“Bəzi məmurlar cinayətləri gizlətməyə çalışır” - Millət vəkili

  • 13 may 2015, 20:54

Ötən gün Azərbaycanda daha bir məmur övladı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli 5 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.


Məmur oğlu ötən ilin sentyabrın 27-də Zığ yolunda idarə etdiyi maşınla Əhliman Süleymanovun idarə etdiyi yük avtomobilini vurub. İ.Əsgərlinin dostu Sənan Mirzəyev qəza nəticəsində ölüb. Dünyasını dəyişən S.Mirzəyev "McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev oğludur. 

Vəfat edən gəncin atası icra başçısının oğlundan şikayətçi olub. Onun şikayəti ilə İlham Əsgərli həbs edilib. 

Bu, Azərbaycan həbs edilən ilk məmur övladı deyil. Ötən ay törətdiyi cinayətə görə həbsə atılan general Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev də həbsxanada olan məmur övladlarındandır. O, Bakıda restoranların birində dava salaraq, mühafizəçini bıçaqlayıb. Əməlinə görə, Tamerlan Əsədullayev atasının göstərişi ilə həbs edilib. Barəsində cinayət işi açılıb. 

Bu siyahını bir qədər genişləndirmək də olar. Ümumilikdə, prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanda qanunu pozan istənilən məmur və ya ailəsi cəzalandırılır. Son vaxtlar yükzək vəzifə sahiblərinin övladlarının və yaxın çevrələrinin həbsə atılması da buna nümunədir.

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə məmur övladlarının həbsinə münasibət bildirərək qeyd edib ki, kimliyindən aslı olmayaraq, hər kəs qanun qarşısında eynidir.

Deputat AzVision.az-a açıqlamasında vurğulayıb ki, icra başçısının oğlunun həbs edilməsi normal haldır, hər kəs cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir: "İcra başçısının oğlu əməlinə görə həbs edilib. Heç kim bu cür hadisələrdən sığortalanmayıb. Baş verən hadisəyə görə, qanunda məsuliyyət nəzərdə tutulursa, ailə üzvləri bu məsuliyyətə cəlb edilirsə, onda ailənin rəhbər şəxs olan üzvlərinin cəzalandırılması bir o qədər də önəmli deyil. Çünki bir rəhbər kadrın yetişdirilməsi üçün uzun illər lazımdır. O, öz işini yüksək səviyyədə həyata keçirirsə, verilən tapşırıqları yerinə yetirirsə, özünün və ətrafındakıların davranışı müsbətdirsə, ailə üzvlərindən kimsə hansısa bir emosional təsir altında cinayət törədibsə, dərhal həmin şəxslərin işindən uzaqlaşdırılması məqsədə uyğun deyil”.

Ç.Qənizadə oğluna görə, Asif Əsgərovun işdən çıxarılması məsələsinə də münasibət bildirib: "Asif müəllimin ailəsində bu cür hadisə baş verib. Özü gözəl insandır və Bakı şəhərinin mərkəzi rayonlarından birinin rəhbəridir. Həmişə verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Ona görə də hesab edirəm ki, bu məsələni qabartmaq yox, bağlamaq lazımdır. Qanun öz gücünü göstərdi və bununla da məsələ qapanmalıdır.
Amma elə məmurlar var ki, cinayət baş verəndən sonra onu gizlətməyə çalışırlar, hüquq-mühafizə orqanlarına təzyiq etməyə, yaxınlarını məsuliyyətdən azad etməyə çalışırlar və təbii ki, bu yolverilməzdir. Belə məqamlarda həmin şəxslər də cəzalandırılmalıdır”. 

Millət vəkili qeyd edib ki, bir ay öncə general oğlunu törətdiyi cəzaya görə, hüquq-mühafizə orqanlarına təhvil vermişdi: "Hazırda general oğlu həbsdədir və istintaq gedir. Dərhal mətbuat bunu geniş formada təbliğ edir. Məlum oldu ki, orada zərərçəkən şəxs bir neçə gün xəstəxanada yatıb. Amma hüquq-mühafizə orqanlarında bir generalın yetişdirilməsi üçün bəzən 20-30 il lazım olur. Əgər həmin şəxs yaxşı kadrdırsa, ona toxunmaq lazım deyil. Onun ailə üzvlərindən, yaxınlarından kimsə cinayət törədibsə, qanun qarşısında cavab verir və bununla da məsələ qapanır. Ona görə də bu cür məsələlərin çox uzatmağın tərəfdarı deyiləm”. 

Anar Kəlbiyev

Demokratik.Az

Oxşar xəbərlər