Həbs olunan məmurlar dövlət sirrini bilirsə yaya bilərlərmi?

  • 23 may 2020, 08:41

Qabil Hüseynli: “Dövlətdə yüksək vəzifələrdə çalışan şəxslər dövlət sirri ilə bağlı xüsusi blankı doldurmalıdır”

Azərbaycanda son zamanlar yüksək ranqlı dövlət məmurları işdən azad edilir, onlardan korrupsiyaya bulaşanları isə həbs olunur. Bu proses fonunda dövlət sirrinin yayılması məsələsi də gündəmə gəlib.
Belə ki, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib ki, dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsizliyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir: “Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi blogger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. İstər vəzifədə ol, istərsə də olma, dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir”.
Həmin sənədlər nədir?
Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” qanunu var. Bu qanunun 1-ci maddəsində aşağıdakılar qeyd edilir:
1.0.1. dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
1.0.2. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir;
1.0.3. dövlət sirrinin mühafizəsi sistemi - dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;
1.0.4. dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır;
1.0.5. dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma - səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır;
1.0.6. məxfilik qrifi - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir;
1.0.7. informasiyanın mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir;
1.0.8. dövlət sirri təşkil edən məlumatların siyahısı - müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur.
“Yeni Müsavat”a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirdi ki, dövlətdə yüksək vəzifələrdə çalışan şəxslər dövlət sirri ilə bağlı xüsusi blankı doldurmalıdır: “Onlar öhdəlik götürürlər ki, həmin şəxsə etibar edilən, çatdırılan və dövlət sirri kimi formula edilən məlumatları açmayacaq, hər hansı bir mənbəyə çatdırmayacaq. Yəni bu cür öhdəlik olmadan heç kimi işə götürmürlər. Bu hələ ümummilli lider  Heydər Əliyev dövründən tətbiq edilən bir öhdəlikdir. Öhdəlik xüsusən də dövlətin yüksək səviyyələrində vəzifə almış şəxslər üçün daha vacibdir. Zənnimcə, Zahid Orucun bu məsələni qaldırması düzgündür. Onlar vəzifədən götürülən zaman qeyd edib imza çəkiblər ki, onlara etibar edilən dövlət sirlərini heç kəsə bildirməyəcəklər. Bildiriləcəyi təqdirdə isə onların məsuliyyət daşıyacaqları haqqında orada xüsusi qeyd var. Bu baxımdan vəzifədən çıxarılanlar və xüsusilə də hərbi sirrə yaxın olan şəxslərin bir müddət ölkədən çıxmaları ranqlarından asılı olaraq müəyyən müddətdə qadağan edilir. Həmin şəxslər 6 ay müddətində kontaktları, görüşləri və KİV-lərə verdiyi məlumatlar aidiyyəti dövlət qurumları tərəfindən ciddi nəzarətə götürülür. Qaba formada desək, həmin şəxslər izlənilir. Yəni dövlət öz təhlükəsizliyini təmin etmək üçün etibar etdiyi şəxslərin siyasi cəhətdən savadsızlığına, dövlətə xəyanət məqsədilə sirləri sızdırmasına imkan vermir. Dövlət müvafiq qurumlarından, nəzarət mexanizmindən istifadə edərək, bu kimi sirlərin qorunmasını təşkil edir. Məlumatları qorumaq dövlət sirrini bilən məmurlardan tələb edilən əsas qaydadır”./“Yeni Müsavat”/
Oxşar xəbərlər