"2018-ci ildə Qarabağ münaqişəsinin həlli üçün real addımlar atılacaq"

  • 25 dek 2017, 11:16

"2017-ci il Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş gətirməsə də, hissolunacaq nəticələr verib və status-kvonun saxlanılmasının nə dərəcədə axmaq və qeyri-real olduğunu göstərib".

Bu barədə "Report"a azərbaycanlı politoloq Tofq Abbasov 2018-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini şərh edərkən və cari ildə bu sahədə görülən işlərin yekunu barədə danışarkən bildirib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsində status-kvo ətrafındakı vəziyyətin dəyişməsi hələ 2014-cü ilin avqust ayında - təmas xəttində gərgin döyüşlər gedən və Azərbaycan tərəfinin düşmənə qüvvələr balansında dəyişiklik olduğunu göstərərək bəzi mövqelərini möhkəmləndirdiyi zaman baş verib: "2016-cı ilin aprelində "dördgünlük müharibə" zamanı Azərbaycan torpaqlarının 2 min hektardan çox sahəsini, o cümlədən Lələ Təpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini düşməndən azad edə bilib. Cocuq Mərcanlıda artıq infrastrukturun bərpası və sakinlərin öz daimi yaşayış yerlərinə dönüşü həyata keçirilir".

"Hesab edirəm ki, Rusiyada prezident seçkilərinin keçiriləcəyi, Ermənistanın parlament üsul idarəsinə keçid edəcəyi və üstəlik, Azərbaycanda da prezident seçkilərinin olacağı 2018-ci ildə artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atılacaq. Hər halda, buna hazırlıq işləri görülür", - T.Abbasov söyləyib.

Demokratik.Az

Oxşar xəbərlər