Erməni helikopterin vurulması presedent yaradacaq

  • 12 noy 2014, 19:31

 

 

Natiq Miri: "Bu, həm siyasi, həm də hərbi cəhətdən Azərbaycanın xeyrinə işləyən bir hadisə oldu"

 

"Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin vurulıması ciddi mənada presedent yaradacaq”,- siyasi ekspert Natiq Miri düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına münasibət bildirərkən belə deyib. 

O, Musavat.com-a açıqlamasında bildirib ki, baş verən hadisə Ermənistana ciddi mesajdır: "İşğal olunmuş ərazilərimizin Ermənistan üçün uçuşa qadağan zona elan edilməsi çox zəruridir. Baş verən hadisə çox ciddi mənada bir presedent yaradacaq. Çünki artıq bir ilə yaxındır ki, işğal olunmuş Azərbaycan torpaqlarında Xocalı aeroportunun fəaliyyətə başlaması ilə bağlı Ermənistan və Rusiya tərəfindən hərbi provokasiyalar edilir. Hətta aeroportun açılmasına müəyyən hazırlıqlar da görülür. Mənə elə gəlir ki, bu vertolyotun vurulması ciddi mesaj və siqnal oldu. Çatdırıldı ki, qeyri-qanuni aeroportun fəaliyyəti mümkün olmayacaq. Bu hadisə ilə işğal olunmuş və olunmamış ərazilərimiz Ermənistanın helikopterləri üçün qadağan olunmuş məkan kimi elan edildi. Çatdırıldı ki, hava məkanımızı pozan obyektlər dərhal Azərbaycan Ordusu tərəfindən vurulacaq. Bu, beynəlxalq hüquqla da Azərbaycanın haqqıdır. Azərbaycan bu səlahiyyətə beynəlxalq hüquqla malikdir. Hərbi uçuşlar zamanı Azərbaycan Ordusunun öz torpaqlarının üzərindən keçən obyektləri vurması tamamilə qanunidir. Baş verən bu hadisənin həm hərbi, həm də siyasi əhəmiyyəti olacaq. Bu, həm siyasi, həm də hərbi cəhətdən Azərbaycanın xeyrinə işləyən bir hadisə oldu”.
 
 
Demokratrik.Az

Oxşar xəbərlər