"Cəmil Həsənli haqqımda bir xoş söz deyən kimi..." - Anar

  • 19 fev 2018, 09:11
Yazıçılar Birliyinin bir qrup üzvünün prezident seçkisində hakim partiyanın namizədi, prezident İlham Əliyevi müdafiə ilə bağlı bəyanata imza atması geniş müzakirələrə səbəb olub. Hətta bunun qarşılığında sosial şəbəkələrdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın kitablarını yandırmaqla bağlı çağırışlar edilib. 

Avropada səfərdə olan Xalq yazıçısı "Yeni Müsavat”ın suallarına cavab verib.

Müsahibənin birinci bölümünün sonunda Anar bildirib ki, Azərbaycan sabitlik içində yaşadığı üçün yazıçılar hakim partiyanın namizədinə etimad göstərib. "Yaxşı, biz bunu düşünərək ona səs verməyə çağırırıqsa, niyə bizim kitablarımızı yandırırlar, yaxud özümüzü hədəfə alırlar, mən bunu başa düşmürəm. O adamlar ki, bunu deyirlər, onlar 1991-ci ildə gəlmişdilər də hakimiyyətə, gördük nələr oldu. Gördük Azərbaycan neçə yerə parçalanırdı, Bakıda küçəyə çıxmaq mümkün deyildi. Ermənilər az qala gəlib Yevlaxa çıxırdılar. Bunları görmüşük axı...”, - deyə, yazıçı əlavə edib.

- ...Bunları gördüyümüz üçün də bu cür qərar verdik. O ki, qaldı... bayaq siz xatırlatdınız. Mən və rəhmətlik Yusif Səmədoğlu İsa Qəmbəri zaminə götürdük, türmədə olanda neçə dəfə müraciət yazdım. Neçə dəfə türmədə olan Pənah Hüseyn haqqında, İsgəndər Həmidov haqqında yazdım. Rəhmətlik Əbülfəz Elçibəy - mənim ona hörmətim var - haqqında yazmışdım. Yaxşı, Elçibəy bizim haqqımızda çox gözəl sözlər deyib, 60-cı illər nəsli, konkret olaraq mənim haqqımda, bu birilərdən də söz gözləmirəm, amma belə hadisələr olanda niyə bunlar səslərini qaldırmırlar, demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?! Niyə demirlər ki, 80 yaşlı, ağır əməliyyat keçirmiş yazıçını, bu xalq üçün nə isə eləmiş bir adamı zəhərləmək yaxşı deyil? Niyə səslərini qaldırmırlar? Əgər belədirsə, nə haqla tələb edirlər ki, biz bunları dəstəkləyək, deyək ki, yox, İlham Əliyevi yox, bunları seçin?! Burada bir məntiq var?

- Bu yerdə icazə verin illər öncə şahidi olduğum bir məsələni xatırladım. Həmin dövrdə də sizə qarşı kəskin ittihamlar səslənirdi, əleyhinizə yazılar yazılırdı, o vaxt Müsavat başqanı olan İsa Qəmbərin sizin barənizdə kifayət qədər yüksək fikirlər söylədiyini eşitmişəm və hətta orada qızğın polemika oldu. Yəni o auditoriyada sizi müdafiə edənlər...

- (yarımçıq kəsir) Onlar tolerantlıqdan, dözümlülükdən danışırlar, bizim görkəmli alim Cəmil Həsənli mənim haqqımda bir xoş söz deyən kimi, düşdülər onun üstünə. Demək, tək mənim üstümə yox, mənim haqqımda kimsə yaxşı söz deyir, onun da üstünə düşürlər. Bu, demokratiyadır? Bununla yeni cəmiyyət qurmaq istəyirlər?

- Fərqli fikir söyləyən yazıçılara hücum zamanı hətta əski dövrlərin kitab yandırma ənənəsindən istifadəyə çağırış edilir. Belə bir müzakirələrin getdiyi cəmiyyətə görə narahat deyilsiniz ki?

- Yox, mən cəmiyyətin ancaq biganəliyinə görə narahatam. Belə olan yerdə gərək cəmiyyət səsini elə qaldırsın ki, o adamlar cəsarət eləyib həddini aşmasınlar. Amma cəmiyyət elə kənardan baxıb, kef çəkir, ə, gördün də, filankəsin kitablarını yandırdılar, nə yaxşı oldu. Ya heç "yaxşı oldu” yox e, "yandırırlar, yandırırlar da...” Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram. Belə bir cəmiyyətin yolu çox təhlükəlidir. Kitab yandırılmağına qalanda, bilirsiniz də, Almaniyada Tomas Mannın, Haybedin, Langerin, Freudun kitablarını yandırmışdılar. Elə bir cərgədə olmaq... Adam fəxr edir ki, sənin də kitablarını belə bir adamların kitabları ilə bir yerdə yandırırlar.

- Anar müəllim, həqiqətən də 21-ci əsrdə qocaman bir ziyalının, yazıçının kitablarına od vurulacağı xəbərdarlığı acınacaqlı məsələdir. Necə bilirsiniz, bəlkə ziyalılar arbitr rolunu cəmiyyətin gözlədiyi qədər icra edə bilmədiyi üçün belə faciəvi durum yaranır?

"Mən belə laqeyd cəmiyyətə görə çox qorxuram”
- Yerinə yetirir, yerinə yetirmir, bu, başqa söhbətdir. Mən demirəm ki, ziyalılar mələkdir. Ola bilsin hər kəsin bir nöqsanı var, yəqin mənim də həmçinin, mən bunu demirəm. Amma indi konkret bizi nədə günahlandırırlar: niyə biz İlham Əliyevi müdafiə edirik? Bəs, kimi müdafiə edək, desinlər də! Mən ad çəkmək istəmirəm ki, o birilərə xələl gəlməsin, belə çıxmasın ki, mən onları pisləyirəm. Amma namizədliyini verənlərin hansı biri İlham Əliyevdən önə keçəcəyinə, seçiləcəyinə inanırlar? Bütün dünyanın müşahidəçiləri gəlsin, ən demokratik seçkidə mütləq İlham Əliyev qalib gələcək. İndi neçə səslə, bilmirəm, amma mütləq birinci turda qalib gələcək. Yaxşı, indi biz də bunu deyəndə niyə üstümüzə düşürlər?

- Amma burası var ki, qarşı düşərgədə olan məsələn, Rüstəm İbrahimbəyov kimi kino ustası da fərqli mövqe sərgiləyəndə bənzər ittihamlarla üzləşir...

- Məsələ ondadır da. Hamımız belə hesab edirik ki, sən gərək mənim kimi fikirləşəsən, sən gərək mənim dediyimi deyəsən. Özü də hər dəfə bizdə olub ki, - indi bilmirəm, siz bilirsiniz, ya yox - dövlət məmurları ilə Yazıçılar Birliyinin sözləri səhv düşüb. Onda müxalifət həmişə o məmurun tərəfində olub, bizim yox.

- Yeri gəlmişkən, yazıçı Çingiz Abdullayevin "26-lar” kafesi ilə bağlı qalmaqal zamanı da xeyli ittihamlar səsləndi...

- Deyirəm də. Təkcə Çingizin yox, mənim haqqımda da yazdılar. Mənim haqqımda elə illərdir yazırlar da. Mənim əleyhimə üç çamadan yazı yazıblar, saxlamışam, hamısını çap edəcəyəm. Belələri tarixə inanmırlar, deyirlər dedik, ötüb keçdi. Amma mən bunların hamısını çap edəcəyəm, qoy tarixdə qalsın, görsünlər kim olub, görsünlər biz nələrdən keçmişik. Bir yandan mənim əleyhimə ermənilər yazırlar, məktubları indiyə qədər durur ki, "səni öldürəcəyik, Ənvər Paşanı elə öldürdük, Tələt Paşanı belə öldürdük, indi növbə Bəxtiyarla - o vaxt rəhmətliyin adını yazırdılar - sənindi”. Söyüş yazırlar. Yazırlar ki, "Sumqayıtı sən təşkil elədin, getdin orda erməniləri öldürdün, xalçalarını oğurladın”. Bir yandan ermənilər yazırlar - kitabımda çap da eləmişəm - bir yandan da bizimkilər yazır. Yaxşı, neyləyək biz?! Ermənilər hər halda onlardan yazmırlar ki, bizdən yazırlar da, ziyalılardan. Məqsəd nədir? Erməni millətçilərinin məqsədi odur ki, Azərbaycanın tarixi olmayıb, böyük adamları, yaxşı adamları olmayıb, indi də yoxdur, olanları da hörmətdən, nüfuzdan salaq. Bizimkilər də bu cür dava edirlər. Deyirlər hə, Füzuli də pisdir, Mirzə Cəlil də pisdir, Səməd Vurğun da, o birisi də pisdir, bu birisi də. Heç nəyimiz yoxdur, Babək də belə olub, Koroğlu da, heç nəyimiz yoxdur. Küll halında bütün bunlar "Azərbaycanın heç nəyi yoxdur” fikrinə xidmət edir. Deyəndə ki, erməniyə xidmət edirlər, inciyirlər. A balam, erməni ilə sənin dediyin eynidir də. O da deyir Cəlil Məmmədquluzadə faşistdir, sən də deyirsən Mirzə Cəlil satqındır. Onda nə fərqin var onunla? İndi mən sənə inandım, ürəyimiz boşaltdım. İndi bilmirəm necə yazacaqsan. Yazın ki, tarix üçün qalsın.

- Narahat olmayın. Anar müəllim, bu yaxınlarda qəzetimizdə bir araşdırma yazısı getmişdi. Orda qeyd olunan məsələyə, AMEA-nın Rəyasət Heyətinin binası üzərində "Azərbaycan SSR” yazısının saxlanmasına ziyalı olaraq sizin münasibətiniz necədir?

- Ondan xəbərim yoxdur. Amma axır vaxta qədər 26 Bakı Komissarı küçəsi var idi, heç onu demirlər. Amma bizdəki 26 rəqəminə görə başladılar hoqqa çıxartmağa ki, "26-lar”ın şərəfinə qoyulub".

- Praqaya səfəriniz nə ilə bağlıdır?

- Hazırda Praqadayam, burdan Varşavaya gedəcəyəm, orada mənim kitablarım çıxıb, o kitabların təqdimatı olacaq.

- Yəqin ki, xaricdə kitablarınızı yandırmaq istəyən olmaz...

- Yox. Axır vaxtlar Moskvada 3 kitabım çıxıb, Türkiyədə 4-cüsü çıxır. Azərbaycanda isə "LİK” ("Literatura, İskusstvo, Kultura Azerbaydjana”) çox böyük kitab olduğundan, ona gücüm çatmazdı, ona görə də bunun çapını Mədəniyyət və Turizm Nazirliyi öz üzərinə götürdü, çox sağ olsunlar.
Oxşar xəbərlər