Xəbər lenti
Bütün xəbərlər

Mahir Qabiloğlunun “SANDIQ” kitabı

  • 17 okt 2015, 16:48

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun növbəti,  "SANDIQ” adlı  kitabı çapdan çıxıb. Bura yazıçının 2014-2015-ci illərdə yazdığı bədii-publisistik yazıları daxil edilib.

"Bakı Çap Evi”ndə nəşr olunan kitabın redaktoru Eldəniz Elgün, bədii tərtibçi və korrektoru Azər Aydın, naşiri Zaur Qafarzadədir.  Xatırladaq ki, bu, müəllifin ("Atam Qabilin qəribə əhvalatları” (2011), "Ərmən – Şuşanikin sevgisi”(2014), "Cəncəhim”(2014), "Qurd yağı” (2015)) sayca 5-ci kitabıdır

Mahir Qabiloğlu "Müəllifdən” bölümündə kitabın adını niyə məhz "Sandıq” qoymasını belə izah edib:

""SANDIQ” qədim sözdür. Nənəmin də sandığı vardı. Həmişə üstünə nimdar salıb oturardı. Biz nəvələrinə pul və ya hədiyyə verəndə üstündən yerə düşər, dizi üstə çömbələr, sandığın qıfılını  açardı.

Heç kim bilməzdi ki, bu sandıqda başqa nələr var. Sandıq bir sirrixuda idi bizim üçün.  Bəzi rayonlarda, kəndlərdə bu gün də gəlinin cehizinə  sandıq qoşurlar.

Sandığın yanında sandıqça da olur. Bunu indi mücrü də adlandırırlar. Sandıqçaya qızıl, pul, digər qiymətli əşyalar da qoyulur. İndi pul qabı,”koşelyok” adlandırdığımız əşya da keçmişdə sandıqça adlandırılıbmış. Sandığın mənası çoxdur. Əsgərlikdə avtomata gülləylə dolu "maqazin” qoşurdum. Sonra bildim ki, Azərbaycanca "maqazin”ə "sandıq” deyilir. 

Fotoaparatın da sandığı olur. Sandıq sanki bir "taynik”, gizlincdir. Müasir dildə desək seyf. Məhz bu mənası ədəbiyyata da öz təsirini göstərib. "Sandıq ədəbiyyatı” deyilən qeyri-rəsmi janrın adı da burdan meydana gəlib.

Bizim evdə də bir "sandıq” var. Miras qalıb mənə.

"Sandıq” sözünü niyə dıqnaq arasında verdim? Çünki məcazi məna daşıyır. Gözlə görünmür. Beynimdə, yaddaşımdadır. Bu, Qabildən və digər yazıçı qonşu-əmilərimdən, yaşadığım 49 illik həyatdan  mənə qalan "Sandıq” – sandıq ədəbiyyatıdır.  Hərdən qıfılını açıb, içərisindəkiləri bir-bir azadlığa buraxıram.

Ona görə də bədii-publisistik yazılarımın toplandığı növbəti kitabımın adını da məhz "SANDIQ” qoydum. Oxuyun, qiymətləndirin”.