“Ortaq türk əlifbası Qazaxıstandan gəldi”, – deyə bilərik

  • 31 yan 2021, 23:09
10 may 2011-ci ildə elan etmişdik bunu. O vaxtlar başçılıq etdiyim Yeddi Dövlət – Bir Millət Konseyi olaraq bir gün sonra – 11 maydan başlayaraq bütün yazı-pozumuzu ortaq türk əlifbasında gerçəkləşdirdik. Məqsədimiz o idi ki, türk xalqları mümkün qədər tez bir-birinə qovuşsun, özəlliklə də dilimizin ortaqlaşması sürətlənsin.
Bizim inancımıza görə, türk xalqlarının birləşib ortaqlaşmasının ən birinci addımı ortaq əlifba olmalıdır. Lakin təəssüflər olsun ki, uzun illərdir bunu müzakirə edirik, bir ortaq seçənək üzərində ortaq məxrəcə gələ bilmirik.
Əldə olan bilgilərə görə, hələ doxsanıncı illərin başlarında dəyərli bilim adamımız Firudin Ağasıoğlunun da təşəbbüs və qatqısıyla 34 hərfli ortaq türk əlifbası geniş müzakirə edilib. Ancaq dövlətlərimiz bu məsələdə tənbəl davrandığı üçün ciddi nəticələr əldə etmək mümkün olmayıb.

Təklif etdiyimiz ortaq türk əlifbası
Sonrakı illərdə də bənzər çalışmalar olub. Özü də çox. Sonuc isə yenə də eyni. Biz də bu durumu göz önünə alaraq 2 mininci illərdə əlimiz və səsimiz çatan türk xalqlarının təmsilçilərilə müzakirələr sonucu ortaq əlifba məsələsini yenidən gündəm etmişdik. Hətta o həddə qədər ki, əsas türk xalqlarının (dövləti olanların) əlifba və dillərini müqayisə edərək ən uyğun 34 hərfli ortaq əlifba layihəsini təqdim etmişdik. Əslində, yeni bir kəşf də deyildi bu. Elə hörmətli Firudin Ağasıoğlunun da üzərində çalışdığı əlifba idi sonucda. Demək ki, düz yoldaydıq, araşdırma və təhlillərimiz düzgün aparılmışdı ki, ən uyğun ortaq əlifbanın üzərində dayanmışdıq.
Sonrakı mərhələdə dövlətlərimizə çağırışlarımız oldu ki, ortaq əlifba məsələsində bir az çevik davransınlar və nəhayət ki, bu məsələ kökündən həll edilsin. Ancaq yenə də təəssüflər olsun ki, məsələ həllini tapmadı. Bu işlə məşğul olacaq yetkililərimiz mövzunu ya anlamadılar, ya da ümumiyyətlə belə hisslər onlara yad olduğu üçün tüklərini belə tərpətmədilər. Ona görə də biz 11 may 2011 tarixindən başlayaraq o zamanlar fəal olan yalquzaq.com xəbər və təhlil saytımızda ortaq əlifbadan istifadə etdik.
Bilənlər bilir, bilməyənlər üçün deyək ki, yalquzaq.com türk dünyasından tərcüməsiz yayımla məşğul idi. Yəni biz tatarca, qazaxca, başqurdca, özbəkcə, uyğurca və bütün türk ağızlarında olan yazılarımızı yalnız ortaq əlifbaya çevirərək yayınlayırdıq. Maraqlısı da odur ki, saytımız əməlli-başli oxucu çevrəsi toplamışdı. Bununla belə, bir sıra maddi problemlər üzündən 2016-cı ildə bu çalışmalarımızı dayandırmalı olduq. Daha doğrusu, saytımızın yenilənməsini. İndi aradan bu qədər vaxt keçib, lakin hələ də saytımız oxucu cəlb etməkdədir. Yenilənmir, lakin izlənilir.
Saytımızı işlədə bilməsək də ortaq əlifba məsələsindən vaz keçmədik. Əvvəlki dönəmlərdə başladığımız işi davam etdirdik.
…Yadımdadır, hələ 2013-cü ilin martında Qazaxıstanın latın əlifbasına keçidi ilə bağlı bir yazım olmuşdu. Orijinal rusca yazılmış yazı sonradan qardaş ölkədə qazaxcaya da çevrilmişdi. Başlığı “Biz yanıldıq, siz yanılmayın” olan yazıda qardaş ölkəyə çağırış edilirdi ki, latın əlifbasını qəbul edərkən bunu elə ortaq türk əlifbası kimi işləyib hazırlasınlar. Yəni biz – Azərbaycan və digər türk dövlətləri latına keçərkən bunu nəzərə almadığımız üçün səhv etmişdik. Qazaxıstan isə o səhvdən qaça və bütün türk dünyasına çox böyük xidmət göstərə bilərdi.
O yazı bütün türk dünyasında geniş marağa səbəb olmuşdu. Qısa bir müddətdə 30-dan artıq saytda rus və qazax dillərində dərc edilmişdi. Sonrakı illərdə dostlar xəbər vermişdi ki, hətta bir sıra qazax qəzetləri də onu dərc edibmiş. Demək ki, düzgün yanaşma sərgiləmişdik və qazaxlar da daxil olmaqla bütün türk dünyasında insanlar bizim bu çağırışımızı sıcaq qarşılamışdılar.

Darhan Qıdırəli
Bu günə gələnə qədər Astana mərkəzli Xalqlararası Türk Akademiyasının prezidenti, dəyərli bilim adamı – qardaşımız Darxan Qıdırəli də məsələylə ürəkdən və ciddi məşğul olmaqdaydı. O da başçılıq etdiyi qurum adına məsələnin üzərinə təkidlə gedir, ortaq türk əlifbasının bir gerçəyə çevrilməsi üçün doğma yurdu Qazaxıstan başda olmaqla türk dünyasında çalışmalar həyata keçirirdi. Bütün türk dünyasında çox sevilən bu aydın insan təkcə əlifba məsələsində deyil, ortaq tarix, ortaq ədəbiyyat və bu qəbildən olan ortaqlıqlar üçün günü bu gün də yorulmadan çalışmaqdadır.
Darxan bəy bugünlərdə sevinclə Qazaxıstanın latın əlifbasıyla bağlı son qərarını da paylaşıb müəyyən fikirlərini diqqətə çatdırdı. Bəlli oldu ki, Qazaxıstan bizim kimi insanların çağırışlarını da nəzərə alaraq illər öncə təqdim etdiyi latın əlifbasının üzərində ciddi iş aparıb, onu demək olar ki, ortaq türk əlifbası kimi ərsəyə gətirib. Düzdür, cüzi də olsa fərq var, lakin indiki halda ən məqbul əlifbadır bu.
Biz də Qazaxıstanın təqdim etdiyi ən son əlifba ilə tanış olduq. Alqışlayırıq. Demək olar ki, bütün türk xalqlarının istifadə edə biləcəyi ortaq bir əlifbadır. İstənilən türk xalqı rahat şəkildə onu götürüb öz dilinə tətbiq edə bilər.

Yeni qazax əlifbası
Əlifba 31 hərfdən ibarətdir. Əlavə ehtiyaclar da nəzərə alınaraq daha 3 hərf də layihədə yer alır. Bunlar c, x və w hərfləridir. Bir də uzun illərdir bizim də dəyişdirilməsini istədiyimiz ə hərfi ä ilə təqdim edilib. Bu, yaxşı bir seçimdir və yaxşı olar ki, Azərbaycan da o seçimə getsin. Qazaxıstan bu əlifba məsələsini tam olaraq 2025-ci ildə bitirməyi planlayır. Düzdür, 1991-də qazanılmış müstəqillikdən sonra çox uzun bir müddət sayılır. Amma “gec olsun, güc olmasın”, deyib xeyirli-uğurlu olmasını diləyirik.
Bizi sevindirən odur ki, qardaş ölkə nəhayət ki, bu məsələdə son qərarını verdi. İkinci əsas məsələ də odur ki, Qazaxıstan tək başına ortaq türk əlifbası məsələsini həll edir. Üçüncüsü isə odur ki, bu işdə az da olsa bizim yerimiz, rolumuz oldu. Özüylə-sözüylə, canıyla-qanıyla türk olan hər kəs bunu arzu edir. Belə bir işdə bizim də azacıq belə qatqımızın olması, əlbəttə ki, sevindirməyə bilməz.
Yeri gəlmişkən, niyə əlifba məsələsinin üzərində bu qədər əsdiyimizin səbəbini də təkrar qeyd etmək istərdik.
Bizim inamımıza görə, ortaq türk dilinə gedən yol məhz ortaq əlifbadan başlamalıdır. Necə ki, orta yüzillərdə bir çox türk xalqları ərəb əlifbasından ortaq şəkildə istifadə etdiyi üçün arada dil və anlaşma problemi yox idi, bundan sonra da ortaq latın əlifbasına keçməklə ortaq dil məsələmizin həllinə çox ciddi töhfə vermiş olacağıq. Yəni əlifba ortaq olunca türk xalqları bir-birini oxuyub anlamaqda elə də çətinlik çəkən deyil.
Əlifba ilə bərabər daha bir təklifimiz də vardı. Biz, türk dünyasındakı yer adlarının tərcüməsiz – uyğunlaşdırılmadan yazılmasının tərəfdarıyıq. Örnək üçün, niyə Bakı şəhərinin adı Türkiyədə Bakü kimi yazılmalıdır? Qoy elə onlar da Bakı yazsınlar. Eyni qaydada biz Kuzey Kıbrıs Türk Cümhuriyyətinin adını Şimali Kirp Türk Respublikası kimi “tərcümə” etməməliyik.
Yer adlarıyla bərabər şəxs adları da olduğu kimi yazılmalıdır. Yəni Mustafa Kemal Atatürk. Daha bizdə olduğu kimi “Kamal” deyil.
Əlifbanın ardından bu iki məsələ də həllini tapınca türk xalqlarının qovuşması daha da sürətlənəcək. Ki, buna çox ehtiyacımız var, çox.
Azər HƏSRƏT
Oxşar xəbərlər