Eldar Namazov: “Müharibə ehtimalı 90 faizə yaxındır”
"Ermənistanın siyasi rəhbərliyi artıq siyasi qərarını
verdi ki, torpaqları qaytarmalı olacaqlarsa, qoy Azərbaycan bunu müharibə yolu
ilə alsın, nəinki biz onun altından imza ataq”
Daha bir erməni alim Bakıda təsis olunan "Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğunu açıqlayıb. Azərbaycan maraqlı bir proses başladıb, ancaq işğalçı ölkə bu prosesi ya sükutla müşayiət edir, ya da vaxtaşırı cəbhədə gərginliyi artırmaqla, təxribatlar törətməklə "reaksiya verir”. Sülh Platforması ilə bağlı Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazovla danışdıq.
- Eldar bəy, Azərbaycan tərəf işğala məruz qalsa da, sülh tərəfdarı kimi
prinsipial mövqe sərgiləyir, ancaq işğalçı ölkənin rəhbərliyi sanki bu prosesi
görməzdən gəlir. Siz bu prosesi necə dəyərləndirirsiniz?
- Aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində çox ciddi parçalanma
meydana gəlib. Hiss olunur ki, Ermənistan hakimiyyəti özü artıq siyasi qərar
verib ki, danışıqlar yolu ilə heç bir güzəştə getməyəcəklər və onlar torpaqları
sülh yolu ilə azad etməyə hazır deyillər. Bu, onun göstəricisidir ki, onlar əslinə
qalsa, qorxu içindədirlər.
Onlar pis və ondan da pis variant arasında seçim etməli olurlar. Onlar üçün müharibə yolu ilə torpaqları qaytarmaq daha məqbul sayılır, nəinki sülh, danışıqlar yolu ilə. Ona görə ki, biz torpaqları müharibə ilə qaytarsaq, onlar həmişə müxtəlif bəhanələr tapacaqlar ki, "neftimiz, qazımız yoxdur, Rusiya köməklik eləmədi”. Ancaq sülh, danışıqlar yolu ilə torpaqların azad olunmasının altına imza atmaqdan onlar daha çox qorxurlar. Qorxurlar ki, radikal, millətçi qruplar tərəfindən hətta terrora da məruz qala bilərlər və onların üzərinə milli xəyanətkar damğası da vurula bilər. Ona görə də mənə elə gəlir ki, Ermənistanın siyasi rəhbərliyi artıq siyasi qərarını verdi ki, torpaqları qaytarmalı olacaqlarsa, qoy Azərbaycan bunu müharibə yolu ilə alsın, nəinki biz onun altından imza ataq.
Amma Ermənistan cəmiyyətində başqa istiqamətdə bir canlanma yarandı. Bir tərəfdən
Levon Ter-Petrosyan bəyan etdi ki, "mərhələli plan”la sülh sazişi
imzalanmalıdır və bu şüarla da biz seçkilərə gedirik. Artıq belə bir siyasi
blok formalaşıb, "mərhələli plan”a dəstəklə parlament seçkilərinə gedir. Siz də
bilirsiniz ki, biz rəsmi olaraq "mərhələli plan”ı dəstəkləyirik. Vaxtilə Heydər
Əliyevin dövründə də, Ter-Petrosyan hakimiyyətdə olanda da onlar hər ikisi mərhələli
plana razılıq vermişdilər. Başqa bir istiqamətdə ümumiyyətlə "sıfır”
variantına, 80-ci illərin əvvəllərinə qayıtmaq ideyasıdır ki, bu, ermənilər tərəfindən
bir yanlış addım olub, torpaqlar qaytarılsın və erməni icması da Azərbaycanın tərkibində
muxtariyyət statusu alsın. Bax, erməni cəmiyyətində belə bir parçalanma
mövcuddur və biz bunu görürük. Ona görə də cəbhə bölgəsində müxtəlif təxribatlar
törədirlər, bunlar Ermənistan hakimiyyəti tərəfindən təşkil olunur. Ancaq Ermənistanın
içərisində başqa istiqamətdə də müəyyən parçalanmalar mövcuddur. O cümlədən siz
dediyiniz kimi, Ermənistan cəmiyyətində Sülh Platformasına qoşulanlar da
gün-gündən artır.
- Eldar bəy, Azərbaycan cəmiyyətində də bəzən Sülh Platforması ilə bağlı
etirazlar ifadə olunur, bunu barışıq, təslimçilik kimi qələmə verənlər var. Siz
yəqin ki, bu platformanın məram-məqsədindən məlumatlısınız. Narahatlığa əsaslar
varmı?
- Təəssüf ki, Azərbaycanda bir çoxları Sülh Platforması ilə geniş tanış deyil.
Müxtəlif bəyanatları eşidirlər ki, o platformaya filankəs qoşuldu, çünki
sülhün, diplomatik yolla həllin tərəfdarıdır. Cəbhə bölgəsində olan insanlarda
etiraz edir ki, döyüşlər gedir, biz şəhid veririk, hansı sülhdən söhbət gedə
bilər. Ancaq bir çoxları bilmir ki, o sənəddə nələr əksini tapıb. O sənəddə
konkret qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət
statusu alır, qaçqınlar doğma yurd-yuvalarına qayıdır. Yəni bu sənəddə Azərbaycanın
istədiyi bütün məqsədlər, bizə lazım olan bəndlər mövcuddur.
- Şəxsən siz Sülh Platformasına qoşulacaqsınızmı?
"Erməni cəmiyyətində məhz aprel döyüşündən sonra ikinci müharibədən canlarını qurtarmaq, sülh yolu ilə Azərbaycan və Türkiyə ilə barışmaq yolu tutan adamlar çoxalıb” |
- Bu yaxınlarda bizim Qarabağ Şurasının növbəti iclasında ölkənin tanınmış
ekspertlərinin iştirakı ilə müzakirə olunurdu.
Ümumi rəy o oldu ki, bu sənədə dəstək vermək və beynəlxalq qurumlarla danışıqlarda bu sənəddən istifadə etmək lazımdır. Qarabağ Şurası da bununla bağlı qərar qəbul etdi. Daha vacib olan odur ki, Ermənistan tərəfdən insanlar bəyanat verib bu sənədə qoşulurlar. Bu, onu göstərir ki, erməni cəmiyyətində məhz aprel döyüşündən sonra ikinci müharibədən canlarını qurtarmaq, sülh yolu ilə Azərbaycan və Türkiyə ilə barışmaq yolu tutan adamlar çoxalıb. Bir tərəfdən Ermənistan hakimiyyəti öz məkrli niyyətlərini həyata keçirir, faktiki olaraq bizi müharibəyə sövq edir. Ancaq eyni zamanda Ermənistan cəmiyyəti də həm güclərin balansını daha dəqiq başa düşür, eyni zamanda erməni cəmiyyətində vaxtilə buraxılan səhvləri etiraf edib Azərbaycanla, Türkiyə ilə barışığa getmək meylləri güclənib.
- Beynəlxalq aləmin, aparıcı paytaxtların Sülh Platformasına reaksiyası da
adekvat deyil. Sanki onlar da Bakının bu addımını gözləmirmişlər və Azərbaycanın
sülhə yönəlik konkret təşəbbüslərini sükutla qarşılayırlar. Niyə?
- Təbii ki, erməni təbliğat maşını bu təşəbbüsün əleyhinə bütün dünyada işləyir.
Ancaq Qarabağ kimi ciddi problemlə üz-üzə qalan xalq olaraq gərək biz də nəzərə
alaq ki, bunun yalnız hərbi, yaxud yalnız sülh yolu yoxdur. Bütün hallarda
bunun həlində güc amili, həmçinin müəyyən bir diplomatik addımlar, təbliğat da
öz rolunu oynamalıdır. Gücün olmayanda təbliğat aparmağın da mənası yoxdur,
diplomatik səylər də nəticə verməyəcək. Yalnız gücdən istifadə edəcəksənsə, o
gücdən istifadə edəndə bunun təbliğatını düzgün qurmayacaqsansa, bunun ətrafında
diplomatik addımlar atmayacaqsansa, o da dünyada düzgün başa düşülməyəcək. Ona
görə də biz hər iki istiqamətdə ciddi işləməliyik. Həm ordunun daha da güclənməsi
və işğalçıya layiqli cavabın verilməsi, torpaqlarımızın azad olunmasına tam
hazır olmalıyıq, eyni zamanda dünya ictimaiyyəti, beynəlxalq təşkilatlarla həm
diplomatiya sahəsində, həm vətəndaş cəmiyyəti səviyyəsində işlərimizi
qurmalıyıq.
Bu, yeni təşəbbüs olduğuna görə təbii ki, onun mahiyyətini dünya ictimaiyyətinə addımbaaddım çatdırmaq üçün vaxt lazımdır. Yəqin ki, bu işlərin aparılmasında bizim Qarabağ problemi üzrə tanınmış mütəxəssislər, ekspertlər də öz səylərini əsirgəməyəcəklər.
- Eldar bəy, Qarabağ münaqişəsi başlayandan Azərbaycanın dəfələrlə sülhə yönəlik
addımları olub, ancaq işğalçı tərəf sülh jestinə silahla qarşılıq verib, hətta
1991-ci ildə danışıqlara gedən dövlət xadimlərimizi məhv ediblər. Budəfəki sülh
təşəbbüsü nəticə verməsə, nə baş verəcək? Hesab etmək olarmı ki, Azərbaycan
işğala son vermək üçün Ermənistana sonuncu dəfə şans verib?
- Mən hesab edirəm ki, müharibə ehtimalı günü-gündən artır. Aprel döyüşlərindən
sonra sizin qəzetinizdə bu mövzunu müzakirə edəndə mən qeyd etmişdim ki,
diplomatik canlanma olacaq, ancaq müharibə ehtimalı yenə də təxminən 70-in 30-a
nisbətində üstünlük təşkil edir. İndi bu nisbət daha çox dəyişib. Artıq müharibə
ehtimalı 90 faizə yaxındır. Dedim kimi, Ermənistan hakimiyyəti artıq öz qərarını
verib ki, onlar sülh sazişinə imza atmaq istəmirlər. Torpaqlar Azərbaycana
qayıdacaqsa, bunun da hərbi yolla baş verməsini az ziyanlı sayırlar, nəinki
danışıqlar yolu ilə olmasını. Ona görə də müharibə ehtimalı daha da artır.
Ancaq nəzərə alsaq ki, Ermənistan cəmiyyətində müəyyən parçalanmalar var, bəzi siyasi partiyalar tərəfindən Azərbaycan və Türkiyə ilə barışığa açıq çağırışlar edilir, bu ideya ətrafında seçki blokları yaradılır, vətəndaş cəmiyyətindən Sülh Platformasına qoşulanlar artır. Bütün bunları nəzərə alaraq, biz həm Ermənistan cəmiyyəti, həm də beynəlxalq təşkilatlarla təbliğat və diplomatik işimizi gücləndirməliyik. Dediyim kimi, bu qələbədə həmişə güc amilinin də, həmçinin diplomatik səylərin də, təbliğat işlərinin də öz rolu və payı olur. Ona görə də bu vacib istiqamətlərdə biz öz işlərimizi aparmalıyıq.
Elşad PAŞASOY
