Xəbər lenti
Bütün xəbərlər

Ramiz Mehdiyev icra başçılarının müavinlərini Bakıya topladı

  • 28 okt 2014, 22:00
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin oktyabrın 28-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında seminar-müşavirəsi başlayıb.

"AzərTAc” dövlət agentliyinin verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edərək seminar-müşavirənin ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsinə və humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi prosesinə layiqli töhfə verəcəyini bildirib. 

Şəhər, rayon icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri ilə yanaşı Prezident Administrasiyasının struktur bölmələrinin, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, şəhər və rayon icra hakimiyyətləri başçılarının da iştirak etdikləri seminar-müşavirənin keçirilməsində əsas məqsəd humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsidir. 

Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib. 

Sonra R. Mehdiyev Azərbaycan prezidenti İ. Əliyevin sərəncamlarına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş icra hakimiyyəti başçılarının bir qrupuna "Şöhrət” və "3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlərini təqdim edib. 

Daha sonra seminar-müşavirədə Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər. Seminar-müşavirə oktyabrın 29-30-da işini davam etdirəcək.
Oxşar xəbərlər