Hafiz Hacıyevə qarşı yayılan səs yazısı yalan çıxdı - BARIŞIQ VİDEOSU

  • 27 mar 2018, 19:43

Son günlər prezidentliyə namizəd, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin jurnalisti söyməsi barədə sosial şəbəkələrdə yayılan səs yazısına tam aydınlıq gətirilib. Bir neçə saat əvvəl qalmaqala son qoyulub...

Demokratik.Az-ın məlumatına görə, səs yazısını yayan, "kanal 1az" adlı yutub kanalının jurnalisti Teymur Kərimov qarşı tərəfin ofisinə gələrək partiya sədrinin otağında Hafiz Hacıyevlə görüşərək ondan üzr istəyib. Eləcə də Hafiz Hacıyev də jurnalistə xüsusi sayqı nümayiş etdirib.

        Qısamüddətli görüş zamanı hər iki tərəf qarşılıqlı ittihamların ictimailəşdirildiyini xatırladaraq, baş verən qalmaqalda anlaşılmazlığa yol verildiyi vurğulanıb. İlk olaraq jurnalist bildirib ki, Hafiz Hacıyevə məxsus olmayan hansısa nömrədən ona telefon zəngi olub, nəticədə dəqiqləşdirmə etmədən əldə etdiyi səsli dialoqu ictimailəşdirib.

Teymur Kərimov daha sonra bildirib: "..Hafiz bəylə görüşdük, məsələyə aydınlıq gətirdik. Mən digər internet televiziya kanallarında da demişdim ki, mənim Hafiz bəylə heç bir ədavətim yoxdur. İndiyədək heç vaxt onun yanında olmamışdım. İndi yanında olarkən Hafiz Hacıyevin efirlərdən göründüyü kimi aqressiv biri yox, necə sadə bir insan olduğunu gördüm. Biz birlikdə barışığa imza atdıq".

Hafiz Hacıyev də oxşar fikirlər səsləndirərək məlum səs yazısında jurnalistə söyənin, danışanın özü olmadığını bildirib. Hafiz Hacıyev deyib ki, "..prezidentliyə namizədəm və mafiya üzvləri ilə, Azərbaycana xəyanət edən radikal insanlarla vuruşuram. Bunlar da belə qondarma səs yazısı hazırlayaraq jurnalistə göndəriblər. Jurnalist də onu efirə verib. Amma artıq aydın oldu ki, o həqiqətən də mən deyiləm. Anlaşdıq ki, həqiqətən belə bir şey olmayıb. Mən istintaq orqanına müraciət etmişdim və onu artıq geri götürürəm. Mən həmişə jurnalistlərin yanındayam. Onlara deyirəm ki, vətəni və dövləti sevsinlər, şərə-böhtana uymasınlar. Bu kimi məsələlərdə diqqətli olsunlar. Mən bu jurnalisti alqışlayıram, arxa-dayaq olmağa da həmişə hazıram. Əziz xalqım, hər şeyə də inanmayın. Sağolun!".


Xatırladaq ki, bir neçə gün öncə jurnalist partiya sədri tərəfindən təhqir olunduğunu iddia edərək "kanal1.az" yutub kanalında qalmaqallı audio səsyazısı yaymışdı.

Demokratik.Az saytı həmin görüşdə qeydə alınan videogörüntünü sizlərin diqqətinə çatdırır:

 

Demokratik.Az

Oxşar xəbərlər