“Pay torpağı məsələsi yardımlara əngəl olmamalıdır” - Deputat

  • 11 apr 2020, 23:27
Əli Məsimli: “Əgər insanın heç bir gəliri yoxdursa, harada yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur və buna görə dövlət dəstəyi almağa haqqı var”
Məlum olduğu kimi, koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün 190 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulub. Lakin qaydalara əsasən, əmək pensiyaçıları, aylıq müavinət alanlar, aylıq təqaüd alanlar, özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslər, işsizlikdən sığorta ödənişi alanlar, peşə hazırlığına görə təqaüd alanlar, 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər, əri və ya arvadı sahibkar olanlar, əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmur.
Şərtlərin çətinliyi və müavinətin bütün ehtiyaclı ailələrə verilməməsi əhali arasında narazılıq və bir sıra suallara səbəb olub.
 
Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə beynəlxalq praktikada tətbiq edilən məhdudlaşdırıcı və təcrid tədbirlərinin bizdə də tətbiqi dünyada ən qiymətli şey olan insan həyatının qorunması üçün münüh əhəmiyyət kəsb etməklə yanaşı, həm də təbii surətdə bir sıra yeni iqtisadi və sosial problemləri gündəmə gətirib: “Həmin problemlərdən biri yardıma ehtiyacı olan ailələrə təcili surətdə sosial dəstək paketinin verilməsidir. Yaranmış sosial proseslərin tənzimlənməsi məsələlərinin bir hissəsi hökumətin hazırladığı Sosial Paketdə öz əksini tapıb. Bununla belə, ailədə bir nəfər işləyirsə, həmin ailənin 190 manatlıq dəstək paketi almayacağı barədə rəsmi açıqlamalar cəmiyyətdə narazılıq yaradıb. Əgər 4 nəfərlik bir ailədə işləyən tək şəxs 250-300 manat alırsa, hər ailə üzvünə 63-75 manat pul düşür. Bu, 2020-ci ilin yaşayış minimumundan 2,5-3 dəfə azdır. Açıq qalan bu cür məsələlər ətrafında gedən diskussiyalar göstərir ki, əvvəla, sosial sahəyə aid statistika, uçot hesabat sistemi əsaslı surətdə təkmilləşdirilməlidir”.
“İkincisi, bu cür problemlərə yanaşanda, Azərbaycan üçün iki meyardan çıxış etmək olar: yəni 2020-ci il üçün 160 manatlıq ehtiyac meyarı və 190 manatlıq yaşayış minimumu göstəricisi təsdiqlənib. Ailədə adambaşına orta gəlir 160 manatdan az olanda, həmin yardımı almaq üçün müəyyənləşdirilmiş şərtlərə uyğun gələn ailələrə ünvanlı sosial yardım (ÜSY) təyin edirlər. Son günlər bu yöndə işlər intensivləşib. Həm ünvanlı sosial yardım almaq müddəti bitən ailələr üçün yardım almaq müddəti uzadılıb, həm də yeni ailələrə ÜSY təyin olunmağa başlayıb. Əgər ÜSY təyinatı və verilməsi proseduru müəyyən vaxt aparırsa, onda həmin 190 manatın təcili surətdə çatdırılması çox vacib olan ailərə də bunu tətbiq etmək olar ki, hansı ailənin adambaşına orta gəliri 160 manatdan aşağıdırsa, onlara indi təcili surətdə 2 ay müddətinə 190 manatlıq yardım edilsin, sonra isə ÜSY alanlar siyahısına salınsın və belə ailələr ÜSY ilə təmin olunsun”, - deputat deyib.
Məsimlinin sözlərinə görə, 190 manat sosial dəstək paketi ilə bağlı digər vacib məqam budur ki, hökumətin sosial paketi şəhərdə yaşayan yoxsul və işsizlərin bir hissəsini nəzərə alsa da, kəndlərdə yaşayan yoxsulların mütləq əksəriyyətini nəzərə almır: “Çünki adına pay torpağı olanlara da həmin 190 manatlıq sosial dəstək paketi verilmir. Kiminsə adına 0,2-0,5 hektar pay torpağı olmaq hələ həmin kəndlinin işləyib özünü və ailəsini dolandırmaq üçün gəlir əldə etməsi demək deyil. Ümumiyyətlə, bu pay torpağı məsələsi həmin vəziyyətdə olan yoxsul kəndlilərin ünvanlı sosial yardımdan faydalanmasına imkan vermədiyi kimi, indi də 190 manatlıq müavinətdən yararlanmağa imkan vermir. Əgər insanın heç bir gəliri yoxdursa, şəhərdə, yoxsa kəndə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur. İşsiz və yoxsuldursa, deməli, qanunvericiliyə müvafiq surətdə dövlət dəstəyi almalıdır. Ona görə də həm ünvanlı sosial yardım və həm də hazırkı 190 manatlıq 2 aylıq yardım təyin edilərkən ciddi maneəyə çevrilmiş pay torpağı məsələsinə, bu torpaq parçasından gəlir götrülüb-götürülməməsi faktı əsasında yanaşılmaqla həll edilməsini zəruri hesab edirik. Üçüncü məqam isə xeyli vaxt aparan təhlil və çalışmalar tələb etdiyindən, post-pandemiya mərhələsi üçün xüsusi əhəmiyyət kəsb edir”.
Millət vəkili imkansız ailərə təcili köməklə bağlı indiki vəziyyətdə uşaqpulunun bərpası məsələsinə də toxunub: “Bunu pandemiya problemi ortaya çıxana qədər, məsələn, 2019-cu ildə həll etmiş olsaydıq, imkansız ailərə təcili köməyin vəziyyəti necə olardı? Hökumət uşaqpulunu zamanında bərpa etsəydi, bir sıra üstünlükləri hesabına, xeyli dərəcədə indiki kimi gərgin durum yaranmazdı. Əksər ailələr operativ surətdə yardım alardı, əsasən, kölgə iqtisadiyyatının yaratdığı problemlərlə bağlı uçotda olmayan bir qisim insana yardım etmək zərurəti qalardı. Bax, ona görə də koronavirus hadisəsindən sonra hökumət bu müqayisəni edib uşaqpulunu bərpa etsə, indi yaranmış bu qəbildən olan problemlərin çoxu avtomatik öz həllini tapacaq. Çünki ekstremal şəraitlərdə təcili köməyə ehtiyacı olan ailələrə təcili də dəstək verilməsinin optimal yolu uşaqpulunun bərpasından keçir. Təbii ki, uşaqpulu kimi maliyyə tutumlu bir məsələni indi operativ həll etmək çətindir, amma bu üsul daha faydalı olduğundan, postpandemiya mərhələsində həlli vacib olan problemlər sırasında öndə getməlidir”.
Oxşar xəbərlər