Xəbər lenti
Bütün xəbərlər

“Müsavat əleyhinə fəaliyyət göstərənləri istefaya dəvət edirəm” - Başqan müavini

  • 05 may 2015, 20:45

 

"İstefaları dayandırmaq lazımdırmı? Əksinə, Müsavatın əleyhinə olan insanların partiyadan istefa vermələri üçün çağırış edirəm. Bu, həm partiya, həm də özləri üçün yaxşıdır”.

Bunu Modern.az-a Müsavat Partiyası başqanın müavini Elman Fəttah deyib. O bildirib ki, istənilən şəxs partiyadan istefa verə bilər:

"Mən şəxsən istefaları alqışlayıram. Çünki istefa bir siyasi mədəniyyət nümunəsidir. Hamıya məlumdur ki, istefa verən şəxslər Müsavat Partiyasına xidmət göstərmirlər. Onlar partiyaya qarşı fəaliyyət göstərirlər. Onlar başqa təşkilatda işləyirlər. Onların siyasi mədəniyyət nümunəsi göstərib istefa vermələri ən doğru addımdır. Dünən Aqil Qeybullanın, bu gün İbrahim İbrahimlinin istefa verməsini alqışlayıram. Çünki başqa bir təşkilatda öz siyasi fəaliyyətlərini davam etdirib, öz perspektivlərini başqa təşkilatda görürlər. Digər bu cür düşüncədə olan müsavatçıların da partiya üzvü kimi qalmağa israr etmələrini anlamıram. Bütün bunlara üzülürəm.

Öz perspektivlərini burada görməyən, Müsavata qarşı çıxan, hər gün partiyanın əleyhinə fəaliyyət göstərənləri istefa verməyə dəvət edirəm. Bu çox absurd bir məsələdir ki, sən üzvü olduğun partiyanın əleyhinə fəaliyyət göstərirsən, amma üzv qalmaqda israr edirsən. Bu zaman onlar bizi də çətin vəziyyətdə qoyurlar. Bizi məcbur edirlər ki, onlar haqda hansısa nizamnamə qərarları qəbul edək. Vurğun Əyyubun çox əvvəl istefa verməsi çox gözəl olardı. Belə söhbətlərə də ehtiyac qalmazdı.

İstefa verən insanlar Arif Hacılıya deyil, partiyaya qarşıdırlar. Həmin insanlar hər gün məni, İsa Qəmbəri, Arif Hacılını, Səxavət Soltanlını, Osman Kazımovu və digər şəxsləri təhqir edirlər. Bununla çox pis mənzərə yaradırlar. Bu hərəkətlər onların şəxsiyyətlərinə yaraşmaz”.

Başqan müavini Müsavat Partiyasının qarşısında hər kəsin gəlib aksiya keçirə biləcəyini də vurğulayıb:

"Aksiya etmək istəyənlər, buyurub gəlsinlər. Müsavat Partiyası yerindədir. Bizə qarşı çıxanlara hər zaman şərait yaratmışıq. Onlar hər gün səhərdən axşama kimi partiyanın qərargahında olurlar. İndiyə kimi onların xətrinə heç kim dəyməyib. Əgər kimlərsə nəsə nümayiş etdirmək istəyirlərsə,  o zaman buyurub gəlib aksiya keçirsinlər. Mən də onlara qoşularam. Birlikdə etiraz edərik.

Arif Hacılı niyə istefa verməlidir? Azərbaycan siyasətində ilk dəfə Arif bəy 100 ilik tarixi olan partiyaya alternativ və demokratik seçkilərlə başqan seçilib. Hazırda Azərbaycanda elə bir siyasi partiya rəhbəri yoxdur ki, o alternativ seçkilər, mübarizə yolu ilə belə bir legitim seçkidə qalib gəlsin. Onlar Müsavatda işləyən adamların istefa verməsini istəyirlər. Amma Arif bəy istefa verməməlidir. İstefanı partiyaya qarşı çıxanlar verməlidir. Bizi də boş-boş işlərlə məşğul etməsinlər. Biz hakimiyyətlə mübarizə aparırıq”.

Sevinc Yasinqızı

Oxşar xəbərlər