Sabiq məmurdan Laçın başçısını ifşa edən faktlar: “Mənə şər atdı ki, PKK-çıyam” - Video

  • 11 mart 2019, 11:11
Bərdədə daş karxanasının yanındakı uçuq-sökük, tavanı adamın başına tökülən, şəraitsiz, soyuq bir sığınacaqda məcburi köçkün ailəsi yaşayır. Bu ailəni belə vəziyyətdə yaşamağa məhkum edən və Novruz bayramını qara gətirən məmur özbaşınalığıdır. 
Cahan.info xəbər verir ki, "Salmanzadə TV” həmin ailədə olub və video reportaj hazırlayıb. Kadrlardan görünür ki, Laçından olan köçkün ailəsi çox ağır şəraitdədir.
Onların normal rahatlığı, istiliyi, təmirli evi yoxdur. Çünki Laçının icra başçısı Aqil Nəzərli ailənin başçısının çörəyini əlindən alıb, iki azyaşlı övladının qarşısında xəcalətli edib.
Söhbət Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Füzuli Tariverdiyevin ailəsindən gedir. Ehtiyatda olan zabit F.Tariverdiyev şəkər xəstəsidir, qaçqın kimi dövlətdən ayda 160 manat müavinət alır. 
Ona verilən müavinət nə dərmanlarına, nə dolanışığına çatır, o ki qala daş karxana yanındakı yaşadığı evi təmir etdirsin. 
Halbuki, həmin karxananın sahibi, sabiq prezident köməkçisi Tariyel Ağayev onlara əl tuta bilərdi. Bunu bir kənara qoyub, F.Tariverdiyevin üzləşdiyi haqsızlıqla bağlı apardığı mübarizəyə dönək. 
Laçın İH-nin sabiq şöbə müdiri iki ildir qanunsuz işdən çıxarılıb. Deyir ki, rayon icra başçısı Aqil Nəzərli Laçın poliklinikasının baş həkimi Güllü İbadovaya tapşırıq verib,artıq dövlət tərəfindən şəkər xəstələrinə ayrılan pereparatlarla da təmin edilmir. Yəni, rəsmən qisas alır, dşüməncəsinə davranır. Bu isə heç bir məntiqə və əqidəyə sığışmır.
Dövlət şəkər xəstələrini dərmanla təmin edir, Tariverdiyev də Azərbaycan vətəndaşı olaraq bu pereparatları almaq haqqına malikdir. 
Ancaq köhnədən başlayan ədavətin davamı olaraq, ona gah kürd separatçısı, gah PKK-çı, gah terrorçuların dəstəkçisi damğası vurmuş İH başçısı Aqil Nəzərli keçmiş əməkdaşını iynə-dərmansız qoyub.
F.Tariverdiyevin sözlərinə görə, işlədiyi müddətdə bir dəfə də olsun tənbeh, töhmət almayıb: "Əksinə işlədiyim son günə qədər fəxri fərmanlarla, mükafatlarla təltif olunmuşam, maaşımı almışam.
Sadəcə, Aqil Nəzərli mənə yapışmayan böhtanlar atdı, əsassız işdən azad elədi. Bunu mən iddia eləmirəm, ortadakı sənəd-sübutlar təsdiqləyir.
Ümumiyyətlə, bu ədavətin kökü 30 il qabağa söykənir. Aqil Nəzərlinin dayısı Vaqif Cabbarov atam-babamdan oğurluq edib. Sonra bu ədavət davam edib”. 
F.Tariverdiyev bildirir ki, hər şey ona PKK-çı ittihamları irəli sürülməsindən başlanıb: "Laçın Rayon Məhkəməsinin qətnaməsi var. Məlum olur ki, rayonda Alıqulu İbrahimov adlı şəxs sosial şəbəkələrdə barəmdə iftiralar yazıb, böhtanlar yağdırıb. Ona bu statusları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərli yazdırıb. 
Guya mən Füzuli kürd separatçısıyam, dövlətə qarşı gedirəm, etnik separatizmi qızışdırıram, PKK simpatizanıyam və s. ilaxır şər-böhtanlar uydurublar. Alıqulu özü bütün bunları etiraf edib ki, Müqabil Nəzərlinin təlimat və sifarişləri əsasında barəmdə yalanlar yazıb”.
Azərbaycan dövlətinə bağlı olduğunu bildirən sabiq məmur qeyd edir ki, A.Nəzərlidən fərqli olaraq müharibə görmüş adamdır: 
"Mənim vətənpərvərliyimin zərrə qədəri onda yoxdur. Aqil Nəzərli fəraridir, hərbi xidmət keçməyib. Bunu mən iddia eləmirəm, sənədlər ortadadır. Mən əlimdə silah torpaqlarımız uğrunda döyüşmüş, indi ehtiyatda olan zabitəm, Aqil isə həmn vaxtlar qaçıb gizlənmişdi”. 
Laçınlı köçkün bildirir ki, 2017-ci ildə xəstəl ilə əlaqədar Gürcüstana müayinəyə getmək üçün işdən icazə verilməsi üçün ərizə yazıb: 
"Aqil Nəzərli mənə icazə verdi. Gürcüstana getməyimi xarici pasportumdakı möhür və Dövlət Sərhədi Xidməti təsdiqləyə bilər. 
Gürcüstanda resept aldım, Bakıda müalicəni davam etdirdim. Sən demə, bu aralıqda mənə qarşı xain planlar qurulub, ssenarilər hazırlanıb, əleyhimə kampaniya aparmağa başlanıb. 
Belə ki, adımdan feysbuk sosial şəbəkəsində 4 ayrı-ayrı profillər açılıb. İki profildə adım "Füzuli Tariverdiyev”, ikisində isə "Füzuli Tariverdiyev kürd” kimi qeydiyyatdan keçirilib. Mənim xəbərim olmadan həmin profillərdən separatçı fikirlər yazılıb. Bütün bunları istintaqa təqdim eləmişəm, araşdırılmayıb. 
Həmin dövrdə pnevmaniya olmuşdum, Bakıda Ağciyər Xəstəliklər İnstitutunda müayinədən keçməyimbarədə sənədlər var.
Həkimin rəyi belə oldu ki, vərəm riskiböyükdür, bir ay yataq şəraitində olmalısan, işə çıxmaq məsləhət deyil. Mən də Aqil Nəzərliyə ərizə yazdım, işdən bir ay icazə verildi. 
Mən canımın hayında olmuşam, müalicələr keçmişəm. Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərli isə 4 profil açdırıb, kürdlərə dəstəyim, İraqda keçirilən referendumda Bərzaniyə açıq müdafiəm barədə statuslar yazdırıb. Belə çıxır ki, dövlət Füzulinin nə işlə məşğul olduğunu bilmir, Laçının İcra Hakimiyyət bilir.
Mən yalnız "Azərtac”dan rəsmi məlumatı paylaşmışam. Həmin xəbərdə deyilirdi ki, Azərbaycan prezidenti Davos forumunda İraqın Kürdüstan muxtariyyatının rəhbəri Məsud Bərzani ilə görüşüb. Amma necə olur ki, 19 yanvarda etdiyim bu paylaşımı9 ay sonra görürlər, ajiotaj yaratmağa başlayırlar”. 
F.Tariverdiyev həmin rəsmi xəbərdən savayı feysbukda heç bir paylaşım etmədiyini, İH başçısının qardaşı M.Nəzərlinin təxribat elədiyi söyləyib: 
"Xəstəliklə əlaqədar başqa fəaliyyətim olub. Sonra ədalət.az, realpress.az saytlarında açıqlama verdim,məsələyə bu şəkildə aydınlıq gətirdim. 
Ancaq Nəzərlilər məndən əl çəkmədilər. Söhbət elədik, aramızda "sən ölüm, mən ölüm” oldu. Laçınlılar üçün bu and-amanın dəyəri başqadır. 
Aqil Nəzərli dedi ki, bu söhbət bağlanacaq, həmin profillər yığışdıracaq, sən də sosial şəbəkələrdən uzaqlaş.Onunla belə razılaşmamız olsa da, mənə qarşı qarayaxma kampaniyası daha da geniş vüsət aldı. 
Gah yazdılar ki, laçınlılar separatçı, PKK-çı Füzuliyə qarşı mitinqə hazırlaşır, gah yazdılar laçınlı ziyalılar etirazla qalxdı... Yəni qaşınmayan yerdən qan çıxarmağa, olmayan məsələni qurdalamağa, körükləməyə başladılar”. 
Hazırda Laçın İH rəhbəri ilə sabiq şöbə müdiri məhkəmələrdə çəkişir, yüzlərlə proses olub, istintaq aparılıb, keçmiş məmur ifadələr verib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin qarşısında utanacaq əməli olmayıb. 
Cahan.info xəbər verir ki, F.Tariverdiyev işdən azad olunmasına gəlincə, bunu qanunsuz qərar hesab edir: "Aqil Nəzərli işə gəlməyim haqda akt tərtib edib. Bu təsdiqləyir ki, işdə olmuşam. İcranın binasındakı kameralar da sübutdur. 
Son gün maaş almışam, işdən çıxmaq ərizəsi yazmamışam, son günlərə qədər mükafatlar almışam. 
Bu, nəyi sübut edir? Onu ki, işdə heç bir nöqsanım olmayıb. Ancaq Aqil Nəzərli guya məni cəzalandırıb. Ətrafı, məhkəmələr onun qanunsuz qərarına şərik çıxır. 
Artıq cana gəlmişik, şəraitimi də gördünüz. Nə harınlamış məmur olmuşam, nə varidat yığmışam, yaşadığımız ev budur, iki uşağın qabağında başım aşağıdır. 
Çünki heç yerdə işləmirəm, məhkəmələr haqqımı bərpa etmir. Mənə qarşı təxribat qurub 4 profildən adımdan statuslar yazdıran Müqabil Nəzərli barədə araşdırma aparılmır, amma adımı PKK-çı qoyurlar”. 
Sabiq şöbə müdiri onu da bildirib ki, A.Nəzərli İH başçısı kimi laçınlıları incidir, şikayətlərə baxmır: "Akif Səlimovun dövründə hər bir laçınlını qəbul edirdi, dərdinə şərik çıxırdı. 
Akif müəllim Laçın polisinin komandiri olub, Qarabağda axıra kimi döyüşüb, bizim keçmiş başçıdır. Aqil Nəzərli isə nə döyüşüb, nə əsgər gedib, nə də bir köçkün onun üzünü görüb. 
Onun keçirdiyi qəbullarda yalnız direktorlar, müəllimlər, özləri ilə gətirdiyi adamlar olur. Bərdəyə qəbula gəlir, bizi dinləmir. Ancaq prezident hamını qəbul edir, hər bir vətəndaşın şikayətini dinləyir.
Son dövrlərdə prezidentin həyata keçirdiyi islahatlar, görüşlər, xalqla təmasları da göz qarşısındadır. Amma Aqil Nəzərli nümunə götürmür. Mən prezidentimizə inanıram. 

İnanıram ki, işdən əsassız çıxarılmağım barədə məsələni araşdıracaq. Nəyə görə bir fərariyə görə zabit olaraq əzab çəkməliyəm? Uşaqları parka apara bilmirəm, mənim Aqil Nəzərlidən nəyim əskikdir?” 


Oxşar xəbərlər