“Şuşa tarixən bir mədəniyyət mərkəzi olub”

  • 07 yan 2021, 22:40
Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
Xalq artisti bildirib ki, Prezidentin Şuşa ilə bağlı tapşırıqları böyük bir hadisədir:
“Prezident İlham Əliyev Şuşanı yenidən Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Cənab Prezidentin yenidən belə bir qərar verməsi çox böyük bir hadisədir. Bu, həm də dünyaya bir mesajdır ki, Şuşa Azərbaycanın qədim torpağıdır, mədəniyyət mərkəzimizdir. Bu qərar eyni zamanda Şuşanın yenidən o şöhrətinin özünə qayıtması baxımından çox önəmlidir.
Orada vaxtilə Ulu Öndərimizin iştirakı ilə Vaqif poeziya günləri keçirilirdi. Biz onda təbii ki, uşaq olsaq da həmin hadisələri televiziyadan izləyirdik. Sonra Xarı Bülbül festivalı ənənəci olaraq Qarabağda, Şuşamızda, Ağdamda keçirilirdi.
Düşünürəm ki, Prezidentin bu qərarları çox böyük bir hadisədir. Bütün dünyadan bura mədəniyyət xadimləri dəvət olunacaq. Şuşa yenidən diqqət mərkəzində olacaq, yenidən bərpa olunacaq. Necə ki, cənab Preizdentin dediyi kimi, “Şuşa, biz səni dirçəldəcəyik”. Biz hamımız necə ki, müharibəni əl-ələ verib, dəmir yumruq kimi Prezidentimizin ətrafında birləşib, Qarabağımızı azad etdik, eləcə də mən düşünürəm, bu həmrəyliyimizlə biz Qarabağın öz şöhrətini yenidən özünə qaytaracağıq, yenidən dirçəldəcəyik.
Düşünürəm ki, Şuşada möhtəşəm Muğam Mərkəzi də tikiləcək, sonra Ağdamda da belə bir mərkəz tikiləcək. Bildiyiniz kimi “Leyli Məcnun” operasının yaranışı Şuşada olub. Mənim arzum idi ki, Ağdam azad olunanda gedib məsciddə azan verəcəm, onu etdim. İndi ən böyük arzum budur ki, inşallah gələn il Allah mənə qismət eləsin gedib Şuşamızda Məcnun kimi o səhnəyə çıxım, orada oxuyum.
Prezidentin Şuşanın mədəniyyət paytaxtımız elan etməsi, Vaqif poeziya günləri, Xarı Bülbül festivalı kimi təşəbbüsləri xalqımızın ürəyindən keçən bir fikir oldu, eyni zamanda Nizami Gəncəvi ili elan edilməsi. Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıtdıran böyük bir şairdir, dünyəvi şairimizdir. 2019-cu ildə Nəsimi ili oldu, bütün dünyaya bu təbliğ olundu, düşünürəm ki Nizami ilində də çox böyük tədbirlər olacaq. Nizami Gəncəvi xalqımız tərəfindən sevilən çox böyük bir şairdir ki, biz onunla təbii ki, xalq olaraq fəxr edirik.
Ümumiyyətlə cənab Prezidentin verdiyi qərarlar hamısı xalqımızın və birinci növbədə biz mədəniyyət xadimlərinin ürəyincədir. Biz də üzərimizə düşən hər bir şeyi edəcəyik ki, Qarabağımızda böyük mədəniyyət hadisələri, böyük yubileylər, dünyasını dəyişmiş, yaşayan sənətkarlarımızın böyük tədbirlərini keçirək.
Düşünürəm ki, yeni Mədəniyyət naziri Anar müəllim Prezident tərəfindən düzgün seçilmiş bir kadrdır. İnşallah biz onunla əl-ələ verib, həmrəy olaraq mədəniyyətimizi daha da inkişaf etdirəcəyik. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Çünki biz onların sayəsində Qarabağı azad etmişik. Biz artıq qalib xalqıq. Bu, çox böyük bir işdir.
Fürsətdən istifadə edib cənab Prezidentə bir daha təşəkkür edirəm ki, məni “Şərəf” ordeni ilə təltif etdi. 50 yaşımda mənə “Şöhrət” ordeni, 60 yaşımda – yubileyimdə “Şərəf” ordeni verdi. Tarix yazan sərkərdəmizin əlindən bu ordeni almaq mənim üçün çox böyük bir şərəfdir“.
Təhməz Əsədov
Oxşar xəbərlər