Xəbər lenti
Bütün xəbərlər

Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? - MÜSAHİBƏ - LAYİHƏ(III)

  • 19 may 2020, 17:02
“Ens.Az” və “Demokratik.Az” xəbər saytları “Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? LAYİHƏ - Problemlər, təkliflər, nümunələr” adlı birgə araşdırma mövzusunu davam etdirir. 
Ötən yazımızda mövzuya dair Bakıda şagirdlər arasında baş tutan bir sıra tədbirlərləri diqqətinizə çatdırmışdıq. Və sonda sevimli oxucuya vəd etmişdik ki, xəbər yazısında qeyd olunan tədbirlərin xanım təşkilatçısının mövzuya dair fikirlərini öyrənməyə, ondan özəl müsahibə almağa çalışacağıq. 
Vədimizə sadiq qaldıq və ADPU-nun sabiq baş müəllimi, ADMİU-nun "Musiqi tarixi və nəzəriyyəsi"kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, musiqişünas alim Nərmin Kamilovadan MÜSAHİBƏ ala bildik.
MÜSAHİBƏYƏ KEÇİD ALAQ:
Famil Ələkbərov (ENS.AZ) : – “Salam Nərmin xanım, Karantin günlərini necə keçirirsiniz?” 
 
Nərmin Kamilova (N.K) : - Salam Famil bəy, Karantinlə əlaqədar zamanımı daha çox evdə keçirirəm, qadağa və tövsiyyələrə əməl etməyə çalışıram. Bildiyiniz kimi universitetlərdə tədris onlayn formatda aparılır və mən də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrə distant dərslər keçirəm. Bir müddətdir rektorluğun dəvətilə ADPU-dan sözügedən universitetə keçərək pedoqoji fəaliyyətimi həvəslə davam etdirirəm. İxtisasım üzrə 3 proqram, 1 monoqrafiya və 1 dərs vəsaiti hazırlamışam və tezliklə “Musiqi müəllimliyi” üzrə yazdığım “işçi proqramı” kitablarımı dərc etdirmək istəyirəm.
 
Osman Nərimanoğlu (Demokratik.Az) : - “Aktiv pedoqoji fəaliyyətiniz diqqət çəkir, özəlliklə ötən illərdə təşkilatçılıq etdiyiniz tədbirlərin musiqi ahəngi maraqlıdır. “Xoşbəxt olsun uşaqlar” layihəsi çərçivəsində şagirdlərdən ibarət xor kollektivi yaratmısınız. Bu təşəbbüs Azərbaycan üçün yenidir. Nə əcəb, belə bir ideya ərsəyə gətirə bilmisiniz?”
N.K: - Əslində, kiçik xor kollektivim hər zaman olub. Arzum 500-1000 nəfərlik kütləvi xor yaratmaq olub. Bu arzu hələ uşaqlıq illərimdən qəlbimdə idi. 
70-ci illəri xatırlayıram, “Gənc pionerlər birliyi”/слет юных пионеров/adlı kütləvi xorların T.Bəhramov adına stadionda /o vaxtV.Lenin adına idi/ yaşıl teatrda ifası keçirilərdi. Mən də həmin xorların aktiv ifaçısı olmuşam. 
ADPU- da çalışdığım müddətdə müəllimlər Elmi seminarlarda mühazirələrlə iştirak edirlər. Mənim seminarım “xor fənni” ilə əlaqədar olur. Mühazirələrimdən birini kütləvi xorlar, virtual xorlara həsr etdim. Seminar hamının böyük diqqətinə və marağına səbəb oldu. ADPU-nun Fakultə dekanı dos.Laçın Həsənova, kafedra müdürü prof. Zemfira Abdullayeva ilə bu barədə danışarkən Zemfira xanım xaricdə təhsil alan nəvəsinin buna bənzər bir xorda iştirakçı olduğunu qeyd etdi və Bakıda da belə xorun yaranmasının labüdlüyünü bildirdi. Doğrusu ürəyimdən xəbər verdi və mən də belə bir layihə hazırlamaq arzumu ona bildirdim. Beləcə, layihəmi hazırladım. Bu işə Zemfra xanım Bakı Təhsil idarəsini də cəlb etdi və onlar məktəblərin bu işə qatılmasında mənə dəstək oldular.
Bakı üzrə 70 orta ümumtəhsil məktəblərinə dəvət məktubu yolladıq, nəticədə 50 məktəbin bu layihədə iştirak etmək üçün razılıqlarını aldıq. Biz işə başladıq. Mərdəkandan Lökbatanadək müxtəlif məktəblərdə seçim turları təşkil edərək 500 şagird seçdim. Əvvəlcə məktəblərin musiqi müəllimlərilə mahnıları öyrəndik. Sonra onlar öz şagirdlərinə mahnıları öyrətdilər və ümumilikdə 50 məktəb şagirdlərilə işə başladım. Çünki birlikdə oxu vərdişini uşaqlara aşılamalı idim. Xormeyster olaraq əl hərəkətlərimi, birlikdə başlamaq və kəsmək, səsi ucaltmaq və azaltmaq kimi vərdişləri uşaqlara aşıladım. Növbə çatdı məktəbləri birləşdirib ifaya alışdırmaq.
Təhsil idarəsinin köməkliyi ilə məktəbləri rayonlar üzrə bölüşdürdük. Hər rayona 3-5 məktəb düşürdü. Zalı geniş olan məktəbə digər məktəbləri dəvət edərək işə başladım. Bu arada həm məktəb rəhbərlərinə və həm də musiqi müəllimlərinə mənə yaxından kömək etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Kütləvi xor olaraq 500 nəfərlə ifanın məşqi isə 2 dəfə Heydər Əliyev adına Mərkəzin - şəxsən Ülviyyə xanımın köməkliyi sayəsində ərsəyə gəldi və biz 1 iyun “Uşaqların müdafiəsi günü”5 əsərlə canlı ifamızı təqdim etdik...
Bir ilkə imza atmısınız, bu sizin qələbənizdir...
Yox, tək mənim qələbəm deyil, həm də şagirdlərin, tələbələrimdən ibarət xor ifaçılarının və bu işdə bizə dəstək olan, layihədə iştirak edən hər kəsin qələbəsidir.
 
ENS.AZ: “Bu cür mədəni tədbirlərin uşaqlarda milli dövlətçilik, vətənpərvərlik duyğularının, düşüncələrinin formalaşmasına təsirlərini necə qiymətləndirirsiniz?” 
 
N.K: - Belə kütləvi-mədəni tədbirlər əlbəttə çox vacibdir. Azərbaycan Respublikasının Təhsil Qanununda deyilir ki, “Məktəblərin vəzifəsi - Azərbaycan xalqının milli, əxlaqi, hümanist, mənəvi, mədəni dəyərlərinə dərindən yiyələnən, ailəsini, Vətənini, millətini sevən və daim ucaltmağa can atan, Azərbaycanı dünyanın ən qabaqcıl, inkişaf etmiş demokratik dövlətlərdən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdən ibarətdir”. Şagirdlərin bu ruhda tərbiyə olunmalarında dərsdənkənar və məktəbdənkənar tədbirlərin böyük əhəmiyyəti var.
Adət ənənələrimizə sadiqlik, milli kökə bağlılıq, inam tərbiyə etmək dərsdənkənar və məktəbdənkənar aparılan işlərin mahiyyətini təşkil edir. Mənə görə şagirdlərlə aparılan məktəbdənkənar tərbiyəvi işlərdə milli və siyasi tərbiyə ötürən ən yaxşı vasitə musiqidir. Estetik tərbiyə həm də xor oxumaqla aşılanandır.
Bu fəaliyyət şagirdin fərdi qabiliyyətini, bacarıq və istedadını inkişaf etdirməklə yanaşı, yaradıcılıq potensialını artırır, xüsusilə milli dövlətçilik, vətənpərvərlik duyğularını, düşüncələrini musiqi duyumu ilə formalaşmasına kömək edir. Şagirdlərimiz musiqi ilə, xorla böyüsələr yaxşıdır...                            
 
ENS.AZ: - “Layihələriniz niyə yalnız Bakı şəhəri üzrə keçirilir? Məsələn, Xor təşəbbüsünüzü ölkəmizin digər bölgələrində də tətbiq etmək, şagirdləri musiqi ətrafında cəmləşdirmək mümkün görünürmü?” 
 
N.K: - Dediyiniz xor layihəsinin ilkin mərhələsi Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərini ahətə edirdi. Sonrakı mərhələlər ölkəmizin digər bölgələrini əhatə etmək və gələcəkdə kütləvi xorun iştirakçı sayını 3000- 5000 nəfərə çatdırmaqdır. Bu barədə Təhsil Nazirliyi də maraq göstərir, qismət olsa əlbəttə bütün ölkəni əhatə etməsini istərdik.
 
ENS.AZ: - “Amma, bu cür tədbirlərə ictimai maraq xeyli zəif görünür. O cümlədən təşkilatçı olduğunuz tədbirlərin mətbuatda işıqlandırılması zəif təşkil olunub. Siz necə düşünürsünüz?”
 
N.K: - Ola bilər ki, informasiya ötürücülüyünü maksimum təşkil edə bilməmişik. Amma, ötən il uşaqlar gününə dair tədbirimizə ictimai maraq yüksək oldu. Mərkəzə 1000-lərlə insanlar - uşaqlar toplanmışdı. Hamı bu xorun musiqi məktəbləri və ya orta məktəb şagirdləri olduğunu soruşurdular. Çünki musiqi məktəbləri nəzdində xor kollektivləri yaratmaq daha asandı. O uşaqlar sırf musiqi ilə məşğul olur və musiqi savadları var. Biləndə ki, orta ümumtəhsil məktəb şagirdləridi çox təəccüb edirdilər və mənə sualları bu olurdu: ”Siz bunları necə yığmısız? Necə məşq etmisiz? Səsləri necə seçmisiz? Amma mətbuatda işıqlandırılması sözün düzünü desək, məni də qane etmədi. Müxtəlif qəzetlərdən müxbir - jurnalistlər həmin tədbirdə iştirak edərək yalnız “1 iyun Uşaqların müdafiəsi günü”nü işıqlandırdı. Nədənsə, 500 nəfərlik orta ümumtəhsil məktəb şagirdlərindən ibarət kütləvi uşaq xoru onların marağına səbəb olmadı.
Bu yaxında elə sizin “Demokratik.Az” saytının facebook səhifəsində Türkiyədə kiçik bir xor kolloktivinin ifasını /23 nisan - Atatürkün cocukları/ bizə örnək göstərməyiniz mənə çox təsir etdi. İşlərimizin kölgədə qalmasında KİV-lərimizin üzərinə də vəzifə düşür. Siz jurnalistlər yaxşı örnəkləri elə özümüzdə də axtarıb tapa bilərsiniz.
 
Demokratik.Az: - “Nərmin xanım, bundan sonra daha diqqətli olmağa çalışarıq. Türkiyədən gətirdiyimiz o nümunədə ən maraqlı məqam odur ki, qardaş ölkədə bütün okullarında dərs öncəsi dövlət himni səsləndirilir bizdə isə bu ənənə demək olar ki, yox kimidir. Niyə bizim məktəblərimizdə də dövlət himnimiz səsləndirilməsin?”
 
N.K: - Məktəblə əlaqəli olduğuma görə deyim ki, musiqi müəllimliyi üzrə tələbələri Bakı məktəblərində praktikaya aparıram. Birmənalı deyim ki, bütün məktəblərdə himnimiz səsləndirilir və mən şəxsən bunun şahidi oluram. İstər fonoqram, istərsə canlı şəkildə himnimizin səsləndirilməsi mütləq tətbiq edilir. Ola bilsin ki, siz bunu məktəblərin həyətində olmadığı üçün iddia edirsiniz ki, bu praktika yoxdur.
 
“Demokratik.Az”: - “Dövlət himni Bakının hansısa məktəblərində oxunursa, bəs rayonlarda, kəndlərimizdə?..”
 
N.K: - Bölgələrdə bu hal necədir, dəqiq deyə bilmərəm. Dediyiniz nöqsan varsa, əlbəttə, məktəb rəhbərləri və təhsil şöbələri aradan qaldırmalıdırlar. Mübahisəsiz, Himnimiz şagirdlərin qürur mənbəyinə çevrilməlidir.  
 
“ENS.AZ”: - “Ölkənin bütün orta ümumtəhsil məktəblərində, özəlliklə də regionlarda və kənd məktəblərində musiqi fənninin tədrisində çox ciddi problemlər var. Bəs bu problemləri və həllini nədə görürsünüz?”
 
N.K: - Bu fənnin orta ümumtəhsil məktəblərində keyfiyyətli keçirilməsi üçün peşəkar hazırlıq vacibdir. ADPU-da ADMİU-da “musiqi müəllimliyi” ixtisası üzrə ixtisaslı kadrların hazırlığına səylər göstəririk. Təhsil Nazirliyi də ölkə üzrə musiqi fənninin kadr potensialının zənginliyinə çalışılır. Özəlliklə bir məqama toxunum ki, indiki kurikulum proqramı ilə ənənəvi musiqi fənn tədrisini fərqləndirənlər yanılır. Məncə, kurikulum proqramında informasiya zənginliyi var. Bundan başqa, əvvəllər musiqi fənnində məqsəd ancaq və nacaq qiymətləndirmə idisə, kurikulumda hər vəchlə şagirdin öyrədilməsinə geniş imkanlar var. Sadəcə, nəzərdə tutduğunuz problemlərin kökündə bu fənn üzrə yerlərdə yetərli kadr potensialının olmamasıdır. İbtidai sinifdən başlayaraq bu fənnin tədrisində qırılmalar olur, bu da ibtidai sinif müəllimlərinin əksəriyyətinin musiqidən xəbərsiz olmalarından irəli gəlir. Ona görə də kitabda olanlar kitabda da qalır. Şagirdlər sinifdən-sinifə musiqi anlayışı olmadan ötürülür. Bu cür fənlər məncə ibtidai sinif müəllimlərindən alınaraq ixtisas fənn müəllimlərinə qaytarılmalıdır. 9-cu sinfə qədər musiqi fənninin tədrisinə həssas yanaşılmalıdır.
 
“Demokratik.Az”: - “Xor layihənizi yəqin ki, davam etdirəcəksiniz, yeni planlar varmı?”
 
N.K: - Musiqi - Xor layihələrinin ölkəmizin hazırki vəziyyətində ciddi əhəmiyyət daşıdığı danılmazdır. Onun daha da genişləndirilməsi üçün əlimdən gələni etməyə hazıram. İlk öncə rəhbər orqanların bu işə köməyi olmalıdır. Çünki tək əldən səs çıxmaz.
Bu il üçün layihələrimin davamı olaraq may ayının 9-da Faşizm üzərində qələbənin 75 ili ilə əlaqədar “Bayraq Meydanında” kütləvi xorun ifası nəzərdə tutulmuşdu. Lakin Respublikamızda və ümumilikdə dünyada baş verən məlum səbəbdən layihənin icrası təxirə salındı. İnşəAllah “Karonavirus pandemiyası”ndan qurtulduqdan sonra bayram konsertilə yenidən orta ümumtəhsil məktəb şagirdlərindən ibarət 500 nəfərlik kütləvi xorla iştirak etməyi düşünürəm. Görüləsi o qədər iş var ki...
 
“ENS.AZ”: - Təbii k, arzular tükənməzdir, musiqidə ən böyük arzunuz...
 
N.K: - Ən böyük arzum tələbələrimin, eləcədə bütün uşaqların gələcək xoşbəxtliyidir. İşğal altında olan Qarabağımızın azadlığını da arzulayan ziyalılardanam. İnanıram, Qarabağımız işğaldan qurtulacaq, biz o yerlərə qayıdacağıq və Şuşamızda, Laçında, Xankəndidə əzəmətli QARABAĞ XOR QRUPU təşkil edəcəyik...
 
- Müsahibəniz üçün təşəkkürümüzü bildiririk...
- Mən də sizə minnətdaram, layihənizin davamlı və uğurlu olacağına ümidvaram.
Söhbətləşdilər – Famil Ələkbərov (ENS.AZ saytının rəhbəri)
Osman Nərimanoğlu (Demokratik.Az saytının baş redaktoru) 

Pedoqogika üzrə fəlsəfə doktoru, musiqişünas Nərmin xanım Kamilova barədə daha ətraflı linkdə - Nərmin Mübariz qızı Kamilova
Demokratik.az
Oxşar xəbərlər