“Ərdoğan Müaviyənin gedişini elədi...”

  • 17 apr 2017, 18:43
"Türkiyədə keçirilən seçkilərdə kifayət qədər qaranlıq məqamlar var”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu fikri Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Türkiyədə dünən baş tutan referendum haqqında danışarkən səsləndirib.
C.Nuriyev daha sonra qaranlıq hesab etdiyi həmin məqamlara aydınlıq gətirib:
"Çünki seçkinin nəticələrinin saxtalaşdırılması məsələsi gündəmə çıxıb. Xüsusilə Avropa ölkələrində seçkilərnin saxtalaşdırılması məsələsi gündəmdədir. 
İkincisi, Türkiyə elitasının yaşadığı İstanbul, İzmir, Ankara, Antalya kimi böyük şəhərlərdə əhalinin yarıdan çoxu "Yox” dedi. Yəni böyük elita bunu qəbul etmir. 
Üçüncüsü, kürdlərin yaşadığı böyük ərazilərdə Ərdoğan seçkini uduzub. Yəni Ərdoğanın kürd açılımı siyasətinin əks effekt verdiyi gündəmə gəldi.
Dördüncüsü, bu seçki Türkiyədə növbəti qarşıdurma üçün təkan yaratdı. Yəni Ərdoğanla Avropa arasında çox güclü qarşıdurma olacaq. Çünki Avropada olanların əksəriyyəti buna "yox" deyib. Səhv etmirəmsə, dünyada cəmi 3 dövlətdən "hə” cavabı gəlib- Azərbaycan, ABŞ və Avstraliyadan. Bu da o deməkdir ki, dünyanın 3 dövlətində yaşayan Türklər buna müsbət reaksiya verirsə və qalan dövlətlərdəki Türklər bunun əleyhinədirsə, Ərdoğan seçkini necə uda bilərdi?!”
Politoloq qeyd edib ki, bu seçki Türkiyədə kifayət qədər böyük qarşıdurma yaradacaq bir addım oldu: 
"Ərdoğan çıxışında dedi ki, bu seçki bizi birləşdirdi, amma mən belə görmürəm. Məncə, bu hadisə Türkiyədəki birliyi dağıdacaq. 
2019-cu ildə Türkiyənin yenidən seçkilərə gedib, yeni prezident seçməsi bir növ Ərdoğanın ömürlük prezident olmağa çalışması ilə nəticələnəcək. Kimləri də vitse-prezidentlər təyin edəcəyi də hələ bilinmir. Qarşıdurma artan templə gedəcək. Nəzərə alsaq ki, Ərdoğan Atatürklə bağlı bütün məsələləri vurub siyahıdan çıxartdı. Türkiyədə də böyük Atatürk sevgisi var və bunların o sevginin qarşısında dura bilib-bilməyəcəyi məlum deyil. Amma bütün hallarda Ərdoğanın yürütdüyü siyasətdə Türkiyənin xeyrinə heç bir şey görmədim. Təki mən səhv edim.
Ssenari bu şəkildə davam edərsə, Türkiyədə mütləq çevrilişə gətirib çıxara bilər. Türkiyədə hərbi çevriliş də ola bilər, ancaq ən qorxulusu Avropa ölkələrində yaşayan Türklərin həmin ölkələrdən çıxarılması olar. Çünki Avstriya, Almaniya artıq  Türkləri çıxaracaqlarını deyib, Suriyada olanların da Türkiyəyə qayıdıb gəlməsi ölkəyə ağır bəlalar gətirəcək. Ərdoğan Türkiyəni xilas etmək yerinə qorxulu duruma saldı”.
C.Nuriyev vurğulayıb ki, Ərdoğan bu gedişi ilə çox təəssüf ki, tarixi təkrar etdi:
"O vaxt Həzrət Əli müharibəyə gedəndə Müaviyə onu tələyə saldı. Quranın vərəqlərini nizəyə keçirtdi və camaat da Qurana qarşı vuruşmadı. İndi Ərdoğan da həmin addımı atdı, Müaviyənin gedişini elədi. Həmin hadisə o zaman İslama nə qədər böyük zərbə vurmuşdusa, indi də Ərdoğanın gedişi Türkiyəyə həmin zərbəni vurdu. 
Açığı, Ərdoğanın bu gedişi Türkiyəni çox ağır təhlükəyə təhrik elədi. Ərdoğanın yanında olanların da səviyyəsi yüksək deyil, o üzdən kiminlə və hara getdiyi bəlli deyil”. (Rumiyyə)
Oxşar xəbərlər