Xəbər lenti
Bütün xəbərlər

"Haradansa Tarix İnstitutuna atəş açırlar"

  • 03 fev 2015, 19:50

Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov APA-ya müsahibə verib.

Demokratik.Az həmin müsahibəni təqdim edir:

- Yaqub müəllim, artıq on ildən çoxdur ki, Tarix İnstitutuna rəhbərlik edirsiniz. Bu on ildə sizin rəhbərliyiniz altında Tarix İnstitutunda ölkə tarixi üçün hansı önəmli araşdırmalar aparılıb?

- Bildiyiniz kimi, Azərbaycan tarixi Gülüstan və Türkmənçay müqavilələrindən sonra amansızlıqla təhrif olunub, saxtalaşdırılıb. Biz tarixi müqavilələrin əleyhinə deyilik. Hər hansı bir ölkəyə qarşı ərazi iddialarımız da yoxdur. Amma biz tariximizə sahib çıxmalıyıq. Tarixini bilməyən xalq ölkəsi uğrunda mübarizə apara bilməz. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı haqqında, deportasiyalar haqqında sənədlər imzalamışdı. Hörmətli prezident İlham Əliyev də Azərbaycan tarixinə aid təhlükəli saxtakarlıqları tez bir zamanda aradan qaldırmaqla, xüsusilə də ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı məsələ qaldırdı. Bu, olduqca prinsipial məsələdir. Sovet dövründə tariximizin saxtalaşdırılması artıq o həddə gəlib çatmışdı ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi olduqlarını aləmə car çəkirdilər. Biz "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabını hazırlayıb çap etdik. Prezident İlham Əliyevin göstərişi ilə bu kitab rus, ingilis, italyan, rumın və başqa dillərə tərcümə olunub. "İrəvan xanlığı” kitabında biz ermənilər haqda bütün faktları vermişik və sübut etmişik ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Azərbaycanlılar Cənubi Qafqazın aborigen əhalisidir. Bizim 5 min illik tariximiz var. Ermənilər Frigiya etnosudur, Balkan yarımadasında yaşayıblar. Bunu mən demirəm, tarixin atası Herodot deyib. Ermənilər 1828-ci ildə Şimali Azərbaycan torpaqlarına köçürülüb. Mən "İrəvan xanlığı” kitabını Tarix İnstitutu üçün ən böyük uğur hesab edirəm. "İrəvan xanlığı” kitabı sənədlər üzərində qurulub. Hansı sənədlərlə nə qədər erməni köçürülüb, hamısı verilib. O cümlədən "İrəvan xalçaları” kitabını ingilis dilində buraxmışıq. İrəvan xanlarının sarayı haqda da kitablar çap etməyə hazırlaşırıq.

Bu gün bizim əlimizin altında yüzlərlə sənəd, kitab və sənəd toplusu var. "Qarabağ: real tarix, faktlar və sənədlər” adlı fundamental bir əsər yazıb sübut etdik ki, Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Bu kitab 6 dilə tərcümə olunub. "Qarabağ: real tarix, faktlar və sənədlər” Tarix İnstitutu üçün çox böyük nailiyyətdir. Bundan başqa, müxtəlif kitablar, broşuralar, "Naxçıvan: tarixi və abidələri” kitabını çap etdik. Azərbaycan və ingilis dillərində çap olunan kitabda Naxçıvanın da qədim Azərbaycan torpağı olması faktlarla sübut olunub. Digər tərəfdən, Sovet dövründə Azərbaycanın tarixi xəritələrini çap etməyə başlamışdıq. O vaxt Azərbaycanın tarixi xəritələri yox dərəcəsində idi. Sovet vaxtı biz həmin xəritələri rəhmətlik Rəsul Rzanın gücü ilə Ukraynada çap edib gətirdik. İlk dəfə mən Ukraynadan Azərbaycanın 14-ə yaxın tarixi xəritə gətirdim. 1972-ci ildə "Azərbaycan SSR xəritələri” adı ilə ilk atlasımızı buraxdıq və ilk tarixi xəritələrimizi də ora daxil etdik. Mən Tarix İnstitutunun direktoru olandan sonra "Azərbaycanın Tarixi Atlası”nı çap etdik, 55 xəritəni ora daxil etdik. Bunun da üstündə nə qədər mübahisələr oldu, notalar verildi. Amma bütün bunlara baxmayaraq, "Azərbaycanın Tarixi Atlası” vətəndaşlıq hüququ qazandı. Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin xəritələrini vermişik. Yenə təkrar edirəm, biz heç kimdən torpaq istəmirik. Tarixdə Səfəvilər dövləti olmayıb? Bu dövlət olub, onu azərbaycanlılar idarə edib və bu dövlətin özünün sərhədləri olub.

Bizim əlimizdə çox sənədlər yox idi. Biz xüsusi layihə götürdük. Mahaçqala, Dərbənd, Həştərxan, Moskva, Sankt-Peterburq, Berlin, Dehli, Paris, London, Ankara və İstanbuldan tariximizə aid nə qədər sənəd varsa, hamısını yığıb gətirdik və bunların da çoxunu çap etmişik. İngiltərədən gətirdiyimiz sənədlərin arasında xalqımıza qarşı həyata keçirilmiş soyqırımları haqda məlumatlar var. Biz Tarix İnstitutu olaraq 3 cilddə "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı” sənədlər toplusunu hazırlamışıq ki, bu da çox ciddi uğurdur.

- Bəs Cənubi Azərbaycan, Dərbənd, Car-Balakənlə bağlı aparılan araşdırmalar hansı mərhələdədir?

- Tarix İnstitutu tərəfindən "İlisu sultanlığı” və "Car-Balakən camaatlığı” kitabları çap olunub. Daha sonra mən "İngiloylar” monoqrafiyasını yazdırdım. Bu işləri yazanların hamısı mənim yetirmələrim, o regionların sakinləridir. Biz "İlisu sultanlığı” kitabını hazırlayanda məlum oldu ki, Şimali Azərbaycan Rusiyaya qatılandan sonra İlisu sultanlığının yarısını Dağıstan vilayətinə birləşdiriblər. Car-Balakən camaatlığının 11-ə qədər dağ mahalını birləşdirərək Azərbaycandan ayırıblar və Dağıstan vilayətinə veriblər. Azərbaycan torpaqları hesabına Dağıstan vilayəti yaradıblar. Dərbənd tarixi Azərbaycan şəhəridir. Bunu kim inkar edə bilər? Biz Dərbənd davası aparmırıq, yenə təkrarlayıram ki, heç kimə qarşı torpaq iddialarımız yoxdur. Axı bu torpaqlar Azərbaycandan qoparılıb. Bunu necə unutmaq olar? Ola bilsin, çox böyük incikliklər olacaq, amma biz Azərbaycanın sovet dövrü tarixini yenidən yazacağıq.

- Zaman-zaman "Keşikçidağ” (David Qareci monastrı) Azərbaycan və Gürcüstan arasında mübahisə predmetinə çevrilir. Tarix İnstitutu olaraq bu məsələni diqqətdə saxlayırsınız?

- Bakıya futbola baxmağa gəlirlər. Gəlib plakat açıb Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edirlər. Azərbaycandan qopardıqları torpaqlarla kifayətlənmək istəmirlər. "Keşikçidağ” qədim alban məbədidir. Gürcülər "Keşikçidağ”la əlaqədar saxta bir məsələ qaldırıblar. Azərbaycan torpaqları dəfələrlə hissə-hissə Gürcüstana verilib. 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə "Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb. Prezident şəxsən özü qoruğun açılışında iştirak edib. "Keşikçidağ” Azərbaycan torpağıdır və bu gün də Azərbaycan ərazisindədir. Gürcüstanda Şamaxıya qədər olan torpaqlarımızı öz torpaqları kimi tədris edirlər. Bu, bizim müttəfiqliyimizə zidd bir addımdır. Mən həmişə açıq çıxış etmişəm. Əgər gürcülər bunları yenidən qaldırırsa, Azərbaycanın bu məsələdə haqqı daha çoxdur. XII əsrə qədər Tiflis müsəlman əmirliyi olub. Soruşmaq lazımdır - bəs Tiflis əmirlərinin iqamətgahları necə oldu? Şah Abbasın Kürün üstündə tikdirdiyi məscidin aqibəti necə oldu? Bunlar hamısı məhv edilib. Biz bunları araşdırırıq.

- Üç ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olacaq. Cümhuriyyət qurucularının əksəriyyətinin məzarları ölkə sərhədlərindən kənardadır. Nəsib bəy Yusifbəylinin məzarının dəqiq yeri barədə məlumat belə yoxdur. 100 illiklə bağlı cümhuriyyət qurucularının məzarlarının vətənə gətirilməsi təşəbbüsü ilə çıxış etmək niyyətiniz varmı?

- Heydər Əliyev Tarix İnstitutuna Azərbaycan Xalq Cümhuriyyəti haqda bir cildlik ensiklopediya buraxmağı tapşırmışdı. Tarix İnstitutu Yaqub Mahmudovun baş redaktorluğu ilə iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirdi. İnstitutda Xalq Cümhuriyyəti şöbəsi fəaliyyət göstərir. Cümhuriyyət xadimlərinin hər biri haqqında dissertasiya müdafiə olunacaq, monoqrafiya çap edəcəyik. Biz cümhuriyyət xadimlərinin hər birinin tərcümeyi-halını işləməyi qarşımıza məqsəd qoymuşuq. Çünki cümhuriyyət xadimləri o zaman Azərbaycanı fəlakətdən qurtarıblar. Qaldı ki, Nəsib bəy Yusifbəylinin məzarının aşkarlanması məsələsinə, fikrinizlə razıyam. Onların məzarlarının tapılması bizim tarixçilərin borcudur. Biz buna səy göstərəcəyik. Bu məsələni qaldırdığınız üçün də sizə təşəkkür edirəm və məsələni maraqla qarşılayıram. Ancaq Tarix İnstitutunun direktoru olaraq mən onların məzarlarının Azərbaycana köçürülməsinə razı deyiləm. Fətəli xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə, Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əlimərdan bəy Topçubaşov Parisdə dəfn olunublar. Qoy Fransa, dünya bilsin ki, Azərbaycanın Əlimərdan bəy Topçubaşov kimi dövlət xadimi olub. Bizim İngiltərədən gətirdiyimiz arxiv sənədlərində qeyd olunur ki, Azərbaycanın dövlət xadimləri çox mütərəqqi adamlardır. Həmin arxiv sənədlərində yazılıb ki, Qafqazda möhkəmlənmək üçün azərbaycanlılarla dost olmalıyıq. Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini tərifləyirlər.

- Redaktoru olduğunuz iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda Müsavatın xaricə oxumağa göndərdiyi 100 azərbaycanlı tələbə haqda dolğun məlumat verilməyib. Bu məsələni ətraflı şəkildə tədqiq etmək fikriniz varmı?

- Müsavat hökumətinin xaricə oxumağa yolladığı 100 azərbaycanlı tələbə haqda ilk dəfə iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda məlumat vermişik. Onlar haqda demək olar ki, heç yerdə məlumat yox idi. İndi bir dissertant bu mövzunu işləyir. Bu günlərdə xüsusi olaraq 100 azərbaycanlı tələbə haqqında bizim monoqrafiyamız çap olunacaq. Onlar haqqında müfəssəl arxiv materialları ilə xalqımızı məlumatlandıracağıq.

- Tarix İnstitutunda azərbaycanlı legionerlərlə bağlı tədqiqat işi aparılır?

- Bu mövzu ətrafında çox ciddi araşdırmalar aparılmalıdır. Tarixin elə məsələləri var ki, onlar haqda xalqa doğru-düzgün məlumat verilməlidir. Biz legionerlərin hamısını tərifləmək yolunu tuta bilmərik. Amma araşdırma aparmaq lazımdır ki, bunların böyük əksəriyyəti niyə vətəndən didərgin düşüblər? Onların içərisində vətən üçün yaşayanlar, mübarizə aparanlar olub ki, bu imperiyanı dağıdaq və Azərbaycan müstəqil olsun. Amma keçib faşizmin tərəfində vuruşmaq... Azərbaycan xalqı faşizmin məğlub edilməsində fəal rol oynayıb. Biz bunu özümüzə şərəf bilirik və bu gün torpaqlarımızı işğal etmiş ermənilərə "faşistdən betər faşist” deyirik. Ona görə də onların hamısını tərifləmək doğru deyil. Yeri gəlmişkən, Rəsulzadənin Almaniyadakı fəaliyyətini lazımi şəkildə araşdırmalı, Polşa və Fransa arxivlərinə baş vurmalıyıq.

- İstərdim Lənkəran xanlığı ətrafında baş verənlərlə də bağlı bir neçə kəlmə danışasınız...

- Haradansa Tarix İnstitutuna atəş açırlar. Tarix İnstitutuna atəş açmaq doğru deyil. Tarix İnstitutu bu millətin tarixini araşdırır. Tarix İnstitutu ilk dəfə bu millətə öz milli atlasını verib. Tarix İnstitutu ilk dəfə ermənilərin bu torpaqlara köçürülməsini geniş əsərlərlə sübut edib. Tarix İnstitutu ilk dəfə İrəvan xanlığının tarixini yazıb. Bizim karvanımız yol gedir, nə qədər daş atsalar da, onlara fikir verməyəcəyik. Bu günlərdə də son daş atıldı. Mən o ittihamları qəbul etmirəm. Biz 5-ci sinif tarix dərsliyində Azərbaycanı birləşdirmək istəyən Hacı Çələbi xan, Cavad xan, Pənahəli xan haqqında məlumat vermişik ki, mənşəcə türk olan da, talış da, avar da bu məlumatları oxuyub fəxr etsinlər. Cənub bölgəsindən də "Ata yurdu” kitabına Azərbaycan xalqının böyük oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqda məlumat daxil etmişik. Azərbaycanın elə bölgəsi yoxdur ki, həmin dərsliyə salınmasın. Azərbaycan xalqının formalaşmasında bizim ərazimizdəki müxtəlif etnoslar iştirak ediblər. Mən Lənkəran xanlığının mövcudluğunu necə inkar edə bilərəm? Böyük dramaturq Mirzə Fətəli Axundov məşhur "Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını yazmayıb? Bu faktdır, mən bunu necə inkar edə bilərəm ki, tarixdə Lənkəran xanlığı olmayıb?! Mən Lerik dağlarında, Cəngəmiran kəndində elmi konfrans keçirmişəm. Cəngəmiran kəndindəki 18 hektarlıq qəbiristanlıqda qoç başı abidələri var. Qədim türk sərkərdələrinin sinə daşlarıdır. Bu, bizim canlı tariximizdir. Cənub bölgəsi türklərin və talışların müştərək vətənidir. Əti dırnaqdan ayırmaq düz deyil. Azərbaycan xalqı min bir rayihəsi olan gül dəstəsidir. O gülün hər birinin öz rayihəsi var. Azərbaycançılıq bizim məfkurəmizdir. Biz bu məfkurədən bir addım da geri çəkilməyəcəyik.