Xəbər lenti
Bütün xəbərlər

Hafiz Hacıyev: "İlham Əliyevə qarşı böyük tələ qurulub" - MÜSAHİBƏ

  • 24 yan 2019, 23:22
"Xanhüseyn Kazımlının villası əlindən alınıb, onu deputat edən adamı da tanıyıram, indi nazirdir"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibəni təqdim edirik: 
- Hafiz müəllim, dünən mətbuata açıqlamanızda iddia etmisiniz ki, Milli Şuranın mitinqi hakimiyyətdə prezidentə qarşı olan qüvvələrin güc nümayişi idi. Bu fikir sizin şəxsi qənaətiniz və təhlillərinizdən qaynaqlanır, yoxsa hansısa informasiyaya əsaslanıb bunu deyirsiniz?
- Bütün məsələləri təhlil edəndən, mənə çatan informasiyaları biləndən sonra onu ictimaiyyətin diqqətinə çatdırıram. Mən sıravi insan deyiləm, dörd dəfə prezidentliyə namizəd olmuş insanam. Hakimiyyət daxilində İlham Əliyevə qarşı çox böyük tələ qurulub və bunu da edənlər onun ətrafındakılardır. Onlar görürlər ki, ölkə başçısı çoxdan gözlənilən islahatlara başlayıb və çox ciddi işlər görür, o dəqiqə bunu qarşısını almaq üçün müəyyən çirkin addımlar atırlar. 
- Hər dəfə ölkə başçısının önəmli səfərlərindən öncə ona qarşı sanki təxribat xarakterli addımlar atılır. Biləndə ki, prezident Davos Forumunda iştirak edəcək, dekabr ayında Mehman Hüseynov məsələsi ortaya atıldı və prezidentin müdaxiləsindən sonra məsələ həllini tapdı. Cəmiyyətdə hamı bir suala cavab axtarır ki, ölkəni heç nədən dilə-dişə salanlarla bağlı ölkə başçısı niyə kəsərli tədbir görmür?
-  Necə görürlər ki, ölkə başçısının Avropa və qərb dövlətlərində nüfuzu artır, ortaya elə bir şey atırlar ki, prezident fakt qarşısında qalsın və Avropa strukturları bunu müzakirə edərək bizə təzyiq etsinlər. Mehman Hüseynov məsələsində həbsxana rəhbərliyindən heç kim cəzalandırılmadı. Ölkə başçısı bu məsələlərdə qətiyyətli addım atmalıdır. Bunları da edən ölkə başçısının ətrafında olanlardır. Əllərinə indi Əli Kərimli keçib, onun əli ilə bunu etmək istəyirlər. Bəzilərinin övladları İrəvanda bizim ölkəyə məxsus dövlət nömrə nişanlı maşınlarla gəzirlər, restoranlarda yeyib-içirlər. Ölkə başçısını xarici dövlətlərdən asılı vəziyyətə salmağa çalışırlar. Bunu da edənlər daxili qruplaşmalardır. Özünüz də şahidi oldunuz ki, prezident nə qədər qurumları ləğv elədi və orda oturanlar da nazirlərin yaxınları idi. Ona görə də hakimiyyətin içində İlham Əliyevə qarşı kin-küdurət yaranıb. Milli Şuranın keçirdiyi mitinq də dediyim kimi, İlham Əliyevə qarşı təzyiq formasının təzahürü idi. 
Gültəkin Hacıbəyli Sevic Osmanqızının verilişinə çıxıb xalqa öyüt-nəsihət vermək istəyir. Cəmil Həsənli də hakimiyyətin öz adamıdır və onun kitablarını hakimiyyət tərəfindən qoca dəstəyə aid olan qruplar maliyyələşdirir. Guya Əli Kərimli kimdir ki? Bizim hakimiyyətimiz dövründə onun olduğu mərtəbəyə heç kim getmək istəmirdi. İndi Əli Kərimli hakimiyyətin adamı ola-ola, ayda hakimiyyətdən 50 min dollar alan adam deyir ki, inqilab edəcəm mənim dalımca gəlin. Sənin dalınca gələnlər ayrı adamlardır. Bütün bunların hamısı ölkə başçısının əleyhinə qurulan oyunlardır. Yadınızdadırsa, Fəvvarələr meydanında əsgər ölümləriylə bağlı mitinqi Eldar Mahmudov təşkil etmişdi. İndi mitinqi kimin etdiyini hamı yaxşı bilir, amma heç kim qoruxusundan bunu deyə bilmir. Çalışırlar ki, ölkə başçısını nüfuzdan salsınlar. Mənim bu harayımın də kökündə o dayanır ki, ölkədə çox böyük qarışıqlıq gözlənilir və bunun qarşısı yubanmadan alınmalıdır. 
Burdan açıq şəkildə deyirəm və kim istəyirsə, onunla tele-debata da çıxmağa hazıram. Bunları hakimiyyətin öz içində olan narazı qüvvələr təşkil edir. Ölkə başçısı axırıncı müşavirəsində bildirdi ki, bu kadrlarla işləyə bilmirəm və islahatlara ehtiyac var. Otuz-qırx il nazir olan məmurlar da prezidenti bu addımından yayındırmaq üçün Əli Kərimliyə pul ötürüb tapşırıq verirlər ki, meydana yığılın. Ya da ki, bir jurnalisti həbs edirlər ki, Avropa dövlətlərində bizi qınasınlar. 
Əsabil Qasımova oğlunun vəfatı ilə başsağlığı verirəm, o, yaxşı kişidir, Allah oğluna rəhmət eləsin. Bəs onun oğlu xizək sürməyə yer tapmırdı? Sən niyə gedib xizək sürə bilmirsən? Biz acından ayaq üstdə dura bilmirik. Bunların hamısı harınlaşmağın əlamətidir. Xanhüseyn Kazımlının villası əlindən alınıb. Onu deputat edən adamı da tanıyıram, indi nazirdir. X.Kazımlı hansı pulla o villanı tikib? Sən və ya mən niyə o villanı tikə bilmirik? Yaşadığımız yerin icra başçısında xahiş etməkdən qarnımızın dərisi ağrıyır ki, 3-4 sot torpaq alıb orda bir daxma tikək, öləndə heç olmasa bizi ordan götürsünlər. Bunların görün neçə yerdə villaları var. Ölkə başçısını müdafiə etdiyim üçün heç telefon zəngimə cavab vermirlər. Heç köməkçiləri də cavab vermir, hansının nöqsanını deyirsən, düşmən olurlar. Prezidentin atasının vaxtında ona xəyanət edib var-dövlət yığdınız, indi də oğluna xəyanət edirsiniz? Mən isə heç vaxt imkan verməyəcəm ki, qardaşıma qarşı bu cür təzyiqlər olsun. Mənim də gücüm buna çatır ki, mətbuat vasitəsilə ölkə başçısına çatdıram ki, Azərbaycanı kimlər və niyə qarışdırmaq istəyir. /Moderator.az/
Oxşar xəbərlər