Demokratik TV
Ekoloqdan ilginc iddialar: “Meşələr ekoloji silah vasitəsilə yandırılır”
“Meşə öz-özünə yanmır...”
Qardaş Türkiyə də daxil olmaqla, meşə yanğınları dünyanın getdikcə daha geniş ərazilərini öz çənginə almaqdadır. Artıq qonşu Yunanıstanda, uzaq ABŞ-da böyük yanğınlar var. Yaşıl meşələr isə planetin “ağ ciyərləri” sayılır və onların bərpası üçün on illər lazımdır.Amerikalı professor Stiven Payn deyib ki, dünyada yanğınların sayı getdikcə artacaq, çünki planetimiz yanğın dönəminə daxil olub. O, dünyanın böyük təhlükə altında olduğunu, bir çox ölkələrdə meşə yanğınlarının qaçılmaz olacağını və artan yanğın ocaqlarını hava şəraiti dəyişmədən, yəni yay mövsümü bitmədən söndürməyin mümkünsüz olduğunu söyləyib: “Bu problemə görə ən böyük məsuliyyəti insan daşıyır. Bəşəriyyət dünyanı yanğınlarla ”bəzəyir", ekologiya çoxdan dəyişib".
Professorun sözlərinə görə, yanmağa meylli meşəlik ərazilərdə ağaclar fərqli şəkildə basdırılarsa, alovların təsir dairəsini azaltmaq mümkündür.
Telman Zeynalov
Azərbaycanın tanınmış ekoloqu Telman Zeynalov isə hesab edir ki, dünyanı bürüyən yanğınların kökündə ekoloji silahlar, insan amili və iqtisadi maraqlar dayanır: “Amerika özü meteoroloji silahlardan istifadə edir. Əgər belə olmasaydı, 1972-ci ildən bəri dövlətlər meteoroloji silahlardan istifadə və havaya müdaxilənin qadağan edilməsi ilə bağlı 30-a yaxın konvensiyaya qol çəkməzdilər. Ancaq bu gün ekoloji silahlardan istifadə edirlər. Kim necə istəyirsə, bundan istifadə edir, heç kim böyük dövlətləri bu konvensiyaya əməl etməyə məcbur edə bilmir. ABŞ-a heç kim bata bilmir. Rusiya Amerikaya qasırğaları göndərir, Amerika da meşə yanğınları göndərir. Meşə yanğınları onların özlərində də baş verir”.
Professor deyir ki, meşədə ağacları fərqli şəkildə əkmək lazımdır: “Kimin ağlına nə gəldi danışır. Yaxşı olardı ki, dövlətlər elmə fikir versinlər. Əlbəttə, Amerika və digər Qərb dövlətləri elmə üstünlük verir. Lakin SSRİ dağıldıqdan sonra bu dövlətlərdə elm sıfra bərabərdir. Bizim alimlərimiz Amerika alimlərindən qat-qat güclü idilər. Cavan alimlərimiz Azərbaycandan çıxıb getdi. Rusiyaya, Fransaya, Amerikaya və digər ölkələrə getdilər. MDB dövlətlərindən bütün elm adamları xaricə axın etdi. Çünki onlara qiymət vermədilər”.
Ekoloqun sözlərinə görə, ilk növbədə təbiət özü bərpa proseslərini aparacaq, bu, təbii şəkildə gedəcək: “Oksigenin qabağını yanğınlar kəsə bilməyəcək. İnsanların nəfəs alması üçün nə qədər lazım olsa oksigen yaranacaq. Süni yanğınlar isə buna mane olur. Bunu törədən də insanlardır. Süni yanğınlar ən çox iqtisadi rəqabət nəticəsində bu meydana gəlir. Torpaq uğrunda, ərazi uğrunda mübarizə gedir. Azərbaycanda yanğın nədən başladı? Bir ay öncə məsələ qaldırdılar ki, haradasa çay plantasiyası salmaq üçün 30 hektar meşə ərazisi ayırıblar. Biz qeyri-hökümət təşkilatlarının rəhbəri olaraq məsələ qaldırdıq ki, buna icazə verilməsin. İqtisadi rəqabətdir, onlar da bu şəkildə cavab verdilər ki, bizə qismət olmazsa, sizə də olmaz. Meşələri yandırdılar, az sonra həmin yanmış ərazini satın aldılar”.
Türkiyədəki yanğınlar barədə T.Zeynalov bunun da təbii amillərlə əlaqəsinin olmadığını vurğuladı: “Hər kəs bilir ki, bu, təbii proses deyil. Türkiyə rəsmiləri də açıqlama verdilər ki, biz ziyanı törədənləri tutmuşuq. Təbiətdə öz-özünə yanğın prosesi getmir. Meşədə yanğın təhlükəsi üçün yeganə faktor ildırımdır və ildırım meşəni yandırmır. Əgər hər hansı ağacı ildırım vursa da, yanğın gedib kötüyünə çatmamış sönür. Ağacda olan nəmişlik alovun qarşısını kəsir.
Yaşıl meşələrin öz-özünə alışıb yanmasını gəlincə, bu mümkün deyil, çünki öz-özünə, ümumiyyətlə, meşə yanmır. Bunu coğrafiya kitablarında yazıblar, dərsliklərdə yazılıb. Ancaq bu gün mətbuat yalanla doludur. Doğrunu yazmaq üçün elm lazımdır, elm isə sıfıra bərabərdir. Ona görə də mətbuat yalan məlumatlarla dolub daşır. Yalançının həmişə şahidi yanında olub. Görürsünüzmü, Bakıda bir həftədən çoxdur ki, hava dumanlı və buludludur, ancaq yağış yağmır. İki damcı göydən düşür və bitir. Amma Rusiyada yağış, leysan tökür, şəhərlər su altında qalır. Bu nə deməkdir, biz belə vəziyyət görməmişik, buna öyrəşməmişik. Məsələ budur ki, siklonla antisiklon arasında rəqabət gedir. Ona görə ki, silahlar işə düşüb, siklon soyuq küləkdir, qərbdən, şimaldan cənuba doğru əsdikcə qabağına antisiklonu qaldırırlar və onun qabağını kəsirlər. Bunu heç kim öyrənmək niyyətində deyil. Stratosferdə olan atom hissəciklərini 5 min dərəcəyə qədər qızdıranda yaranan siklon buludlar yaranır. İstiliyi artırır, o zaman dünyanın istənilən yerində siz şəhəri də, meşəni də yandıra bilərsiniz".