“Süleyman Dəmirəl dedi ki, sənə 20 min dollar verəcəyəm...” - Ramiz Əsgər

  • 25 okt 2017, 08:38

Demokratik.Az Ramiz Əsgərin Teleqraf.com-a  müsahibəsini təqdim edir.

– Ramiz müəllim, səhv eləmirəmsə, 64 yaşınız var.

– Bəli, elədir.

– Elə insanlar var ki, peyğəmbər qədər yaşamaq istəyirlər. Deyirlər, sonrası nə ola-ola...

– Şimali Qafqazda doğum gününü ancaq uşaqlar üçün qeyd edirlər. Böyüklər isə yalnız 60-70 yaşında doğum günü qutlayır. Onlar da ya ictimai-siyasi xadim, ya da sənət adamı olmalıdır. Siravi vətəndaşlar bir kərə yubiley keçirər. 63 yaşında böyük bir heyvan – dəvə, yaxud da cöngə kəsər. Camaata qonaqlıq verər. Yubilyara söz verildikdə isə deyər ki, Allah sevimli bəndəsi həzrəti Məhəmmədi 63 il yaşadıb. Mən də bu yaşıma qədər gəlib çıxmışamsa, demək, onun sevimli bəndəsiyəm. Bundan sonra nə yaşasam, qənimətdir...

– Siz də elə düşünürsünüz ki, bundan sonra nə yaşasam, qənimətdir?

– Bəli... Amma bizim nəsildə kişilər 80 il və bir neçə ay yaşayırlar. Mən də buna görə arxayın olmuşam...

– Maraqlıdır, Ramiz Əsgər özünü bu cəmiyyətdə necə hiss edir?

– Çox pis!

– Niyə?

– Ayaqlarımda revmatizm var. Ürəyim sağlamdır, amma şəkərim var. Görünür, çox şirin oğlanam... (gülür)

– Şəkəriniz çox yüksək olur?

– 240, 270 və s. Həyat yoldaşımla birlikdə şəkərimə qarşı mübarizə aparırıq. Yoldaşım dərmanımı gətirməsə, heç yadıma da düşmür. Vaxtım yoxdur.

– Şöhrət ordeni, əməkdar jurnalist adına layiq görülmüsünüz... Xarici ölkələrdə medallar, mükafatlar, təltiflər... Və bu qədər tanınmış, ziyalı, ciddi bir şəxsiyyət metro çıxışlarında, universitet həyətində gəzib-dolaşır... Sizcə, ziyalı beləmi olmalıdır?

– Rusların belə bir atalar sözü var: Xoşbəxtlik pulda deyil, pulun məbləğindədir. Bizə də pul versələr, həyətdə gəzib-dolaşmaq daha xoş olar. Daha dərindən fikirləşərəm, hətta düşünürəm ki, Anar müəllim kimi qəlyan da alıb çəkərəm. Amma düzü, özümü yaxşı hiss etmirəm və mənə elə gəlir ki, bizim nəslimiz haqqında əfsanə gerçək olmayacaq. Nəvələrimin 4-5 yaşı var. Məncə, onların toyunu görməyəcəm. Toylarını görsəm də, universitetə qəbul olduqları günü görə bilməyəcəm...

– Nədir sizi yoran? Elmi işlər, tərcümələr?..

– Hər şey! Hərdən fikirləşirəm ki, kaş bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və mən sakitcə uzanıb yatam. Gözlərim işığa çox həssasdır, hər gün beş saat yarım yatıram. Oyanan kimi kompüteri açıb tərcüməyə və ya növbəti əsərə başlayıram. Kaş elə imkanım ola, səkkiz, doqquz saat qaranlıq bir otaqda yata biləm...

– Heç yoxdurmu elə bir imkan?

– Təəssüf ki, yoxdur.

– Allah ömrünüzü uzun eləsin və "qaranlıq otaq” dediyiniz yer məzar olmasın...

– Məzar qapalı, havasız yerdir. Mən deyirəm ki, hava işləsin... (gülür)

– Cabir Novruzun məşhur misrası var: "Sağlığında qiymət verin insanlara”. Necə hesab edirsiniz, siz bir alim, ziyalı kimi öz qiymətinizi alıbsınızmı?

– Bilirsiniz, qiymət həm maddi, həm də mənəvi olur. Təbii, maddi qiymətimi almamışam. Sərvətim, malikanəm yoxdur. Hələ təzə-təzə Xızıda özümə bağ evi tikirəm. Bu günə kimi 61 kitabım çap olunub - 45 tərcümə, 16 orjinal. On il də yaşasam, Əli Şamil demiş, kitab sayını bəlkə yüzə çatdıraram.

Mən jurnalistəm. Moskvada təhsil aldım, erkən parladım, radioda işə başladım. 28 yaşımda "Odlar Yurdu” qəzetinin baş redaktoru oldum. O qəzetə necə can qoyduğumu özüm yaxşı bilirəm. Yazıları ərəbcə, farsca özüm yazırdım. O vaxtlar komputer də yox idi. Mətbəədə yazıları makinada yazırdım deyə, köynəklərim tamam mürəkkəbə batırdı. Bu çap üsulu lap Quttenberq dövründən qalma idi. Orda işlədim, canım da, gözüm də çıxdı. Və əlbətttə, bütün bunlara görə mənəvi dəyərimi aldım. 60 yaşımda Cənab Prezident mənə Şöhrət ordeni verdi...

– Yüksək rütbəli məmurlar sizi tanıyır?

– Doğrusu, hamısının məni şəxsən tanıdığını bilmirəm. Amma adımı eşidənlər yəqin ki, var. Mən hər kitabımın çapından sonra bir neçə nüsxəsini Prezident Aparatına, bəzi nazirliklərə, mütaliə edən bir çox məmurlara göndərirəm. Eyni zamanda Cənab Prezidentə də yollayıram. Çünki mənim kitablarım satışa getmir və bilirəm ki, oxumaq istəyənlər olsa, tapa bilməyəcəklər. Ona görə də özüm göndərirəm.

– Bəs "Şöhrət ordeni” aldığınız xəbərini necə eşitdiniz?

– Yanvarın 10-da 60 yaşım tamam oldu. Ayın 13-ü evə gedirdim, bir dostumdan zəng gəldi və yubileyim münasibəti ilə məni təbrik etməyə başladı. Mən də təşəkkür etdim. Anidən dedi ki, öz aramızdır, yaxşı mükafatdır. Tutuldum, dedim ki, mükafat nədir? Dostum da qayıtdı ki, bəs bilmirsən, Prezident sənə Şöhrət ordeni verib. Soruşdum ki, harda yazılıb? Dedi, istənilən sayta gir, görəcəksən. Tez saytlara girdim, oxudum və məəttəl qaldım. Bu ordeni almağım mənin üçün bir stimuldur. Cənab Prezidentə təşəkkür edirəm.

– Sizə jurnalistlər üçün tikilən binada ev də veriblər. Amma deyirsiniz ki, maddi dəyərimi almamışam. Daha nə istəyirsiniz?

– Bəli, jurnalistlər üçün tikilən birinci binadan mən də ev aldım. Yaxın dostum Rafael Hüseynova zəng etdim. O zamalar cəmi 45 kitabım vardı. Dedim ki, Rəfael müəllim, dövlətim mənə üç otaqlı ev verib. Soruşdu ki, neçə kvadrat metrdir? Dedim ki, üç otaqdır, 85 kvadrat metr edir. Təzədən soruşdu ki, onun bazar qiyməti nə qədərdir? O binada üç otaqlı ev yüz əlli min manatdır. Qayıtdı ki, Ramiz, sən öz hesabına 45 kitab ərsəyə gətirmisən, Azərbaycan sənə dörd yüz əlli min pul borclu idi, onun üçdə birini ödədi. Hələ üz yüz mini qalıb. (gülür)

– Şöhrət ordenini sizə kim təqdim etdi?

– Mikayıl Cabbarov. Mənə gül dəstəsi verdi və mükafatı təqdim elədi.

– Ramiz müəllim, sizə orden verdilər, ev verdilər... Milli Elmlər Akademiyasına sənəd vermişdiniz. Bəs akademik adı niyə vermədilər?

– Sizə bir şey danışım. Mən 2006-cı ildə "Divani-Lüğəti-Türk” kitabını çap elətdirdim. Məhz həmin vaxtda bizim Akademiyanın məsul vəzifəli şəxsləri iclas keçirib deməli idi ki, Ramiz Əsgəri birbaşa akademik seçin. Ona görə ki, 80 il Azərbaycan elmi-ictimai fikri bu hadisəni gözləyib. Ramiz Əsgər anası ölmüş isə bu əsəri sifarişsiz çap elətdirdi. İnanın, heç o kitaba görə qonorar da almadım.

Bir neçə dəfə Süleyman Dəmirəlin yanına getdim. Axı mən Tağı müəllimin metrosu ilə Ankaraya 20 qəpiyə getmirəm. Aşağısı təyyarəyə bilet almaq üçün beş yüz dollar pul lazımdır. Yol xərcim də öz hesabıma idi. Süleyman Dəmirəl kitabın çap xərcini öz öhdəsinə götürdü, amma mən Bakıya qayıdandan sonra səs çıxmadı. Təzədən əlaqə saxladım, yenə söz verdi, amma səs çıxmadı. Nəhayət, Dəmirəlin bu kitabı çap etdirməyə maddi gücü çatmadı və kitabın çapını bizim yüksək vəzifəli məmurlarımızdan biri öz boynuna götürdü.

– Sizə nə qədər pul verildi?

– Kitabın çapı üçün 20 min dollar pul lazım idi. Bir gün bir dostumla görüşdüm, dedi, eşitmişəm ki, "Divani-Lüğəti-Türk”ü tərcümə edibsən. Belə bir tərcümə bizim üçün çox dəyərlidir. Soruşdu ki, çap üçün sponsor axtarırsan? Dedim ki, Süleyman Dəmirəl söz vermişdi, amma alınmadı. Sonra dörd cildlik kitabı həmin dostuma göstərdim və o da elə yanımda kiməsə zəng etdi, dedi ki, bu alimin Dəmirəllə tanışlığı var, kitabın çap üçün söz verib, amma gecikir. Gəl ona biz də kömək edək!

Kitabda Heydər Əliyev və Dəmirəlin şəkillərini yanaşı qoymuşduq. Eyni zamanda kitabın ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf olunduğunu da yazmışdım. Dəmirəl haqqında isə onu yazmışdım ki, "onun yüksək himayəsi altında nəşr edilmişdir. Azərbaycan türkü bunu əsla unutmayacaq”. Bunu Dəmirəl də görmüşdü, "kitab bənim” deyə söz də vermişdi. Amma alınmadı. Bir neçə gün sonra dostum mənə dedi ki, sabah gəl 20 min dolları apar.

– Siz o zamanlar harda işləyirdiniz?

– Jurnalistlər İttifaqında baş katib idim...

– Kitabda sponsor kimi Sülyman Dəmirəlin adı getdi?

– Bəli. Sponsorla bağlı mənə deyildi ki, kitaba adının yazılmağını istəmir. Dedi ki, elə Dəmirəlin adı qalsın. İndi ictimayyət də elə bilir ki, kitab Dəmirəlin hesabına çap olunub.

– İyirmi min dollar pulun hamısını kitabın çapına xərclədiniz, yoxsa özünüzə də qaldı?

– Əlbəttə... Pul kitabın çapına ancaq çatdı.

– Son olaraq... Bayaq bir sual verdim, amma cavab almadım. Sizi niyə akademik seçmədilər?

– "Divani-Lüğəti-Türk” kitabının çapından sonra yazıçı Anar müəllim mənə bir məktub yazdı ki, Ramiz, Azərbaycan bu kitabı 80 ildir gözləyirdi. Bu, o qədər böyük bir xidmətdir ki, hətta Azərbaycan mədəniyyətinin bayramı hesab oluna bilər. Mən də dedim ki, əgər bayram idisə, Milli Elmlər Akademiyası da gərək bu bayramı qeyd edəydi. Eyni şeyi Özbəkistanda Salih Mütəllimov etdi, onu akademik seçdilər.

Mən də çox istərdim AMEA-nın müxbir üzvü olum...

Müəllif: Çinarə Böyükçöl, Kəramət Böyükçöl 

 

Oxşar xəbərlər