“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
Şair Rüstəm Behrudinin "AzPolitika.info”-ya müsahibəsi
- Rüstəm bəy, bu yaxınlarda bir neçə şair və yazıçıya fəxri adlar verildi. Bir çoxları fəxri adların verilməsinə qarşıdır. Sizin bu məsələyə münasibətiniz necədir?
– Mənim "xalq şairi”, "xalq yazıçısı”, ümumiyyətlə fəxri adlara qarşı münasibətim hər zaman mənfi olub. Amma bununla belə hesab edirəm ki, bu dəfə fəxri adlar alanların əksəriyyəti buna layiqdir. Ramiz Rövşən olsun, Kamal Abdulla olsun, Vaqif Cəbrayıl olsun. Təbii ki, Vaqifə verilən ad ona yaraşmır. Çünki Vaqif "xalq şairi” olmalıdır. Səhv etmirəmsə, ona "əməkdar incəsənət xadimi” adı verilib. Amma Vaqif şeirdən başqa sənətin hansı növü ilə məşğuldur? Məncə, "xalq şairi” adına ən layiqli şəxslərdən biri Vaqifdir. Amma mükafatları bu adamlar haqq ediblər. Musa Yaqub da o cümlədən. Onların hamısı sevdiyim dostlardır. Amma mən bu adların gəldi-gedər olduğunu düşünürəm. Ramiz onsuz da 20-30 ildir ki, xalq şairidir. Ancaq fəxri adlar məsələsində Əkrəm Əylisli nümunəsi də var. Yəni bir şeyi verib, sonra geri almaq məsələsi. Onu verən geri almaq gücünə malikdir. Hər halda mənim dostlarım bu ada layiqdir. Mənə görə, şairlərə, yazıçılara, dövlət adamlarına qoyulan abidə nə zamansa uçub gedəcək, amma xalqın yaddaşında qurulan heykəli yıxmaq mümkün deyil. Fəxri adlar da bu mənada gəldi gedərdi. Kim şairdir qalacaq, kim şair deyilsə unudulacaq.
- Fəxri adlar siyahısında sizin adınıza rast gəlinmir. Səbəb nədir?
– Birincisi, mən Yazıçılar İttifaqının üzvü deyiləm. Adətən təqdimatı Yazıçılar İttifaqı verir. İkincisi, mən 20 il əvvəl demişəm ki, dünyanın heç bir yerində belə fəxri adların verilməsi təcrübəsi yoxdur. Ədəbiyyat mükafatları verilir, amma fəxri adlar olmur. Məsələn, Türkiyədə xalq şairi və ya xalq yazıçısı fəxri adları yoxdur. Türkiyə də şərq ölkəsidir və belə şeylər adətən olur. Orada "dövlət sənətçisi” adlı titul var. Amma adlar verilirsə, bunu da Ramiz Rövşən, Kamal Abdulla, Musa Yaqub haqq edirsə, mən burada pis şey görmürəm. Çünki onlar doğrudan da bu adı almış adamlardır. Hətta belə adlar verilməsəydi belə "Azərbaycanda şair” deyəndə Ramiz Rövşən, Musa Yaqub yada düşür. İndi əgər belə ada layiq görülüblərsə bu onların halal haqqıdır.
- Son zamanlar sizin ictimai fəallığınız yoxdur. Hətta Prezidentin bir qrup ictimai xadimlərlə görüşündə də sizi görmədik, halbuki, Heydər Əliyevin dövründə belə tədbirlərdə görünür, çıxışlar edirdiniz…
– Prezidentlə görüşə insanı dəvət etməlidirlər. Rəhmətlik Heydər Əliyevlə görüşə məni dəvət etmişdirlər və mən də görüşə getmişdim. Orada da ancaq elə mən danışdım. Bu dəfə sevindim ki, nə yaxşı məni dəvət etməyiblər. Gedib mədhiyyəçilərin içərisində nə danışmaq olardı… Ora əslində artistləri dəvət etmişdilər. Onlar da Prezidentdən nəsə istədilər, mədhiyyə deyənlər də oldu. Mən ədəbiyyat adamıyam. Tanrının mənə verdiyi missiya var və onunla məşğulam. Görüşlər, fəxri adlar mənə uyğun gəlməyən yanaşmalardır. Mən tanrının verdiyi işlə məşğulam.
- Həmin görüşdə Anar, Fikrət Qoca və digər böyük yazıçılar iştirak edirdilər. Yəni bu şəxsləri də mədhiyyə deyən hesab edirsiniz?…
– Onu mən demirəm. Təbii. Mədhiyyə oxumağı onların heç birinə yaraşdırmazdım. Şairlik əslində nədir? Mən düşünürəm ki, şairlik qəribə bir şeydir. Adam bir dəfə yaltaqlıq edə bilər. Əkrəm Əylisinin "Söyüdlərin sarışını” və ya "Mənim nəğməkar bibim” əsərində "çətini bir dəfə əclaflıq etməkdir” ifadəsi var. Yəni bir dəfə etdinsə davamı gələcək. Çalışmaq lazımdır ki, əclaflıq, yaltaqlıq etməyəsən. Mən həmişə düşünürəm ki, axı yaltaqlıq nə deməkdir. Yaltaqlıq qorxaqlıqdan gəlir. Yaltaq adam sonunda mütləq əclaf olur.
- Amma Siz də o vaxtkı Prezident Heydər Əliyevin qarşısında çıxış etmişdiniz, hətta ondan xahişiniz də olmuşdu…
– Əvvəla, mən orada tərif etmirdim. Çıxışda da dedim ki, düşündüyüm, özümün bildiyi şeyləri deyəcəyəm. Siz mənim mədhiyyə oxuduğumu gördünüz?
- Yox, hətta Azərbaycanda nə qədər yaltaq, mədhiyyə oxuyan varsa onların hamısının adından təkbaşına üzr istədiyinizi demişdiniz…
– Bəli. Mən bu qədər yükü üstümə götürdüm və Prezidentin hüzurunda xalqdan üzr istədim.
- Amma Sizin Prezidentdən xahişləriniz də oldu. Nədənsə bunu demirsiniz…
– Bəli, xahişim oldu. Mən adını çəkmədiyim 5 adam haqda danışdım, dedim ki, bu adamların evi yoxdur. Heydər Əliyev göstəriş verdi və bunun səhəri günü onların hamısına ev verdilər. Mən bu məsələni görüş zamanı qaldırmışdım. Görüşdən sonra da mərhum Heydər Əliyevlə görüşdüm. Heydər Əliyev çox böyük dövlət adamı idi və ziyalılara münasibəti birmənalı idi. O, hətta sevmədiyi və istedadlı hesab etdiyi şairi də qiymətləndirə bilirdi. Məsələn, Heydər Əliyev deyə bilərdi ki, Rüstəm Behrudi bizim adam deyil, amma istedadlı adamdır. Bunu da deyib. Mən bəlkə də tək adamam ki, Heydər Əliyevlə görüşdən sonra çıxışımı özünün seçilmiş əsərlərinə salıb. Yalnız mənim fikirlərimi. Təbii ki, mərhum Heydər Əliyevin xəbəri olmadan mənimlə olan söhbəti onun seçilmiş əsərlərinə sala bilməzdilər. Təbii ki, bu onun göstərişi ilə ola bilərdi. Görün Heydər Əliyev nə qədər böyük şəxsiyyətdir və onun ziyalıya münasibəti necədir. Halbuki, mən orada olanları danışdım, hətta tənqidlərim də oldu. Əslində Heydər Əliyev istəsəydi məni danışmağa qoymaz, lazım gəlsə sözümü kəsərdi. Amma sona qədər mənə qulaq asdı. O, birmənalı olaraq Azərbaycan ziyalısını dəstəkləyirdi. Onun xeyrinə danışanı da, danışmayanı da. Çünki özü ziyalı idi, Azərbaycan ədəbiyyatını gözəl bilirdi.
- Hacıbala Abutalıbovla əvvəllər dost idiniz. Hacıbala müəllimin vəzifəsi bir qədər də artdı. Onunla əlaqəniz varmı?
– Hacıbala müəllim ziyalıdır, alimdir. Yəqin ki, sizin də ellilərinizlə salam-kəlamınız var. Mənim də Hacıbala müəllimlə belə münasibətim var. Təbii ki, Hacıbala müəllim böyük alimdir. Mən Amerikanın ən məşhur fizika və riyaziyyat jurnallarında Hacıbala müəllimin məqalələrini görmüşəm. Bu jurnallarda adətən Nobel mükafatı alan alimləri çap edirlər. Bu mənada böyük alimdir. Mən onu akademiyada işlədiyi vaxtdan tanıyıram, həmişə də salam-kəlamımız olub.
- Şərq ölkələrində hökmdarın, dövlət adamının şairə, yazıçıya dəstək göstərməsi, ənam verməsi, yardımı ənənə hesab olunur. Hacıbala müəllimin də sizə dəstəyi varmı?…
– Mənim heç nəyə ehtiyacım olmayıb. Azərbaycanda heç kim deyə bilməz ki, mənə yardımı dəyib. Mənim evim, bağım və avtomobilim var. Bunları özüm qazanmışam. Mənim təkcə "Salam dar ağacı” kitabım 20 dəfə tərcümə olunub və hər dəfə də 50-100 min tirajla. Bu da puldur. Eləcədə, xaricdə kitabların çap edilib. Azərbaycanda son kitabım böyük tirajla çap edilib və satılır. Bunlar mənə yetərlidir. Mən çox az şeylə qane olan adamam. Ona görə mənim heç kimə ehtiyacım yoxdur.
- Adətən hər ilin iyun ayında ictimaiyyət mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsinin, onun Bakını tərk edərək Kələkiyə sığınmasının səbəblərini araşdırır. Siz zamanında Elçibəyin ən yaxın dostlarından olmusunuz. İllər keçdikdən sonra Elçibəyin hakimiyyətdən getməsini şərtləndirən davranışlarına münasibətiniz dəyişibmi?
– Əbülfəz Elçibəyə böhtan və şər atan, onu dövlət işlərindən bixəbər sayan adamlar əslində onun hakimiyyətdən getməsi üçün çalışan adamlar olub. Onu iradəsiz olmaqda, dövləti idarə etməkdə zəif şəxs kimi qələmə verənlər Elçibəyə düşmən münasibətdə olan şəxslərdir. Onların topası Elçibəyin Azərbaycan xalqının taleyində oynadığı ən kiçik rolu belə oynaya bilməz!
Əbülfəz Elçibəy Bakını tərk edən günün səhəri mən də Kələkiyə getmişdim, onunla görüşdüm. Orada bu məsələləri danışdıq. Ən doğru çıxış yolu onun atdığı addım idi. Vətəndaş müharibəsi salmaq, Rusiyanın Azərbaycanı parçalamaq niyyəti vardı. Əslində Azərbaycanı Gürcüstan, İran və Ermənistan arasında bölüşdürmək planları vardı. Bu mənada Elçibəy ən doğru addımı atdı. Sadəcə Elçibəyin ən böyük günahı ətrafındakı adamlara çox inanmağı oldu. O yaxın adamlarına bu qədər inanmamalı idi. Onu yıxan elə ətrafındakı adamları oldu. Ancaq bütün hallarda Elçibəy Azərbaycan xalqının taleyində böyük epoxadır. Pənah Hüseyn bu yaxınlarda 1993-cü ildə keçirilən Dövlət Müdafiə Komitəsinin iclasının protokolunu yayıb. Həmin iclasda Elçibəy açıq göstəriş verib, deyib ki, Sürət Hüseynov ya həbs, ya da məhv edilməlidir. Ancaq ətrafındakı adamlar buna mane olub, göstərişi icra edə bilməyiblər. Elçibəy ağılsız adam deyildi və qiyamın sonunu görürdü. Onun mövqeyi olub, sadəcə ətrafındakı adamlar onu aldatdılar və göstərişi icra etmədilər. O, Surətin məhv edilməsini əmr etmişdi. Sadəcə ətrafı onu aldatdı…
Vaqif NƏSİBOV
AzPolitika.info