mütəfəkkirlər hakimiyyəti “ictimai müqavilə” sənəti adlandırırdılar, proletar inqilabının başçıları “İskra”ya kollektiv təşkilatçı, təbliğatçı və təşviqatçı kimi baxırdılar, müasir dövrdə isə hakimiyyət məhz kommunikasiya sənətidir. Kim informasiya iqtidarına çevrilirsə, o da  idarə edir.Əks halda, iqtisadi sferada xaricdən asılılıq nə qədər ziyanlıdırsa, məlumat idxalçısına və istehlakçısına çevrilmək də informasiya suverenliyinə zərbə vurur.
Vətən müharibəsi göstərdi ki, mətbuat və informasiya siyasəti hərbi meydanda aparılan əməliyyatlar qədər əhəmiyyətlidir. Dövlət başçısının 44 günlük müqəddəs müharibə zamanı təkcə əsgər və zabitlərin savaş apardığı silahlı səngərdə deyil, eləcə də ölkəmizə qarşı fəaliyyət aparan qlobal şəbəkələrə, cəmiyyətimizə xaricdən sistemli hücumlara, saxta xəbər istehsalı ilə düşmənə hər cür mənəvi, siyasi, diplomatik və hərbi dəstək verənlərə qarşı informasiyanın ön cəbhəsində getməsi, müharibənin ağır günlərində 33 müsahibə ilə müstəqillik tariximizdə bənzəri olmayan “Birinci döyüşçü” obrazının yaradılması misilsiz hadisə idi. 26 fevral 2021-ci ildə millətimiz üçün həssas bir gündə ölkə rəhbəri məhz dünyanın 50 dən artıq media təmsilçisi ilə görüşdü, son 3 ildə mətbuatla təmasları ən yüksək səviyyəyə çatdırdı, kütləvi informasiya vasitələrinə 4-cü deyil, bir sıra hallarda 2-ci hakimiyyət qolutək yanaşdığını nümayiş etdirdi.
Hörmətli dostlar, Azərbaycanın mətbuatının görkəmli simaları kimi sizə dünya inormasiya məkanında cərəyan edən prosesləri sadalamaq doğru olmaz. Ona görə də “Media qanunu” layihəsi haqqında konseptual fikirləri sizinlə bölüşmək istərdik.Birinci onu vurğulayaq ki, sənəd 800-dən artıq mətbuat təmsilçisini əhatə edən çoxsaylı görüşlərdən, diskussiyalardan, qapalı dinləmələrdən keçib və 2019-cu ildə Prezidentin “media islahatlarının dərinləşdirilməsinə dair” fərmanından sonra yaradılan işçi qrupun Milli Məclis üzvləri ilə birgə hazırladığı layihə indi sizə təqdim olunur.
Bildiyiniz kimi, hazırki KİV haqqında qanun” qəbul olunduğu 1999-cu ildən ötən 22 ildə 79 dəfə müxtəlif dəyişikliklərə məruz qalıb və razılaşın ki, bu şəraitdə media sahəsində sürətlə dəyişən çağırışları və tələbləri tənzimləmək mümkün deyil.Digər tərəfdən,Televiziya və Radio yayımına dair bir sıra ölkələrdə vahid qanunvericilik aktı olduğundan indi müzakirəyə çıxarılan layihə qəbul ediləndən sonra istər “KİV haqqında”, istərsə də “Televiziya və Radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək və hazırki layihə bu sahədə hüquqi münasibətləri tənzimləyən ana qanuna çevriləcək.Yeri gəlmişkən, Avropa Birliyi məkanında “kütləvi informasiya vasitələri” termini normativ olaraq müəyyən edilməyib, yalnız milli qanunvericiliklərin predmetidir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.İlk fəsildə, qanunun tətbiq dairəsi müfəssəl şərh olunub və bildirilib ki, Azərbaycan respublikası ərazisində təsis olunan media subyektlərinə, redaksiyalara və onların məhsullarına, eləcə də sərhədlərimizdən kənarda olan və fəaliyyəti respublikamıza yönələn media subyektlərinə, jurnalistlərə və xarici medianın yalnız ölkəmiz daxilində yayılan hissəsinə qanunvericilik şamil ediləcəkdir.
Beləliliklə, layihədə yer alan əsas anlayışların dədiq hüquqi definisiyası ətraflı şərh olunur:kütləvi informasiya nədir, o cümlədən redaksiya, media, məsul redaktor və jurnalistin hüquqi statusu ilə bağlı anlayışlar sənəddə yeni formulədə əksini tapır.
Prinsipial məsələlərdən biri media subyektlərinin dairəsidir. Buraya ilk növbədə, audiovizual media subyektləri, çap və online media, o cümlədən informasiya agentlikləri daxildir.Biz vaxt almamaq üçün, hər bir subyektə daxil olan struktur elementləri göstərmirik.Bəllidir ki, audiovizual subyektlər deyərkən yerüstü telaradio yayımı, platforma yayımçısı və digər subyektlər daxildir.Media sahəsində səlahiyyətli orqanlar kimi, həm Milli Televiziya və Radio Şurası, həm də Media Agentliyi qanunun icrasına nəzarəti  həyata keçirəcəkdir.
Mühüm məsələlərdən biri də əvvəlki aylarda qapalı dinləmələr zamanı gördüyümüz kimi, media subyekti sayılmaq üçün tələblərə aiddir.Əlbəttə deyə bilərik ki, burada vahid beynəlxalq standart yoxdur.Hər bir ölkə özünün informasiya məkanını qorumaq üçün müxtəlif tələblər irəli sürür. Ona görə də media subyektinə çevrilmək hüququ informasiya təhlükəsizliyini nəzərə alaraq, əgər təsisçi fiziki şəxs olarsa, onun Azərbaycan respublikasında daimi yaşayan vətəndaş olması, əgər hüquqi şəxsdirsə, o zaman nizamnamə kapitalında 75 faizlik üstün iştirak payı ölkəmizdə daimi yaşayan vətəndaşlara və ya qeydiyyatdan keçən hüquqi şəxslərə mənsub olması layihədə özünə yer alıb. Elə buradaca qeyd edək ki, oxşar müddəalar Avropa Birliyinə daxil olan ölkələrdə  də mövcuddur.
Növbəti məsələ lisenziyalaşma ilə bağlıdır.Bildiyiniz kimi, lisenziya çap və digər növ media qurumlarına deyil, yalnız audiovizual subyektlərə aid olduğundan layihədə hansı növ icazə sənədlərinin alına biləcəyi dəqiq göstərilib.
Xüsusi olaraq, copy-past jurnalistikasının, təkcə məzmun və kontent deyil, eyni zamanda intellektual mülkiyyət məhsullarının açıq-aşkar oğurluğuna aid ediləcək informasiyadan istifadənin qaydaları layihədə əksini tapıb. Bir tərəfdən, hər hansı media subyekti digərinin informasiya və ya proqramlarına istinad etmək üçün abunəlik və müqavilə bağlamladır, digər tərəfdən münasibətlər hüquqi çərçivədə deyilsə, o zaman başqa media orqanlarının informasiyasının üçdə birindən çox olmayan hissəsindən istifadə hüququ var.Əlbəttə, burada müxtəlif yanaşmalar ola bilər, lakin uyğun formul bundan ibarətdir.
Redaksiya materiallarının saxlanılması, audiovizual prqoramların auditoriya həcminin ölçülməsi, çapolunma tezliyinə və ərazi dairəsinə görə qəzetlərin dövriliyi, fəaliyyətlərinin və məhsullarının hansı hallarda məhkəmə qərarı ilə dayandırılmasına dair müddəlar da sənəddə əksini tapmışdır.
Prinsipial məqamlardan biri də media subyektlərinin reyestrinin vahid qurumda həyata keçirilməsidir.Xüsusilə vurğulayaq ki, ölkəmizdə müxtəlif sahələrdə reyestrləşmə aparılır və bu bir tərəfdən etibarlı Data Bazanın formalaşmasına xidmət edir, digər tərəfdən münasibətlərə hüquqi xarakter verir və müxtəlif sosial, iqtisadi, yaxud digər imtiyazların əldə olunması üçün etibarlı platformanın yaradılmasına kömək edir.Burada bürokratizm, süni şəkildə reyestrə daxil etmək, yaxud etməmək, keçmiş informasiya nazirliyinin səlahiyyətlərinin bərpasından əsla söhbət getmir.İstər çap, istərsə də on-line, o cümlədən Şurada qeydiyyadan keçən audiovizual subyektlərin prezidentin müəyyənləşdirdiyi müvafq orqanda dövlət reyestrinə alınması və onlara şəhadətnamənin təqdim olunması normal hüquqi prosedurdur. Beləliklə, reyestrdə yer alan jurnalistlərə vəsiqənin verilməsi də məhz həmin tələblərdən irəli gəlir. Daha da aydınlıq üçün deyək ki, reyestrdə olmayan media təmsilçilərinin jurnalist sayılmayacağı haqqında heç bir müddəa yoxdur, olması da gözlənilmir. Jurnalist vəsiqəsinin alınmasına dair meyarlar hər birinizin daim ictimaiyyətə təqdim etdiyiniz və beynəlxalq təcrübədə özünü göstərən prinsiplərə tam uyğundur.Ən başlıcası, jurnalistin azad fəaliyyəti üçün onların peşə təşkilatlarını sərbəst yaratması, qanuni fəaliyyətlərinə qarşı təqib edilməmələri və onlara təzyiq göstərilməməsi, qanunsuz müdaxilənin yolverilməzliyi layihədə əsas müddəlar sırasındadır.Lakin Milli Məclis təmsilçisi kimi biz çox istərdik ki, Hökumət orqanları jurnalistlərə müxtəlif imtiyazlar təklif edən parlament üzvlərinin mövqeyini anlayışla qarşılasın və ictimai nəqliyyatdan pulsuz istifadəni, yaxın gələcəkdə sosial ipoteka və vergi güzəştlərinin verilməsi təkliflərini də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir, halbuki, daim hərəkətli janrda fəaliyyət aparan media təmsilçilərinə belə bir hüququn verilməsinin ictimai-sosial və mənəvi əhəmiyyəti qat-qat böyükdür.Əgər gərək olsa, model olaraq təqdim edilən Qərb ölkələrindən yüzlərlə nümunə gətirə bilərik.Dünyada medianın qanuni maliyyələşməsinin çoxlu yolları var və  orada jurnlaistlərin orta aylıq əməkhaqqı digər əhali qrupları sırasında yüksək yerdədir.
Sonuncu fəsildə Media reyestrində olan jurnalitslərin müxtəlif dövlət və qeyri-hökumət qurumlarında akreditasiyaya alınması qaydaları, eləcə də fərdi jurnalisitika təmsilçilərinin belə bir hüququndan bəhs edilib.
Hörmətli dostlar, bir daha sizə  diqqətinizə görə təşəkkür edərək, bir çoxlarınızın parlament üzlüyünə haqlı olaraq namizədliyinizi verdiyinizi məmnuniyyətlə xatırlayaraq, sırf rəsmi hüquqi dildə deyil, daha çox mediamızın on illərlə ayaqda qalması, inkişafı və Vətən müharibəsinin qalibi cərgəsində yer tutan qələmli ordu kimi sizləri dinləmək, qaynar, açıq və məhsuldar müzakirələrə, layihənin daha da zənginləməsi üçün sizi aktiv polemikalara dəvət edirik.Bz ümidvarıq ki, yeni Media qanunu milli tariximizin ayrılmaz bir parçası olan mətbuatın yeni dünyəvi çağırışlara hazırlanmasına, dövlətimizin, millətimizin və qələmli ordumuzun yeni mövqelər qazanmasına təkan verəcəkdir.Bir sözlə, Medianın güclənməsi ölkənin ictimai-siyasi və ideoloji həyatında da böyük dəyişikliklərə səbəb olacaq!
Diqqətinizə görə təşəkkür edirik!"
Oxşar xəbərlər