Xəbər lenti
Bütün xəbərlər

İran dini liderinin səhhəti müzakirə predmeti kimi

  • 08 mar 2015, 19:15
İslam Respublikası rəhbərliyi varis mövzusunda o qədər də narahat görünməməsinin səbəbləri barədə
 
Kənan Rövşənoğlu
 
Ötən həftə İranın ali dini lideri, Ayətullah Əli Xameneyinin növbəti dəfə ağır şəkildə xəstələnməsi ilə bağlı xəbər yayılıb. Mənbəyi dəqiq göstərilməyən xəbərlərdə qeyd olunur ki, dini lider ağır xəstə olaraq xəstəxanaya çatdırılıb. Xəbərdən dərhal sonra İran rəsmi mənbələri məlumatı təkzib etdilər və bunu "düşmən təxribatı” adlandırdılar. Əlbəttə, müəyyən mənada xəbəri bilərəkdən dövriyyəyə buraxılmış məlumat da hesab etmək olar. Hazırda Yaxın Şərqdə İranın əsas rol aldığı aktiv hərbi-siyasi proseslər gedir və aktiv informasiya savaşı aparıldığı üçün bu cür xəbərlərin ortaya çıxması gözlənilməz olmamalıdır. 
Ancaq məlum olduğu kimi, İranın ali dini liderinin 76 yaşı var, ötən ilin sentyabrında prostat vəzidən əməliyyat olunub. O zaman ali dini liderin həkimi doktor Mərəndi narahatlıq üçün əsas olmadığını deyib. Sitat: "Əməliyyat narkozsuz aparıldı. Ölkə rəhbərinin səhhəti qənaətbəxşdir. Bu yaş hədində olan şəxslərin prostat vəzindən əməliyyat olunması geniş yayılmış haldır, adi məsələdir".
Ancaq təbii ki, İran kimi böyük və ideoloji dövlətin ali rəhbərinin taleyi yalnız iranlılar üçün deyil, bütövlükdə dünyanın və bölgənin dövlətlərinin diqqətindədir. Ayətullah Xameneyi eyni zamanda dini titul daşıyan şəxsdir və Azərbaycan da daxil olmaqla,  dünyanın əksər ölkələrinə səpələnmiş müsəlmanlar üçün din alimi – müctəhid titulu var. Belə bir şəxsin səhhəti, fiziki durumu həssaslıqla izlənilir. Yeri gəlmişkən, 1981-ci ildə "Mücahidini - xalq” tәşkilatının hәyata keçirdiyi sui-qəsd nəticəsində Seyyid Әli Xameneyi ağır yaralanıb və sağ əli işləmir. Bütün bunlara baxmayaraq ali dini lider sağlam görünüşə malikdir və kənardan xəstəlikləri özünü büruzə vermir. Lakin istənilən halda onun səhhəti ilə bağlı xəbərlər İranın gələcək ali dini liderinin və ya vəliyyi-fəqihin kimliyi ilə bağlı müzakirələri gündəmə gətirir. 
Qeyd edək ki, vəliyyi-fəqih (fəqihlərin rəhbəri) vəzifəsi müasir İran İslam Respublikasının siyasi sistemində ən üstün vəzifə hesab olunur. Şəriət qaydaları ilə idarə olunan dövlətdə ən üst vəzifə məhz vəliyyi-fəqihə məxsusdur. O, məhkəmə, ordu, polis, xüsusi-xidmət, rəsmi media üzərində şəriksiz söz sahibdir. İranın ali dini lideri olmaqla yanaşı, müctəhid, yəni dini alimi, fətva sahibi kimi dini hökm vermək səlahiyyətinə malikdir. 
Bütün bu az qala qeyri-məhdud görünən səlahiyyətlərə baxmayaraq, ali dini lider seçki ilə müəyyən olunur. "Şurayi Fubreqan” (Mütəxəssislər və ya Ekspertlər Şurası) ali dini lideri seçir, İran qanunlarının İslam şəriətinə uyğun olub olmadığı ilə bağlı tövsiyə verir. İran Konstitusiyasının 117‑ci maddəsinə əsasən dini rəhbər vəfat etdiyi və ya vəzifəsindən kənarlaşdırıldığı təqdirdə, Xubreqan yeni rəhbər seçənə qədər 3 nəfərdən ibarət şura ali dini liderin səlahiyyətlərini həyata keçirir. Bura prezident, Ali Məhkəmənin sədri və Sistemin Məsləhətini müəyyən edən Məclisin təklifi ilə Nəzarət Şurasından (Şuraye Negahban) bir fəqih daxil olur.
Qeyd edək ki, həm indi, həm də ötən illərdə İran ali dini lideri postuna müxtəlif insanların adları hallanıb. Bunlardan bir qismi artıq həyatda yoxdur. İndi həyatda olanların da adları ilə bağlı ciddi mübahisələr var. Hazırda İran dövlət aparatı daxilində iki əsas qrup mövcuddur. Bunlar hazırkı ali dini liderə sadiq, sərt siyasi kursun tərəfdarı olan "mühafizəkarlar” və eləcə də müəyyən mənada yumşaq xətt tərəfdarı olan, ancaq yenə də İslam inqilabı ideyalarına sadiq qrup. Bu qrupa daxil olan əsas fiqurlar hazırkı prezident Həsən Ruhani, keçmiş prezident Məhəmməd Xatəmi, yenə keçmiş prezident və İran siyasətində ən qüdrətli şəxslərdən biri olan Haşimi Rəfsəncani (hər nə qədər güclü şəxs olsa da, ona qarşı mühafizəkar camiədə sərt münasibət var və bu amil onun lider seçilməsi yolunda əsas əngəl hesab olunur - K. R.). Eləcə də İslam inqilabının banisi Ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni də islahatçılara yaxın nüfuzlu firqurlardan biridir. 
Mühafizəkar dairələrdə isə gələcək dini lider postuna iddialılar sırasında Ayətullah Misbah Yəzdi (80-ə yaxın yaşı var ), İran Ali Məhkəməsinin hazırkı sədri, mühafizəkar dairələrdə nüfuzlu olan, ali dini liderə sadiq və nüfuzlu ruhani ailəsindən çıxmış Sadiq Laricani (qardaşı Əli Laricani parlamentin sədridir – K.R.) və Ali Məhkəmənin keçmiş sədri, İranda böyük nüfuza malik olan Ayətullah Şahrudinin adları hallanıb zaman-zaman. 
Məsələnin daha bir maraqlı məqamı ondan ibarətdir ki, İranın hazırkı siyasi sistemi elə qurulub ki, ali dini lider birbaşa "mətbəxdən”, 82 nəfərlik "İslam Respublikasının dayağı” olan ruhanilər tərəfindən seçilir. Bu isə "kənar müdaxiləni” tamamilə istisna edir. Hətta deyilənə görə, sistemin yaradıcılarından olan Ayətullah Behişti yarızarafat deyirmiş ki, elə bir sistem qurublar ki, heç kəs sistemi laxlada bilməyəcək. Bəlkə də bu səbəbdəndir ki, İranın dini-siyasi rəhbərliyi varis mövzusuna etinasız yanaşır, bu kimi mövzularla bağlı narahat olmadığını nümayiş etdirməyə çalışır. 
 
Demokratik.Az

Oxşar xəbərlər