“Dövlət işini həm də mediadan aldığı siqnallara əsasən qurur”

  • 04 iyun 2021, 20:42
“Bütün çətinliklərinə rəğmən Azərbaycan mediası inkişafdadır”

“Bölgə mediasının inkişafı prioritet məsələdir”

“Dünyanın bir çox ölkəsində yerli qəzetlər ciddi informasiya mənbəyi kimi qəbul olunurlar”


Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi vaxtilə deyirdi ki, hər bir vilayətin qəzeti həmin vilayətin aynasıdır. Bu gün region mətbuatı, onun problemləri haqqında müxtəlif səviyyələrdə ara-sıra danışılır. Rayonlarda yaşayanlar çox zaman lazım olan informasiyanı onlayn mediadan, paytaxtdan göndərilən 10-15 qəzetdən, müxtəlif saytlardan deyil, məhz yerli mətbuatdan almağa üstünlük verirlər.

“Sherg.az” bu dəfə “Mediaxeberleri.az” informasiya portalının baş redaktoru Ələddin Qarayevlə əlaqə saxlayıb, region mətbuatının bugünkü durumu barədə söhbət aparıb.
Demokratik.Az müsahibəni təqdim edir:

-Hazırda region mətbuatında vəziyyət necədir?

-Bölgələrdə mətbuatın vəziyyəti ağırdır, regionda çalışmaq, oxucuları informasiya ilə daim təmin etmək çox çətindir. Buna baxmayaraq 7 ilə yaxındır ki, “Mediaxeberleri.az”ın əməkdaşları bu işin öhdəsindən gəlməyə çalışır. İnformasiya almaq, informasiyanı dəqiqləşdirməklə bağlı bir sıra problemlər yaranır. Bəzilərini çıxmaq şərti ilə, dövlət idarələrinin saytları daim yenilənmir ki, məlumatları oradan əldə edəsən. Medianın əsas gəlir yeri reklam bazarıdır. Reklamlarla bağlı problemlərimiz var. Rayonlarda biznes rəqabəti demək olar ki, yoxdur ona görə də reklam verənlərin sayı az olur. Vətəndaşlar şikayətlərini dilə gətirməkdən ehtiyat edir, çəkinirlər. Qohumbazlıq və qorxu xəbər istehsal etməyə çətinlik yaradır. Bax, biz belə çətin vəziyyətdə xəbər istehsal etməyə məhkumuq.

-Regionda olan problemləri işıqlandıra bilirsizmi?

-Xeyr, regionlarda yeganə ümid araşdırma yazılarına qalır ki, onlar da vaxt, pul və peşəkarlıq tələb edir. Bunların da üçünü bir yerdə tapmaq çox çətindir. Region mətbuatındakı problemlərin əsas səbəblərindən biri də odur ki, kiməsə tərif yazanda o məqalə oxunmur, tənqid yazdıqda isə müxtəlif təzyiqlərlə üzləşirsən. Bu gün region mətbuatında yalnız yaşlılar fəaliyyət göstərirlər. Cavanlar isə ya paytaxta, ya da televiziyalara işləməyə gedirlər. Yəni hazırda yüksək məvacib də təklif olunsa, bölgə mətbuatında çalışmaq üçün jurnalist tapa bilməzsiniz. Region mətbuatının bizim istədiyimiz, arzu etdiyimiz şəkildə inkişafı üçün, ilk növbədə yeni düşüncə tərzi gəlməlidir. Maddi-texniki baza güclənməlidir, yenilənməlidir.

- Neçə nəfər işçiniz var?

- “Mediaxeberleri.az” informasiya portalı 2014-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində portalımızda 15 nəfərdən çox insan çalışıb, hazırda mənimlə bərabər iki nəfər çalışır.

- Ofisiniz var?

- Xeyr. İcarəyə otaq götürmüşük. Maliyyə problemimiz var, bayaq dediyim kimi rayonlarda biznes rəqabəti demək olar ki, yoxdur ona görə də reklam verənlərin sayı da az olur. Bu da bizim əsas gəlir yerimizdir.

- Hansısa mövzu ilə bağlı oxucuların müraciəti olur?

Son zamanlar koronavirus və müharibə ilə bağlı suallar çox olur. Azərbaycan cəmiyyətini maraqlandıran mövzulardan biri də, toylara nə vaxt icazə verilməsi ilə bağlıdır. Ümumiyyətlə, yazıçının, şairin, jurnalistin - bir sözlə, yaradıcı adamın həmişə axtarışında olduğu mövzu... Ancaq bu axtarışın nəticələri həmişə uğurlu olmur desək, səhv etmərik. Yəni hər şey yaradıcı adamın əldə etdiyi mövzudan, onu necə təqdim etməkdən, ona yanaşmadan və s. asılıdr. Şəxsən mövzu məni ciddi narahat etməyə başlayanda yazıram.

- Saytınıza dövlət dəstəyi göstərilirmi?

- “Mediaxeberleri.Az” informasiya portalı istifadəçilərdən heç bir maddi və mənəvi ödəniş gözləmədən xidmətini 2014-cü ildən bu yana axsatmadan davam etdirib. Bundan sonra da məqsədimiz eyni istiqamətdə xidmətimizə maddi və mənəvi heç bir mənfəət məqsədi güdmədən davam etməkdir. Bu günlərdə Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə xanım Şəfiyeva “AzTv”nin “Telesəhər” proqramında çap və onlayn mediaya dəstək layihələrindən danışdı. İnanıram ki, çap və onlayn mediaya dəstək göstəriləcək.
- Qəzet çap etməyi düşünürsünüzmü?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirir ki, jurnalistlər mənim köməkçilərimdir. Bu, kifayət qədər ciddi mesajdır. Yəni bu, o deməkdir ki, dövlət öz işini həm də mediadan aldığı siqnallara əsasən qurur. Azərbaycan mediası bütün çətinliklərinə baxmayaraq, inkişafdadır. Yeniliyə can atmaq onun təbiətindən irəli gələn mahiyyətdir. Bunun üçün şərait də önəmli faktordur. Bölgə mediasının inkişafı prioritet məsələdir. Dünyanın bir çox ölkəsində yerli qəzetlər ciddi informasiya mənbəyi kimi qəbul olunurlar.

-Region mətbuatının nələrə ehtiyacı var?

-Pula.... (Gülür) Azərbaycan mətbuatı öyündüyümüz, fəxr etdiyimiz, qürur duyduğumuz dəyərlərdən biridir. Cənab İlham Əliyevin 2010-cu il 10 iyun tarixli sərəncamı Azərbaycan mətbuatının keçdiyi yolu həm xronoloji, həm də məzmun baxımından dövrləşdirməyə imkan verir. Həmin sərəncamda mətbuatın keçdiyi, oynadığı rola qısa da olsa, nəzər salınır, qiymət verilir, eyni zamanda, qarşıda dayanan vəzifələr göstərilir. Bu vəzifələr çox əhəmiyyətlidir. Çünki istənilən xalqın və millətin özünün dövlətini, ən yüksək səviyyədə insan haqlarını təmin edəcək cəmiyyətini formalaşdırmasında mətbuat çox əhəmiyyətli rol oynayır. Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsas istiqamətlərindən biri də məhz mətbuata qayğıdır, onun öz missiyasını, vəzifələrini yerinə yetirməsinə yaradılan şəraitdir. Buna görə də region mətbuatının inkişafı üçün, maddi-texniki baza güclənməlidir.
Oxşar xəbərlər