“Facebookda yoxam, mənimki dədə-baba qaydasıdır” - deputat
"Görürsən biri
qadın şəkli qoyur, başqa familiya altında istədiyi sözü yazır”
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sosial şəbəkələrlə bağlı səsləndirdiyi fikirlər geniş rezonans doğurub. Hakim partiya funksionerinin "sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək”lə bağlı təklif səsləndirməsi təpkilərə də səbəb olub. Məsələnin aktuallığını nəzərə alıb YAP rəsmisinə müraciət edib bu mövzuda söhbət etdik.
- Siyavuş bəy, internet mediası ekspertləri sizin dediklərinizin əleyhinə
çıxdılar. Hesab olunur ki, sizin status və şərhlərə görə şəxsiyyət vəsiqəsi
tələb etməyiniz söz azadlığı, insan haqlarına qarşıdır. Bununla əlaqədar sizin
fikriniz necədir?
- O insan haqlarına qarşıdırsa, elə bu birisi də insan haqlarına qarşıdır da.
Tutaq ki, hər hansı bir sayta müsahibə verirsən, ona şərh yazan təhqirə yol
verir və onun kimliyi bəlli olmur. Bu, insan haqlarının pozulması deyilmi?
Təbii ki, pozulmasıdır. Şərəf və ləyaqətin qorunması birinci yerdə gedir.
İkinci tərəfdən, dövlət əleyhinə işlərin aparılması, bununla bağlı
materialların yayılması yolverilməzdir. Aprel döyüşləri və elə son döyüşlərlə
əlaqədar - hansı ki, 5 şəhid verdik, düşmən də onlarla itki vermişdi - Ermənistan
mənbələrinin yaydığı məlumatı Azərbaycanda yaydılar.
Bəllidir ki, Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığı, siyasi böhran və s. əlaqədar işğalçı ölkə çalışır ki, bu böhranı sərhəd bölgəsinə, təmas xəttinə çəksin və bununla da daxildə sakitlik yaratsın. Ancaq bəziləri yazdı ki, Azərbaycanda aprel döyüşləri ona görə baş verdi ki, burada sosial-iqtisadi vəziyyət ağır idi və nəticə etibarilə insanları sakitləşdirmək üçün belə bir əməliyyat keçirildi. Biz hamımız şahidiyik ki, insanlarımız ordumuzla necə həmrəy oldular, gənclərimiz ayağa qalxdı. Ermənistanda belə bir rəy formalaşmışdı ki, azərbaycanlılar artıq Qarabağı yaddan çıxarıblar, yeni nəsil formalaşıb, bu sindrom aradan qalxdı. Yaxud başqa dövlətlərin onlara kömək edəcəyi barədə iddialar alt-üst oldu. Erməni cəmiyyəti artıq vəziyyəti başa düşdü. Görürsünüz ki, seçki kampaniyasında əsas şüarlardan biri Azərbaycanla sülh müqaviləsinin imzalanması şərtini ortaya qoyublar.
- Vətən, millət məsələləri təbii ki, önəmlidir və sizinlə razılaşmaya bilmərik.
Amma sizin rezonans doğuran fikriniz var ki, şəxsiyyət vəsiqəsi ilə şərh
yazmaq, bu, anlaşılan olmadı.
- İnternet saytının rəhbərliyi bu məsələyə cavabdehlik daşımalıdır.
- Kənar şəxslər şərh yazırsa, buna internet mediasının rəhbəri necə cavabdeh
ola bilər?
- Biz neçə illər ərzində jurnalistika ilə də məşğul olmuşuq, siyasətlə də.
Üslubundan da bilirik bu, hansı cinsə məxsus fikirdir. Amma görürsən biri qadın
şəkli qoyur, başqa familiya altında istədiyi sözü yazır. Burada söhbət
təhqirdən gedir. Amma təhqir olunan vətəndaş öz hüququnu müdafiə edə bilmir.
İndi o, hansı addımı atmalıdır?
- Müasir dövrdə başqa adla yazmağından asılı olmayaraq, şəxsin kimliyini
araşdırmaq müvafiq qurumların əlində elə də çətin deyil...
- İndi hər şeyə görə müvafiq quruma müraciət etmək olmur ki...
- Yəni çıxış yolu rəsmiləşdirmənin aparılmasıdır?
- Bunun iki variantı var: ya internet medianın sahibi bu məsələyə görə
cavabdehlik daşımalıdır, onu orda yerləşdirməməlidir, ya da kim yazırsa,
imzasını qoymalıdır. "Böyük dayaq” filmində deyir: "Yazırsan, yaz, heç olmasa
altından imzanı qoy”. Yəni hər kəs də imzasını qoysun, filankəsəm mən,
vəssalam. Bəlkə mən onun yazdığına izahat verəcəyəm, deyəcəyəm ki, doğru
deyirsən.
- Saytlardakı yazılara verilən şərhlərlə bağlı dediklərinizin qəbul edirəm,
təhqirlər onsuz da şərh bölümünə buraxılmır. Ancaq status və şərhlərlə bağlı
eyni tələbi, məsələn, facebook sosial şəbəkəsinin yaradıcısı olan Mark
Zukerberqin qarşısında qoymaq mümkün deyil axı. Bu barədə nə təklif edirsiniz?
- Aydındır. Bunun da dünyada müxtəlif metodları, vasitələri var. Mən hesab
edirəm ki, bu məsələləri tənzimləmək mümkündür. Ümumiyyətlə, siz də gözəl
bilirsiniz ki, burada daha çox Avropada yaşayan şəxslər iştirak edir. Hansılar
ki, bu və ya digər ad altında Azərbaycandan qaçıblar. Elə bu yaxınlarda sizin
qəzetdə də getdi ki, siyasi sığınacaq almalarından ötrü hərəsinin kağızına bir
möhür vurublar. Hansı ki, heç bir partiyanın üzvü deyillər. Bunların bir
hissəsi də bu işlə, təhqir yazmaqla məşğuldur.
- Amma belələrini aşkarlayıb cəzalandırmaq çətindir...
- Onlar arxayındır ki, məhkəməyə verilə bilməyəcəklər. O baxımdan da çox rahat
şəkildə istənilən şəxsi təhqir edir, dövlət əleyhinə materiallar yayırlar,
Azərbaycan xalqı, cəmiyyətimizlə bağlı qanunsuz fikirlər irəli sürürlər. Ona
görə də bunların qarşısı alınmalıdır.
- Hansı yollarla? Bu barədə düşünmüsünüzmü?
"WikiLeaks” birdəfəlik hamıya dərs olmalıdır” |
- Bunun mexanizmini yəqin ki, aidiyyəti strukturlar müəyyənləşdirə bilər.
- Siyavuş bəy, siz adətən, səs-küyə səbəb olan təklifləri irəli sürəndə
dedikləriniz qanunvericilik təşəbbüsünün anonsu kimi qəbul olunur. Bu dəfə
söylədikləriniz gələcəkdə qanuniləşə bilərmi?
- Təbii ki... Birinci növbədə mən bu məsələni qaldırdım ki, antidövlət, antimillət
meylləri, dövlətin təhlükəsizlik sistemi ilə bağlı məsələlər ciddi şəkildə
nəzarət altına alınmalıdır. Düzdür, informasiya təhlükəsizliyi haqqında qanun
var. Amma görünür, burada boşluqlar olduğu üçün bundan sui-istifadə edirlər.
- Bu, sizin öz fikriniz, təşəbbüsünüzdür, yoxsa...
- Mənim şəxsi fikrimdir.
- Yəni mümkündür ki, gələcəkdə şərh yazanlardan şəxsiyyət vəsiqəsinin nömrəsi
tələb oluna bilər?
- Hansısa formada bunun mexanizmi tapılmalıdır. Yenə deyirəm, mən şərhlərin,
dialoqun əleyhinə deyiləm. Lakin dialoq etik çərçivədə olmalıdır.
- Bəs siz özünüz facebook-da varsınız?
- Yox, mən Facebook-da yoxam. Mən o işlərə qarışmıram, mənimki dədə-baba
qaydasıdır. (gülür).
- Amma facebook-da nələr baş verdiyindən xəbərsiz də deyilsiniz...
- Bəli.
- Bəs hardan bilirsiniz? Başqa adla girirsiniz?
- Yox. Böyük təşkilatıq da, hər şeydən məlumatımız var.
- Bəs gələcəkdə facebook-da səhifə açmağı düşünmürsünüz?
- Nə facebook-da, nə twitterdə, nə də digərində. Bunların heç biri özünü
doğrultmayacaq. Həyat bunu göstərəcək. "WikiLeaks" birdəfəlik hamıya
dərs olmalıdır.
Elşad PAŞASOY
