Müəllimlərə müjdə: yaş həddi götürülür - Ekspert

  • 27 okt 2017, 14:35

Əmək Məcəlləsinə edilən dəyişiklikdən aydın olur ki, işəgötürən 65 yaşa çatmış işçini - elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan işçilər istisna olmaqla - işdən azad edə bilər. Bu, düzgün dəyişiklikdir. İşçinin əmək fəaliyyətinə yaşla bağlı bir məhdudiyyət qoyulursa, onunla bağlanmış əmək müqaviləsinin xitamı şərtlərində də bu əks etdirilməlidir.

Bu sözləri Axar-az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin oktybrın 31-də keçirilən iclasında 65 yaşına çatmış müəllimlərin işdən azad edilməsi ilə bağlı məsələnin müzakirə edilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu məsələ uzun müddətdir ki, gündəmdə idi:

"Bildiyiniz kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq olaraq 70-ci maddəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də orta məktəblərdə 65 yaşa çatma idi və bu, bir qədər problemlər yaradırdı. Belə ki, uzun müddət peşəkarlıq səviyyəsini, ixtisasının (peşəsinin) kifayət dərəcədə olması üçün çalışan işçilərin hələ də işləmək imkanının olmasına baxmayaraq, onunla əmək münasibətlərinə xitam verilməsi yaxşı deyildi. Çünki bu qədər əmək təcrübəsi olan insanların peşəkarlıq səviyyəsi, bacarıqları hələ çox faydalı ola bilər”.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda 4500 orta məktəbdə çalışan 150 minə yaxın müəllimdən yaşı 65-dən çox olan müəllimlərin sayı maksimum 2 min nəfər təşkil edir:

"Onların sayının az olması və təcrübələrinin çoxluğu hələ də onların faydalı olduğunu deməyə əsas verir. Doğrudur, yaşlı nəslin nümayəndələri texniki vasitələrdən istifadə etməkdə müəyyən qədər problemlər yaşayırlar, lakin onların peşəkar səviyyədə hazırlığı, təcrübələri istənilən texnologiyalardan üstündür”.

Ekspert vurğulayıb ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə görə işçi 65 yaşına çatan kimi işdən azad edilmirdi:

"Əgər onun fəaliyyət göstərmək üçün əmək qabiliyyəti var idisə, müəllim kimi çalışmaq üçün fiziki və psixoloji cəhətdən standartlara və tələblərə cavab verirdisə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar da var idi. Amma bu, heç də hamıya şamil edilmirdi. Məktəblərdə yaşı 65 olan kifayət qədər müəllim hələ də əmək qabiliyyətinə malik olduğu halda onun müqaviləsinə xitam verilirdi”.

Ekspert ümumilikdə bu məsələyə iki aspektdən yanaşmaq lazım olduğunu bildirib:

"İlk növbədə bu dəyişikliyin olması müsbət göstəricidir. Çünki bir sıra müəllimlər var ki, onlar 65 yaşı keçsələr belə, savadlıdır, daim axtarışdadırlar və özlərini inkişaf etdirirlər. Onları 65 yaşdan sonra təhsildən uzaqlaşdırmaqla, Azərbaycan təhsilinə ziyan vurulur. Bu işin mənfi tərəfi isə odur ki, müəllimlərin bir çoxu 65 yaşdan sonra həqiqətən də dərs demək qabiliyyətini itirir. Nəzərə alaq ki, gənc kadrlar çoxdur və buna görə də həmin yaşlı (dərs demək qabiliyyətində olmayan) müəllimləri gənc kadrlarla əvəzləmək daha məqsədəuyğundur. Məsələdən düzgün çıxış yolu isə 65 yaşı tamam olan və dərs keçmək istəyini bildirən müəllimlərin təşkil olunan imtahan və müsabiqələrdən keçməsidir. Bu üsul effektiv olar. Bununla həm savadlı kadrlar seçilər, həm də təcrübəli müəllimləri yenidən qazanmış olarıq və müəllimlərdə daim axtarışda olmağa həvəs artar”.

Ekspert bu dəyişikliyin ali təhsil müəsisələrində çalışan və yaşı 65-dən çox olan müəllimlər üçün yaxşı nəticə verəcəyini qeyd edib:

"Hazırda Azərbaycanda fəaliyyət göstərən 51 ali təhsil müəssisələrində 16 minə qədər professor-müəllim heyəti çalışır ki, onların da orta yaşı 55-dən yuxarıdır. Bir çox hallarda elmi tədqiqat işlərini məhz bundan sonra başladıqları üçün onları 65 yaşdan sonra işdən azad etmək o qədər də müsbət deyildi. Orta məktəbdən fərqli olaraq, ali məktəblərdə elmi dərəcəsi olan kadrlar daha çox faydalı ola bilər”.

Qeyd edək ki, Əmək Məcəlləsinin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Məcəlləyə dəyişiklik Milli Məclisin oktybrın 31-də keçirilən iclasında müzakirə ediləcək.

Oxşar xəbərlər