Hacı Tahir Qarabaği: "Şuşaya qovuşan xalq bundan sonra daha əyilməzdir!"

  • 13 iyul 2021, 17:49
Qafqaz Müsəlmanları idarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, tanınmış ictimai xadim Hacı Tahir Qarabaği (Abbasov) iki gün öncə din xadimlərinin Şuşaya səfərinə dair xoş təfərrüatlarını bizimlə bölüşüb.

Hacı Tahir Qarabaği "Demokratik.Az" saytına qısa açıqlamasında özünü çox xoşbəxt hiss etdiyini, hamı kimi Şuşada namaz qılmağın həsrətini düz 30 ildir ki, çəkdiyini bildirib.

"Uzun ayrılıqdan sonra qalib ruhumuzla Şuşada olmağımız, orada qürurla namaz qılmağımız allahın bizə ən ali lütfüdür. Şuşa təkcə Azərbaycanın deyil, indi bütün türk dünyasının və regionun döyünən ürəyi, xalqımızın xoşbəxt gələcəyinə baxan gözüdür. Başda, müzəffər ali baş komandanımız, prezident İlham Əliyev olmaqla Şuşamızın və digər ərazilərimizin düşmən işğalından azadlığını təmin edən şəhidlərimizə və qazilərimizə borcluyuq"-deyə Tahir Abbasov bildirib.
QMİ-nin nümayəndəsi QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və idarənin Qazılar Şurasının üzvlərilə birgə Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovskinin, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin, Alban udi dini icmasının rəhbəri Robert Mobilinin, Pravoslav kilsəsinin nümayəndələrinin Şuşaya birgə səfərini dini həmrəylik və tolerantlıq adlandırıb.   

"Şuşa bizim Çanaqqalamızdır, o dağ yolları ilə Şuşaya gedərkən adamı qəhər boğur. I Qarabağ savaşında Daşaltıda gedən savaşlar, itirdiyimiz şəhidlər yada düşür. Unutmamalıyıq ki, 29 il sonra cəngavər övladlarımız necə ağır şəraitdə və əlbəyaxa döyüşərək Şuşanı fəth etdilər. Şuşa zəfəri bizim üçün yeni və şanlı tarix səhnəmizdir".  

"Tezliklə Şuşa öz gözəlliyilə hər yana işıq saçacaq, orada dağıdılan məscidlərimizi də, evlərimizi də bərpa edəcəyik. Xatırlayıram ki, 1989-cu ilin yanvar ayında Xəlil Rza Ulutürklə birgə mərhum Mikayıl Gözəlovun göstərişilə Şuşada Cöhhər Ağa" məscidinin açılışında iştirak etmişdim, indi də çox sevinirəm. Şuşa bütün Azərbaycan xalqını birləşdirən müqəddəs ünvandır!"- deyə Hacı Tahir Qarabaği bildirib.

Xatırladaq ki, Tahir Abbasov 90-cı illərdə Azərbaycanda baş qaldıran xalq hərəkatının təşkilatçılarından, müstəqillik aşiqlərindən biridir. Tahir Qarabaği Abbasov dini fəaliyyətilə yanaşı, həmişə dövlətçilik və milli təəssübkeşliyi və xeyirxah əməllərilə seçilib. 44 günlük VƏTƏN SAVAŞInda isə şəhid ailələrinə və qazilərə öz maddi və mənəvi dəstəyini əsirgəməyib.

ŞUŞA BİZİMDİR - Şuşa Azərbaycandır! 
Demokratik.Az 

AZADLIQ MƏŞƏLİ - ƏHLİ BEYT AŞİQİ - HACI TAHİR QARABAĞİ


Oxşar xəbərlər